Teleqraf. com SSRİ xalq artisti, professor Fidan Qasımova və Azərbaycan SSRİ xalq artisti, professor Xuraman Qasımovanın opera ifaçısı Eldar Əliyevə həsr etdiyi "İztirabla əbədiyyətə qovuşmuş böyük sənətkar" məqaləsini təqdim edir:
Bu gün çox kədərliyik, çünki bağımızda oturub, qaydalara uyğun çətin pandemiya dövründən özümüzü qoruyaraq çox sarsıdıcı bir xəbər eşitdik. Yaxşı tanıdığımız, sevdiyimiz opera ifaçısı Eldar Əliyev İtaliyada 49 yaşında dünyasını dəyişib. Hər ikimiz çox uzun illərdir ki, onu şəxsən tanıyırıq və ecazkar səsinin vurğunu olmuşuq.
O, bizim çox istedadlı Azərbaycan opera ifaçısı idi.
Biri var insan öz həmkarının haqqında haradasa nə isə eşitsin, mətbuatdan oxusun, biri də var ki, şəxsən tanısın.
Biz Eldar Əliyevi şəxsən gənc yaşlarından tanıyırdıq.
Gözəl və istedadlı opera müğənnisi idi. İki gün öncə bildim ki, Eldar Əliyev dünyasını dəyişib.
Bizə 525-ci qəzetin avqustun 12-də çap edilən və Eldar Əliyevə həsr olunan akademik Rafael Hüseynovun "Sönmüş ulduzun səssiz gedişi" adlı mükəmməl məqaləsinə bir şey əlavə etmək çox çətindir.
Lakin bu gün öz xatirəmizlə bağlı Eldar Əliyev haqqında söhbət aparmaq istəyirik.
O, Allah tərəfindən gözəl səsə malik olan bir gənc idi. Onun qeyri-adi və parlaq bass səsi var idi.
Onun uşaqlıq illəri və gəncliyi çox faciəli keçib. Eldar Əliyev 1990-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını uğurla bitirib. Azərbaycan Dövlət Xor Kappelasında çalışıb. Sonra Rizvan Sədirxanov kimi xeyirxah insanla tanış olub. Və Rizvan Sədirxanovun köməkliyi ilə bir neçə gənc, istedadlı müğənnilərimiz İtaliyaya təhsillərini davam etməyə getdilər. Və onların içində Eldar Əliyev xüsusi diqqət çəkirdi. Sonralar Eldar Əliyevin uğurlarını qəzetlərdən oxuyurduq və qürurlanırdıq.
Uzun zamandan sonra Eldar Əliyev ilk dəfə 2000-ci ildə Azərbaycana gəlir və
Vokalçıların Bülbül adına Il Beynəlxalq Müsabiqəsində iştirak etmək üçün dəvət olunur. Eldar Əliyev Vətənə dönmədən öncə nəinki İtaliyada bir neçə xarici ölkələrin böyük səhnələrində, müsabiqələrdə iştirak edərkən böyük qələbələr qazanmışdı. Bu səbəbdən onu Vokalçıların Bülbül adına Il Beynəlxalq Müsabiqəsinə dəvət etdilər.
Eldar bütün müsabiqə iştirakçılarının arasında seçilirdi.
Müsabiqədə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Fidan xanım ilə mən münsiflər heyətinin üzvləri idik.
Bunu öyrənərək bizimlə məsləhətləşmək üçün Eldar Əliyev evimizə gəldi. Saatlarla söhbət etdik və ona məsləhət gördük ki, Azərbaycanı həmin müsabiqədə təmsil eləsin və görsünlər ki, bizim nə dərəcədə istedadlı gənc müğənnilərimiz var. Adətən, hər bir beynəlxalq müsabiqədə xüsusi proqram olur.
Bu müsabiqədə də proqramda Bülbülün ifa etdiyi Azərbaycan bəstəkarlarının romansları da daxil olmuşdur. Onların içində Asəf Zeynallının "Ölkəm" romansı var idi. Biz Eldardan soruşduq ki, hansı əsəri ifa etmək istəyirsən? O cavab verdi ki, siz hansı əsəri məsləhət görsəniz, onu ifa edəcək. Belə qərara gəldik ki, Eldar Asəf Zeynallının "Ölkəm" romansını ifa etsin.
Və bu romansı onunla hazırlamaq üçün konservatoriyamıza dərs keçməyə çağırdım. Çünki o uzun illərdir ki, Bakıdan ayrılmışdı və bir qədər Azərbaycan dilini unutmuşdu. Bizim əsərləri ifa etmək üçün xüsusi bir incəliklər var ki, Eldar artıq italyan musiqisinə alışqan olduğu üçün bir qədər bizim musiqimizi unutmuş ola bilərdi. Ona görə çox həyəcanlı idi.
Lakin Fidan xanım və mən onu sakitləşdirdik və dedik ki, mütləq bizim dərsimizə gəlsin və qısa bir zamanda kömək edərik. Belə də oldu, Eldar vaxt itirmədən məşq etməyə gəldi. "Ölkəm" romansını çox qısa müddətdə öyrəndi.
Və hətta dərslərimizdə jurnalist Nadejda İsmayılova iştirak edirdi və bunu təsdiq edə bilər. Çünki Eldardan müsahibə almaq istəyirdi və o, məşqləri izləmişdi. Eldarın səsinə heyran olmuşdu və bu dərsdən böyük zövq almışdı.
Həmin günləri xatırlayaraq təkrar kədərlənirəm. Çünki onun səsi indi də qulağımdadır. Bizi çox gözəl anlayırdı, tez qavrayırdı. Artıq o böyük və bacarıqlı bir müğənni idi. Və müsabiqədə bütün iştirakçıların arasında seçilirdi. Bunu İrina Arxipova şəxsən qeyd etmişdi. Bu gənc ifaçı çox-çox fərqli idi. Və biz şəxsən onun həmvətənliləri olaraq onunla qürur duyurduq. Mən və Fidan xanım çox sevinirik ki, o ildə münsiflər heyətində oturaraq başımız uca idi. Çünki Eldar nəinki birinci yerə layiq görülüb, hətta müsabiqədən sonra Qran Pri qazanmışdı.
Fidan xanım və mən üç dəfə Bülbül adına Müsabiqənin münsifi olmuşuq. Eldar çox qısa zamana Bakıya gəlmişdi, cəmi bir həftəlik. O müddət ərzində çox işlər gördü və laureat adıyla təkrar İtaliyaya dönməli idi. Lakin fürsət elə gətirdi ki, o, bizi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində dinləmək üçün italyan bəstəkar Cakomo Puççinin "Bohema" tamaşasına gəldi. Bizi yüksək təəssüratla təbrik etdi, öpərək və qucaqlayaraq dedi ki,
Siz Avropada olsaydınız heç şübhəm yoxdur ki, orada da məşhur olardınız.
Təbii ki, onun bu səmimi sözləri bizi çox sevindirdi. Və mən hiss etdim ki, Eldarın artıq təcrübəsi var idi. İtaliyada çox tamaşaçalarda iştirak etmişdi.
Onunla birlikdə səhnədə iştirak edən böyük, tanınmış müğənnilərdən eşitmişdir ki, bizə belə gözəl sözləri dedi.
Onun bu səmimi hissləri geniş ürəyinin göstəricisidir. Bir həftə ərzində çox sevinirdi ki, o, öz tələbə yoldaşları ilə, müəllimləri ilə görüşdü. Öz həyatı haqqında bölüşürdü. Mənə elə gəlir ki, çox xoşbəxt idi. Üzündən sevinc tökülürdü. Hansısa müəllimi, dostunu görərkən gözləri hər zaman yaşarardı. Heç bizdən ayrılmaq istəmirdi.
Və deyirdi ki, baxmayaraq ki, zamanım yoxdur, amma qürbətdə vətənim, Azərbaycanım üçün çox darıxıram. Onu da demək istəyirik, o, müsabiqədə qazandığı 10 min dəyərindəki məbləği öz yoldaşları arasında paylaşıb, buradan ayrılmışdı. Baxmayaraq ki, onun buna böyük ehtiyacı var idi.
Əgər siz Rafael Hüseynovun məqaləsi ilə tanış olmusunuzsa, onun faciəvi keçmişi ilə artıq məlumatlısınız. Onun İtaliyada çox gözəl dövrü başlamışdı. O böyük səhnələrdə çıxış etməyə başlayanda 24 yaşı var idi. Sadalamaq çətindir və neçə-neçə məşhur teatrların səhnələrində Eldar bacarığını və gözəl bass səsinə nail olduğunu nümayiş etmişdi.
Və hər afişada Azərbaycan adı yazılırdı. Biz 2002-ci ildə Eldardan məktub aldıq. O bizi İtaliyanın Baloniya şəhərinə dəvət elədi.
Orada biz Eldarın iştirakı ilə Cüzeppe Verdinin bəstələdiyi "Aida" tamaşasını dinləmişdik. Eldar həmin tamaşada qəhrəmanlardan çar rolunu ifa edirdi. Çar
Amnerisin atası idi.
Operada dörd əsas qəhrəman var, Aida, Amneris, Radames və çar. Siz bilsəydiniz ki, əziz oxucular, Fidan xanım və mən lojada oturub, onun ifasını dinləyərkən hansı qürur hissini keçirdik. İndi də həmin afişa bizdədir və onu gözbəbəyim kimi qoruyacam. Biz qürur hissi və göz yaşları ilə böyük uğurunun canlı izləyiciləri idik.
İndi yenə təkrar Eldarın söylədiyi sözlərini yadıma salmaq istəyirəm. Əgər biz İtaliyada yaşasaydıq, orada da məşhur olardıq.
Biz çox ölkələrdə qastrol səfərlərdə olmuşuq və gənc yaşlarında çox ölkələrdən çalışmağa dəvətlər də almışıq.
Lakin biz iki dövrün ifaçıları olmuşuq.
Həm sovet, həm də müstəqillik dövründə yaşayan sənətkarlarıq. O dövrdə hansısa ölkədə qalıb, çalışmağa qərar vermək çox çətin idi, mümkün deyildi.
Bu bizə baha başa gələ bilərdi. Amma mən sevinirəm ki, bizim gənclərimiz üçün belə bir imkan var. Onlar öz qərarlarını rahatlıqla verə bilərlər.
İndi dünyanın çox ölkələrində bizim çox istedadlı gənclərimiz var. Biz buna çox sevinirik və onların uğurlarını izləyirik.
Məsələn, hələ 1997-ci ildə biz Amerikada qastrol səfərdə olarkən bizə böyük bir təklif gəlmişdi. Bizi konsertdə izləyib, səsimizi bəyənmişdilər.
Və bizə "Metropoliten" operasında debütlə çıxış etmək təklif edilmişdi.
Lakin artıq təcrübəmizə baxmayaraq bu gözəl təklif haqqında düşünmək lazım idi. Biz asanlıqla tez qərar verə bilməzdik. Çünki bizə oradan iki il ərzində çıxmadan qalmaq təklif olunmuşdu.
Və ilk təmsilimizi orada ifa etmək üçün 30 min dollar dəyərində məbləğ ödəməli idik.
Əlbəttə, o illərdə sənətkarların çox böyük məbləğdə pul qazanmaq imkanı yox idi. Adətən, biz qastrol səfərlərə gedəndə 75 faizini hökümətə ödəyirdik.
Və bu gözəl təklifi çox düşündük, götür-qoy elədik.
Bunu vətənə çatdırmaq lazım idi. Müəyyən təbəqələrə çatdırmağa çalışdıq. Çünki bunu yalnız mədəniyyət məmurları yuxarı təbəqələrə çatdıra bilərdi. Bu təklifin arxasında təkcə biz yox, əlbəttə ki, ölkə dəstək verməli idi. Xəbəri çatdırmağa çalışdıq, sonra anladıq ki, bu xəbər ünvanlanan yerlərə çatmayıb. Əlbəttə bundan sonra biz Vətənə döndük. Və belə təkliflər bir neçə dəfə olub. Nə demək istəyirəm? Bizim gənclərimiz hansılar ki, xaricə gedib, orada uğurla fəaliyyət göstərib, əlbəttə ki, ilk növbədə Eldar Əliyevi qeyd etmək istəyirəm.
Orada belə zirvələrə qalxan insan əlbəttə ki, dövlət nəzərində daima qalmalı idi.
Çünki o, Vətənimizi təmsil edən bir sənətkar adlanırdı. Onun adı "Metropoliten, "La Sakala" opera teatrında və s. səhnələrdə səslənirdi. Görün hansı müğənnilərin yanında bizim azərbaycanlı, Sumqayıtda dünyaya gəlmiş tələbəmizin adı səslənirdi.
O, İtaliyanı fəth etmişdi və lakin Vətənində onu heç kəs tanımırdı. Nədən? O isə Azərbaycanı tanıdırdı.
Ona hər yerdə Basso Azerbaijan (Azərbaycandan gələn bass) deyirdilər.
Mənə maraqlandırır ki, niyə, biz qürbətdə yaşayan sənətkarlarımıza qarşı biganəlik göstərməliyik. Adətən, belə insanların arxasında ölkələri dəstək olmalıdır. Belə olmasa orada yaşamaq çox çətin olur. Niyə biz uğurlar qazanan insana qarşı kənarda qalmalıyıq?! Və mənə belə gəlir ki, bu çətinlik onun tənhalığından, bəzi mədəniyyət məmurlarının biganəliyindən irəli gəlir.
Çünki xarici ölkədə o zirvəyə çatan və qəbul edilmiş ifaçıya hər zaman Vətən dəstək olmalıdır.
Kim dəstək olmalıdır? Vətən!
Hər zaman Azərbaycan mədəniyyətini uca tutmağa çalışmışıq, eləcə də Eldar Əliyev.
Ulu öndər Heydər Əliyevin qayğısını görmüşük, dəstəyini hiss etmişik. İndi də bu qayğını prezident İlham Əliyev tərəfindən hiss edirik. Lakin çox təəssüf ki, Eldar Əliyevi Azərbaycan tanımayıb. Onu heç vaxt Vətənə çağırmayıblar. Vətənə çağırsaydılar və burada çıxış etsəydi onu burada da qayğı ilə qarşılayardılar.
Bu hökümətin gücü yox, mədəniyyət məmurlarının günahıdır.
Əgər dəvət etsəydilər, buraya gələrdi və səhnələrdə konsertlər verərdi.
Təbii ki, o, bizdən çox cavan idi. Yalnız biz Bakıda idik və buradan da ayrılmaq istəmirdik. Biz ulu öndər Heydər Əliyevə təklif elədik ki, Luciano Pavarotti Azərbaycana gəlsin və biz onunla birlikdə səhnədə çıxış etsək, bu bütün dünyaya böyük əks-səda olar.
Lakin bu təklifimiz baş tutmadı. Çünki bu təklifi ulu öndərimizə çatdırmadılar.
Pavarotti Azərbaycana böyük məmnuniyyətlə gələrdi.
Bildirmək istəyirəm ki, Eldar Əliyevi qiymətləndirən dünya səviyyəsində xarici məşhur ifaçıların siyahısı çox böyükdür. Onu dünya səviyyəsində bass kimi qəbul etmişdilər. Lakin Eldar Əliyevin fəxri adı yoxdur. Adətən, xarici ölkələrdə gözəl ifaçıya heç bir fəxri ad verməzlər. Onun adı parlayırsa, ona fəxr ad heç bir parlaqlıq verməz. O, Eldar Əliyev idi, azərbaycanlı bass. Onu belə tanıyırdılar. Bütün dünyada pərəstişkarları ona dünya səviyyəli bass deyirdilər.
Bunları ona görə qeyd edirəm ki, nə yaxşı Eldar Əliyev öz fəaliyyətinə İtaliyada başladı. Və nə yazıq ki, onun parlaq ucalması Rafael Hüseynov demişkən belə səssiz gedişi ilə bitdi. Nə səbəbdən yazıq hala düşdü, bilmirəm. Azərbaycan mədəniyyətinə böyük itki, zərbə dəydi. Çünki o artıq Azərbaycan mədəniyyətini böyük səhnələrdə təmsil etmişdi. Xalqımız çox istedadlıdır. Xalqımızın gözəl musiqiçiləri, bəstəkarları var. Bunu hər zaman demək və təbliğ etmək bizim borcumuzdur və borcumuz idi. Ona görə də mən mədəniyyət məmurlarına irad tuturam.
Eldar Əliyevi Azərbaycan Dövlət Opera və Balet Teatrına çağırmamışdılar ki, heç olmasa onu burada tanısınlar. Və ya o illərin digər ifaçılarını.
Eldar Əliyev teatrda bizim tamaşamızı dinləyərkən demişdi ki, məni buraya çağırsalar gəlmək istəyərəm. Lakin belə vəziyyətdə olan opera teatrında çıxış etməyə utanaram. O istəyirdi ki, teatrımız daha da yuxarı səviyyələrə çıxa bilsin.
Amma onun ürəyi Vətən üçün yanırdı və Vətənə gəlməyi arzulayırdı. Amma nə yazıq ki, onun ölümündən artıq on gün keçir. Lakin bu gün bu məsələ həll edilib.
Onun cənazəsi öz istəyi ilə Vətəninə gətiriləcək.
O demişdi ki, başıma bir şey gəlsə, Vətənimdə dəfn olunmaq istəyirəm. O Vətəninə gətiriləcək. Bunu Heydər Əliyev adını daşıyan fond təşkil edəcək. Mehriban Əliyeva və Leyla Əliyeva başda olmaqla Eldar Əliyevin cənazəsi öz Vətəninə gətiriləcək. Yaxşı ki, Mehriban Əliyevanın adı öndə çəkilir. O hər zaman mədəniyyəti dəstəkləyib və Eldar Əliyevin dəfni ilə bağlı məsələyə də öz münasibətini bildirdi.
Və artıq Eldar Əliyevi görmək və onunla vidalaşmaq imkanı yaranacaq.
Allah ona rəhmət eləsin!