2 İyun 2019 18:30
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransız yazıçı Aleksandr Dümanın "Üç muşketyor" romanının işıq üzü görməsindən 175 il keçir.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Roman 1844-cü ilin yaz günlərində Parisin "Le Siècle" qəzetində dərc olunub. Əsər Dartanyan və onun dostları Atos, Portos və Aramisin başgicəlləndirici, avantürist və romantik macəraları haqqındadır.

Baş qəhrəmanların hər birinin prototipi vardı. Eyni zamanda, Dümanın fantaziyası çox şeyi dəyişmiş, məsələn, muşketyorları qocaltmışdı, çünki yazıçının təsvir etdiyi hadisələr zamanı onlar hələ uşağıydılar.

Beləliklə, Dartanyan - Şarl de Bats-Kastelmor, qraf Dartanyan. O, Rişelyenin deyil, Mazarinin dövründə (1862-ci ildə onun 18 yox, 13 yaşı vardı) yaşayıb; marşal yox, qraf titulu daşıyıb.

Həqiqi Dartanyan 1644-cü ildə muşketyorluğa başlayıb, Fronda zamanı Mazarinin etibarlı adamı olub, Fukenin həbsində iştirak edib, 1673-cü ildə, Maastrixt döyüşündə həlak olub.

Dartanyanın həyatı xeyli şişirdilmiş şəkildə üç cildli "Dartanyanın memuarları" kitabında təsvir edilib. Amma kitabı o özü yox, Qasyen de Kurtil de Sandra yazıb.

Aleksandr Duma romanını məhz bu psevdomemuara əsaslanaraq yazıb.

Atosun prototipi isə muşketyor Arman de Siyeq Datos Dotvildir. Bu iki Atos arasındakı yeganə bənzərlik ancaq adlarıdır. Həqiqi Atos qaskoniyalı kapitant-leytenant de Trevilin qohumu olub.

Portosun əzəmətli görünüşünü arxasındakı şəxs muşketyor İsaak de Potrodur. O, vaxtından əvvəl istefa verərək Qaskoniyaya gedib, döyüşlərdə aldığı yaraların fəsadları nəticəsində dünyasını dəyişib.

Və nəhayət, Aramis - onun prototipi de Tervilin alayındakı kapitan-leytenantın və həqiqi Atosun qohumu olan muşketyor Anri Daramitsdir.

Anri Daramits xidmət müddəti bitəndən sonra istefaya çıxıb, Bear şəhərinə qayıdıb, evlənib, üç oğlu dünyaya gəlib.

Dartanyanın tarixçəsi "İyirmi il sonra" və "Vikont de Barjelon və ya On ildən sonra" əsərlərində davam etdirilib, amma bu kitabların heç biri birincisi qədər populyar və sevilən olmayıb.

"Üç muşketyor" yüz dəfədən çox nəşr olunub, bir o qədər də lentə alınıb və heç şübhəsiz, gələcəkdə də bu əsər əsasında film çəkmək istəyənlər çox olacaq.

Dərc olunmuş nüsxələrinin sayına görə dünyadakı bütün bədii ədəbiyyat nümunələri arasında Dümanın kitabları ilk yerlərdən birini tutur. Bu kitabların ümumi sayı milyonlarladadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər