14 Oktyabr 2014 22:24
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Perm şəhərində keçirilən birinci Beynəlxalq Martin Makdonax festivalına qatılıb. Festivalda teatrın kollektivi dramaturqun “Lineynin trilogiyası”na daxil olan “Yalqız Qərb” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib.

Teatrın mətbuat xidmətindən Teleqrafşcom-a verilən məlumata görə, “Yalqız Qərb” tamaşası festivalın fəxri diplomuna və xüsusi mükafata layiq görülüb. Quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Gülnar Hacıyeva, işıq üzrə rəssamı Maykl Manyon, quruluşçu rəssamı Elizabet Kuk, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov olan tamaşada rolları Nigar Məmmədova, Rasim Cəfərov, Anar Səfiyev və Vüsal Mehrəliyev ifa etmişlər.

Yeddi gün davam edən festivalda ölkəmizlə yanaşı, Almaniya, Polşa, Rusiya, Çexiya, Avstriya, Böyük Britaniya və digər ölkələri təmsil edən teatr kollektivləri dramaturq Martin Makdonaxın yaradıcılığına aid maraqlı səhnə əsərləri ilə çıxış ediblər. Nümayiş olunan hər tamaşadan sonra keçirilən müzakirələr festivalın nüfuzlu münsiflər heyətinin rəhbərliyi ilə baş tutub. Festivalın münsiflər heyətinə dünyaca məşhur teatr xadimləri rəhbərlik edib.

Festival çərçivəsində Martin Makdonax yaradıcılığının tədqiqatçısı Patrik Lonerqanın iştirakı ilə ustad dərsləri keçirilib, dramaturqun dünya teatrlarında səhnəyə qoyulmuş tamaşalarının video versiyasına ictimai baxış və müzakirələr, teatr tənqidçilərinin “dəyirmi masa” arxasında tamaşaların müzakirəsi, İrland rəqsləri üzrə ustad dərsləri təşkil olunub.

Oskar mükafatçısı Martin Makdonax festivalının keçirilməsi təkcə Rusiya teatr məkanı üçün deyil, ümumilikdə bütün dünya üçün olduqca əhəmiyyətli sənət hadisəsidir.


Müəllif:

Oxşar xəbərlər