Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı şair Hədiyyə Şəfaqətdir.
Onunla müsahibəni təqdim edirik:
- Əsrlərdir filosofların müzakirə etdiyi bir məsələ var: insanın azad iradəsi varmı? Sizin fikriniz nədir?
- İnsan sonsuz kainatın içində o qədər kiçik bir zərrədir ki, onun iradəsi barədə danışanda mütləq “nəyə nəzərən?” sualı doğur. Nəyə nəzərən? Öz zəifliklərinəmi, kiçik istəklərəmi, böyük qərarlar qarşısındamı? Məncə, məsələnin elə ən çox filosofların baxış bucağında maraq qazanması və müzakirə edilməsinin özü də mənasızlığa işarə edir. Fikrimcə, insanın azad iradəsi ancaq onun malik olduğu məhdud məna üzərində məhdud dəyər kəsb edə bilər. Var olan hər şey bir-birinə qırılmaz, görünən və görünməz tellərlə bağlıdırsa, hansı azad iradədən söhbət gedə bilər? İnsan azadlığı kimi, iradəsinin də, ancaq müəyyən çərçivə içərisində uzana biləcəyi ən uzaq nöqtəyə çatıb dayandığını düşünürəm. Təsəvvürə gəlməz nəhənglik içində mütləq azad iradədən bəhs etməyə dəyməz
- Belə bir fikir var: xoşbəxtlik ən qaranlıq zamanlarda belə tapıla bilər. Yəni xoşbəxt olmaq bu qədər asandır?
- Bəli. Çox asandır. Eyni zamanda da xeyr, çox çətindir. Hər iki cavab keçərlidir. Yəni insan zehni nəyi necə qəbul etmək gücünə sahibdirsə, o üstünlük qazanır. Xoşbəxtliyin digər tərəfində nə dayanır, bədbəxtlik? Bəs bədbəxtlik nədir? Təcrid edilmiş fərd yoxdursa, heç bir xoşbəxtlik və bədbəxtlikdən söhbət gedə bilməz. Üstəlik, fərdin düşüncə əhatəsi, zehin gücü, dünyaya baxışı, həyat barədə düşüncələri ona bu anlayışlara hansı bucaqdan baxıb-baxmayacağıyla bağlı istiqamət verir. İnsan xoşbəxtliyi çox zaman çox uzaqlarda axtarır, halbuki o çox yaxında, zehnimizin bəzən ən dərin, bəzən ən üz qatlarında gizlənib, bəlkə də heç gizlənib eləməyib, sadəcə, insanın uzun yollardan keçib ona yetişəcəyi anı gözləyir...
- Sizcə, ümid deyildiyi kimi, təhlükəli bir aldanmadır?
- Təhlükəli deməzdim, amma aldanış olmaq ehtimalı böyükdür. Mən ümidi “maneə” adlandırardım, o adətən həmişə gələcəyə hədəfləndiyindən anı, yəni indini, yaşanan həyatı hiss etməyimizə mane olur. Ümid deyiləndə mənim ağlıma “sabahdan başlayacam” deyən adamlar gəlir. Tanrı eşqinə, bu an nəfəs almağı saxlayıb sabahdan yaşamağa başlamaq haqqında düşünmək nəyə yarayır? Mənim üçün mövcudluq “indi” üzərində qərar tutur. Ümid haqda danışmağa dəyməz
- Ən çətini hansıdır: yaxşı biri olmaq, yoxsa ədalətli?
- Birmənalı ədalətli olmaq mümkün deyil. İnsan ədalətli ola bilməz. Fərd olaraq ancaq müəyyən şərtlər altında müəyyən qərarlar qəbul edərək bunun ədalətli qərar olduğuna inanırıq. İnsanın özünü ədalətli adlandırması qədər böyük aldanış ola bilməz. Dünyanı idarə edən qanunlar məhz adına ədalətsizlik deyilən o şeyin heç olmasa, bir nizama salınması məcburiyyətindən doğub. Ədalət məfhumu daha çox ümumi olaraq cəmiyyətə, dövlət quruluşlarına, qanunlar sisteminə yaraşan bir anlayışdır və onun tək-tək fərdlərə aid edilməsi, ümumiyyətlə yüklənməsinin özü ədalətsizlik demək olardı. Yaxşı adam olmağın özü də çox nisbi yanaşmadır. Davranış tərzini yaradan, inkişaf etdirən, dəyişdirən və ya tamam əks tərəfə yönəldən şərait faktorları ilə yanaşı, onu hansı yolla şərtləndirməyimiz də rol oynayır. Söz yox, hər iki halda, yəni həm “ədalətli”, həm “yaxşı adam” olmaqdan danışılarkən “qəhrəmanlıq” məfhumu yada düşür, o isə ancaq “çətin” anlayışının yanında yer alır.
- Sveyq deyirdi ki, duyuların ən qorxuncu heçlikdir...
- Haqqında düşünə bildiyimiz heç nə qorxulu deyil...