Bu gün “Libraff” kitab mağazasının Hüseyn Cavid prospektindəki filialının açılış mərasimi keçirilib.
Mərasimdə Xalq yazıçısı Çingiz Abdullayev, Avropa Azərbaycan Cəmiyyətinin (AAC - TEAS) sədri və təsisçisi Tale Heydərov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımlı, Əflatun Amaşov, Hikmət Babaoğlu, Aqil Abbas, Ailə, Qadın, Uşaq komitəsi sədrinin müavini Aynur Sofiyeva, Real TV-nin rəhbəri Mir Şahin, ATV-nin rəhbəri Azər Xəlilov, Əməkdar artist Tahir İmanov, Bəhram Bağırzadə, tanınmış yazıçılar, mədəniyyət və elm xadimləri, ədəbiyyatsevərlər, jurnalistlər istirak edirdi.
AAC-nin sədri və təsisçisi Tale Heydərov açılış nitqində bildirib ki, bu, Azərbaycandakı ən böyük “Libraff” mağazasıdır. O, mağazanın üstünlüklərindən, yeniliklərindən bəhs edib: “Libraff” mağazaları Bakının müxtəlif yerlərində, ticarət mərkəzlərində, hava limanında və Gəncədə oxucuların ixtiyarına verilib. Biz bu layihəni yaradarkən qarşımıza müxtəlif məqsədlər qoymuşuq. Kitab satışı ilə bərabər, Azərbaycanda ədəbiyyatın və mütaliənin inkişaf etdirilməsi bizim layihənin əsas funksiyalarından biridir. Bu mağazanın yerindən tutmuş, xidmət tərtibinədək hər şey məqsədəuyğun seçilib. Oxucular yalnız kitab almaq deyil, eyni zamanda burda mütaliə etmək şansı əldə edəcəklər. Bura kitab mağazası olmaqla bərabər, həm də kitabxana kimi fəaliyyət göstərəcək. Bu layihə ilə Azərbaycanda kitab ticarətinin inkişafını da qarşımıza məqsəd qoymuşuq. İnanırıq ki, bura oxucuların ən sevimli kitab mərkəzlərinin birinə çevriləcək".
T. Heydərov əlavə edib ki, “Libraff” kitab mağazalarının təşkilində “TEAS Press”in yaradılmasının böyük rolu olub: “Artıq bizim müxtəlif brendlər - “Teas Press”, “Üç alma” və “Yay” brendləri oxucular arasında böyük rəğbət qazanıb. Bu brendlər təkcə Azərbaycanda deyil, ölkədən kənarlarda da rəğbəti qazanıb. Artıq fəxrlə deyə bilərik ki, “TEAS Press” Türkiyədə ilk onluğa daxil olub".
TEAS sədri bununla bərabər, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar müxtəlif kitabların təqdimatını təşkil etdiklərini də qeyd edib: "Bildiyiniz kimi, cənab prezident İlham Əliyev 2018-ci ili Azərbaycanda "Cümhuriyyət ili elan edib", bununla bağlı müvafiq sərəncam imzalayıb. Bu il Cümhuriyyətlə bağlı müxtəlif tədbirlər keçirilməkdədir. Bu tədbirlərə Avropa Azərbaycan Cəmiyyəti olaraq biz də qoşulmuşuq, müxtəlif kitabların çapına start vermişik. Bunlardan ən böyüyü ilk dəfə Türkiyə arxivinə və mətbuatına əsaslanıb hazırlanmış, Azərbaycan Xalq Cümhuriyyətiilə bağlı dörd cildlik kitabdır. Bundan əlavə, 1923-1927-ci illəri əhatə edən və Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə nəşr olunmuş dörd cildlik “Yeni Kafkasiya” dərgisini də çap etmişik”.
Mədəniyyət nazirinin müavini Vaqif Əliyev “Libraff” kitab mağazasının açılışını yüksək qiymətləndirib, bunun Azərbaycan ədəbiyyatı və oxucular üçün böyük töhfə olduğunu deyib: “Mədəniyyət Nazirliyi adından belə gözəl kitab mağazasını bizə bəxş edən insanları və oxucuları təbrik edirəm, mağazanın işinə uğurlar arzulayıram. “Libraff” kitab mağazası çox gözəl zamanda açılıb, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqəli tədbirlər çərçivəsində fəaliyyətə başlayıb. Kitab cəmiyyətdə çox vacib rol oynayır. Kitab insanın dostudur, nəsildən nəslə vasitədir. Mən çox sevinirəm ki, bu gün Bakıda belə gözəl bir kitab mağazası açılıb. İnanıram ki, burda təkcə kitab satışı həyata keçirilməyəcək, eyni zamanda gözəl tədbirlər, imza günləri təşkil olunacaq. Bunun üçün burda bütün imkanlar var. Müasir Azərbaycanın inkişafında bu mağazanın açılışı intellektual göstəricidir”.
Xalq yazıçısı Çingiz Abdullayev yeni mədəniyyət ocağının açılışını əlamətdar hadisə kimi qiymətləndirib:
“Kitab oxumaq xalqımızın gələcəyi üçün çox mühüm əhəmiyyət kəsb edir. Nə qədər çox mədəniyyət ocağı olsa, xalqımız o qədər yaxşı inkişaf edəcək. İnanıram ki, yazıçılar, şairlər burada kitablarının təqdimat mərasimlərini, öz imza günlərini keçirəcəklər. Həmçinin tələbələr, şagirdlər də buradan müəyyən kitablar əldə edəcəklər”.
Millət vəkili Musa Qasımlı kitab mağazasının açılışını ölkəmizin mədəni-ictimai həyatında gözəl bir hadisə kimi xarakterizə edib.
Daha sonra digər tədbir iştirakçıları da kitab mağazasının açılışı mühüm əhəmiyyət kəsb etməsindən, bunun xalqın milli inkişafında rol oynamasından danışıblar.
Daha sonra “Teas Press” Nəşriyyatının Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı çap etdiyi kitabların təqdimatı keçirilib.
“TEAS Press” Nəşriyyatının Azərbaycanşünaslıq bölməsinin rəhbəri, professor Kərim Şükürov deyib ki, “Libraff” kitab satışı şəbəkəsinin açılışı nəinki paytaxt Bakının, eləcə də respublikanın sosial-mədəni həyatında ən mühüm hadisələrdən biridir. O, “TEAS Press” Nəşriyyatının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə çap etdiyi kitablar haqqında ətraflı məlumat verib.
Digər natiqlər də “Libraff” kitab mağazasının açılmasını ölkəmizin inkişafının və yüksək mədəniyyətinin göstəricisi kimi dəyərləndiriblər.
.