24 Oktyabr 20:26
1 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mühacirətdə bir sıra ədəbi kitablar, onlarla məqalə yazmış Əbdülvahab Məhəmmədzadə (Yurdsevər) Ankarada Azərbaycan Kültür Dərnəyinin rəsmi mətbu orqanı olan “Azərbaycan” dərgisində Şah İsmayıl haqqında geniş məqalə qələmə alıb.

Səfəvi dövlətinin qurucusu, Azərbaycan ədəbiyyatının görkəmli siması olan Şah İsmayıl Xətainin 500-cü anım ili münasibətilə həmin məqaləni dilimizə uyğunlaşdıraraq təqdim edirik:

***

Şah İsmayıl “Xətai”

(1486-1524)

On dördüncü əsrdən etibarən get-gedə inkişaf etməkdə və güclənməkdə olan Azərbaycan ədəbi türkcəsi Teymurləng dövlətinin süqutunun başlamasıyla Güney Azərbaycanda qurulan Ağqoyunlular və Səfəvi dövlətlərinin bu dilə verdikləri yüksək əhəmiyyət səbəbilə siyasi və ictimai həyatda da hakim mövqe qazanmağa namizəd oldu. Üstəlik, Səfəvilərin Azərbaycan türkcəsini rəsmi dövlət dili elan və qəbul etmələri bu dilə bütün sahələrdə daha geniş tətbiq sahələri açırdı. Belə ki, hələ 15-ci əsrdə Azərbaycan türkcəsi ədəbiyyata hakim olmağa başlamış, 16-cı əsrdə isə ən yüksək inkişaf mərhələsinə çatmışdı.

Bu proses, xüsusilə də, Şah İsmayıl Xətainin şəxsi enerjisi dil və ədəbiyyat üzərində mütəmadi çalışmaları nəticəsində böyük bir sürətlə irəliləyirdi. Şahın qurduğu Səfəvi türk dövlətinin möhtəşəm sarayı Azərbaycan ədəbi türkcəsinin rövnəq tapdığı əsas elm və ədəbiyyat ocağı halına gəlmişdi.

Şah İsmayıl 1486-cı ildə Ərdəbildə doğulub. Məlum olduğu kimi Ərdəbil şəhəri Təbrizdən sonra, bu gün də Güney Azərbaycanın ikinci mühüm mərkəzidir. Şahın anası, Həlimə Bəyim və ya Şah Bəyim məşhur Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı idi. Atası Sultan Heydər və babası Sultan Cüneyd idi. Şah İsmayılın ulu babası Şeyx Səfiəddin hələ 14-cü əsrin ortalarında ölkədə hakimiyyəti ələ almaq məqsədilə Ərdəbildə bir təsəvvüf təriqəti qurmuş və başına müridlər toplamışdı. Bu gün də Şeyx Səfiəddinin türbəsi Ərdəbildə ziyarətgah kimi qorunur.

Rəvayətə görə, Şeyx Səfiəddin bir gün yuxusunda nəslindən böyük bir hökmdarın dünyaya gələcəyini görübmüş. Buna görə də Şah İsmayıl Azərbaycanda yeni bir türk dövlətinin təməlini atarkən onu ulu babası Şeyx Səfiəddinin adına ithaf olaraq Səfəvi dövləti adlandırmışdır.

Şeyx Səfiəddinin nəsli şiə prinsipləri ilə qurduqları təriqət sayəsində hələ Səfəvi dövləti qurulmamışdan öncə Ərdəbil və ətraf bölgələrdə böyük bir nüfuz və qüdrət sahibi olduqları, hakimiyyət uğrunda mübarizə apardıqları üçün Ağqoyunlu sülaləsi ilə aralarında vaxtaşırı qanlı döyüşlər olurdu. O cümlədən, Uzun Həsənin nəvəsi Rüstəm şah Şah İsmayılın böyük qardaşı Sultan Əlini Ərdəbil yaxınlığında silahlı dəstələri ilə təqib etdirərək qətlə yetirmişdi. İran tarix qaynaqlarına nəzərən, bundan sonra Şah İsmayıl hələ altı-yeddi yaşında ikən qırx gün atasının müridlərinin yanında gizlənmiş, daha sonra qardaşı İbrahim Mirzə ilə bərabər Şimali İran vilayətlərindən Gilana qaçırılmış və Lahican şəhərində yerləşdirilmişdir. Lahican valisi Mirzə Əli azyaşlı qonaqlarına qarşı böyük hörmət göstərmiş və onları himayə etmişdir. Rüstəm şah bir neçə dəfə Şah İsmayılın təslim edilməsini Lahican valisindən tələb etsə də, vali hər dəfə müxtəlif səbəblər və bəhanələr gətirərək bu tələbi qəbul etməkdən boyun qaçırmışdır.

Lahicanda Şəmsəddin Lahici adlı bir alim Şah İsmayıla müəllimlik və mürəbbilik etmişdir. Qardaşı İbrahim Mirzə isə Lahicana gəldikdən qısa bir müddət sonra Ərdəbilə anasının yanına dönərək, gizlicə orada yaşamışdır.

“Tarix-i aləm aray-i Abbasi”yə görə, Şah İsmayıl altı il yarım Lahicanda qaldıqdan sonra məiyyətilə birlikdə Ərdəbilə dönmüş və orada əcdadlarının məzarlarını ziyarət etmiş, anası və qardaşıyla görüşmüşdür. Həmin vaxtlar Azərbaycanda və İranda hakimiyyətdə olan Uzun Həsənin övladları arasında iqtidar uğrunda qanlı savaşlar gedirdi. Ağqoyunlu sülaləsinin qüdrətli hökmdarı Sultan Yaqubun (1478-1490) vəfatından sonra şahzadələr arasında başlayan bu savaşlar dövlətin siyasi və iqtisadi durumunu xeyli sarsıtmışdı. Ağqoyunlu dövlətinin zəifləməsindən istifadə edən Şah İsmayıl hələ 16 yaşlı bir gənc ikən qüvvətli bir ordu ilə öncə Quzey Azərbaycana gedərək Şirvanşahlar dövlətini məğlub etmiş, sonra da Güney Azərbaycanı hakimiyyəti altına alaraq Ağqoyunlu dövlətini aradan qaldırmış və hər iki Azərbaycanı bir dövlət kimi birləşdirərək, Təbrizi özünə paytaxt seçmişdi. Bundan sonra Şah İsmayıl bir neçə il ərzində bütün İran torpaqlarını işğal və Azərbaycana ilhaq etmişdir. Daha sonra İraqı da hakimiyyəti altına almışdır. Nəticə etibarilə bir ucu Quzey Qafqazdakı Dərbənd şəhərinə, digər ucu də Bəsrə körfəzinə söykənən və Türküstanla Əfqanıstanı da tərkibinə alan müəzzəm bir səltənət ortaya çıxmışdır.

Şah İsmayıl yalnız bir dəfə məğlub olmuşdur ki, o da məşhur Çaldıran məğlubiyyətidir. Çünki bu dəfə qarşısında özü kimi böyük və qüdrətli türk hökmdarı Yavuz Sultan Səlim vardı.

Şah İsmayıl hələ 38 yaşında gənc və qüvvətli bir hökmdar olarkən Ərdəbildə xəstələnərək həyata gözlərini yummuşdur. Hakimiyyəti 1502-ci ildən 1524-cü ilə qədər 22 il sürmüşdür. Amma arxasında böyük Səfəvi dövlətindən başqa, bir də ölməz ədəbi şöhrətini qoymuşdur. Səfəvi dövləti çoxdan tarixə qarışmışdır. Halbuki, Xətainin ədəbi şöhrəti bu gün də təptəzədir.

Şah İsmayıl Xətainin ədəbi fəaliyyətini iki yerə ayıra bilərik:

1 – Siyasi məqsədlərlə yazılan şeirlər;

2 – Bədii əsərlər.

Dövrün siyasi və ictimai şərtlərinin təbii göstəricisi olaraq dünyanın hər tərəfində olduğu kimi Azərbaycan Səfəvi dövlətində də dinlə dövlət möhkəm bağlarla birləşmişdi. Əhalinin böyük əksəriyyəti məzhəb etibarilə şiə olduğundan Səfəvi xanədanı da öz hakimiyyətini qurmaq, yaymaq və möhkəmlənmək məqsədilə bu bayraq altında hərəkət edirdi. Fəqət Səfəvilərin şiəliyi həm təsəvvüf təriqətilə, həm də hürufiliklə bağlı idi.

Məlum olduğu kimi təbrizli Fəzlullah Nəimi tərəfindən 1386-cı ildə təsis olunan Hürufi təriqəti əsas etibarilə İslam dininə dayandığı halda, onu öz düşüncələrinə uyğun şəkildə təfsir və təhrif etmişdir. Hürufilər hərflərin qüdrətinə inanır və kainatın sirlərini ayrı-ayrı hərflərin hikmətlərində axtarırdılar. Hürufilikdə fərd və ya şəxsiyyət yüksək qiymət daşıyıcısıdır. Mənən yüksələn bir insan Allah dərəcəsinə yüksələ bilər. Deməli fərdin hürriyyəti insan cəmiyyətində əsas şərtdir. Tanrı və ya Ərşi-Əla insanın öz mövcudiyyətindədir. Hərflərin sirri insan simasında təcəlli edir. Ona görə də bütün sirlərin daşıyıcısı olan insan müqəddəsdir.

Şah İsmayıl öz hakimiyyətini qura bilmək üçün həm ulu babasının qurduğu təsəvvüf təriqətindən, həm də şiə məzhəbindən və bu məzhəblə uyğunlaşan hürufilik kimi təriqətlərdən məharətlə istifadə etməyi bacarmışdır. O vaxta qədər rəhmsizcəsinə təqib olunan hürufilər Şah İsmayıl dövründə öz fikirlərini sərbəst şəkildə yaya bilir və düşüncələrini mümkün olduqca şiəliklə uyğunlaşdırırdılar. Şah İsmayıl sarayına mənsub sənətkarlardan Süruri və Tüfeyli imzaları ilə tanınan iki böyük hürufi şairin əsərləri bu uyğunlaşmaya gözəl bir örnək təşkil etməkdədir.

Xətainin əlində şeir hər şeydən öncə güclü bir propaqanda silahı idi. Qılınc qədər kəskin bir silah! O, bir tərəfdən qılıncı ilə ölkələri fəth etmiş, bir tərəfdən də uğurlu propaqanda silahı ilə hakimiyyətini möhkəmləndirmiş, mənəvi nüfuz və avtoritarlığını yüksəltmiş və düşmən cəbhəsinə zərbə vurmağı bacarmışdır:

Şahi-Mǝrdanın-Əlinin aliyǝm, övladiyǝm,

Zülfüqarü tacü Düldül, uç nişanı mǝndǝdir.

Açarım dini-Mǝhǝmmǝd, mǝzhǝbi-Cǝfǝr yǝqin,

La fǝta illa Əli , bu sirri-pünhan mǝndǝdir.

Şah İsmayıl bu şeirində Həzrəti Əlinin nəslindən gəldiyini və onun mənəvi mirasına sahib olduğunu və Cəfəri (şiə) məzhəbini yaymaqla vəzifələndirildiyini və Əli kimi bənzərsiz şücaət və rəşadət vəsflərini daşıdığını iddia edir.

Xətai müridlərini bu atəşli çağırışlarla cəngə sövq edirdi:

Mürid oldur, ola əhli-iradət ,

Hər işdən var ala pirdən icazət ,

Haram edə yuxusun dost yoluna,

Yana pərvanə tək eşqin oduna.

Və ya:

Qurşansa qazilər seyfü silahı,

Münafiq canına xövfü xətərdir

Nişanı ol günəş tələtli Şahın

Başında tacı, belində kəmərdir.

Cahangir qazilər meydana girsə,

Xəvariclər ayaqda payi-sərdir .

Yenə müridlərini əzmli fədakarlıqlara təşviq etmək məqsədilə Xətai deyir:

Ey könül, sidq ilə hər kim Şah ilə yoldaş ola,

Üz gərək döndərməyə, hər gecə kim yol daş ola;

Yolu gər daş ola, gər yay ola, gər oxü qılınc

Mürşidindən dönənin mənidə ismi leş ola.

Ey Xətai, sidq ilə bu Şah ayağına gələn

Aqibət bir gün gümansız xalq içində baş ola!

Xətai özünə və öz gücünə güvənir. Bir sıra şeirlərində o, özünü və öz səltənətinin əzəmət və ehtişamını öyür. Məsələn, Yavuz Sultan Səlimə yazdığı mənzum məktubda belə deyir:

Mən ol şahbazi kühsarəm , baş əyməm qulleyi qafa

Neçə anka kimi yavru uçurdum aşiyanımda .

Həmən əl arxası yerdə cahanın padişahıdır,

Xətai həp keçən sərdən qədəm qoyan nişanımda.

Xətai Azərbaycan ədəbiyyatında şiə lirizminin əsasını qoyanlardan biridir. Bu lirizmdə Həzrəti Əli və onun sülaləsi idealizə olunmaqdadır. Bu kimi şeirlərində Xətai hürufiliyin təsirinə qapılaraq, Həzrəti Əliyə Allahlıq vəsflərini aid edir:

Ol Şah ki, məzhəri Xudadır,

Haqdan kim onu deyir cüdadır .

Sən məzhəri lütfi Haqsan, ey Şah!

Ol bəndələrin işindən agah .

Bu, həm də hürufilərin Fəzlullaha aid etdikləri vəsflərdir.

Başqa bir şeirində Xətai Həzrəti Əlini belə mədh edir:

Ali oldur ki, cənnətdə olubdur saqiyi Kövsər,

Budur saqi, budur cənnət, şərabı abı-Kövsərdir.

Şücaət bu, vilayət bu, mürüvvət bu, şərafət bu,

Əlini görməyən hazır Yezidü-qəbrü-kafərdir.

Hədisü, vaazu, Qurandan nə buldun, gəlgil, ey vaiz,

İmamın ismi Qurandır, hədis, Allahu əkbərdir!

Bədii şeirləri

Xətainin eşq və məhəbbət tərənnüm edən qəzəl və qoşmaları istər üslub və ifadə tərzi, istərsə də məzmununun məxsusiliyi və gözəlliyi etibarilə siyasi və dini şeirlərindən daha yüksək dəyər daşımaqdadır. Belə əsərlərində Xətai Azərbaycan xalqının sadə və açıq dilindən, atalar sözlərindən, dastan, əfsanə və rəvayətlərindən və xalq şeirindən geniş şəkildə faydalanıb.

Xətainin xalq dilini necə mənimsədiyini bu misralarından görə bilərsiniz:

Axar sular kimi axasım gəlməz,

Yezidin üzünə baxasım gəlməz,

Şəhrinə girincə çıxasım gəlməz.

Şah İsmayılın bədii gözəllik baxımından ən dəyərli əsəri “Dəhnamə” mənzuməsidir. Bu, eyni zamanda Azərbaycan türkcəsində yazılmış ilk poemalardandır.

“Dəhnamə” bütün klassik poemalar kimi minacat, nəti-Rəsul və meracnamə ilə başlayır və bunun ardınca “Övsafi-əimmeyi” gəlir. Daha sonra “Bahariyyə” ilə yaz mövsümünün həyata və təbiətə gətirdiyi canlılıq və şənlik bədii tərzdə təsvir olunaraq əsas mövzuya keçilir.

Əsər romantik bir eşq hekayəsindən ibarətdir. Aşiq şairin özüdür. Baharın nəşə və əyləncə, ümid və xoş əhval təlqin edən günlərini şair hər cür kədər və narahatlıqdan uzaq keçirir. Eşq və aşiq məfhumlarına lağ edir. Qəm və qayğının nə olduğunu bilmir və bilmək də istəmir. Amma bir gecə yuxusunda bir pəri görür və ona bütün varlığıyla vurulur. Oyandıqda özünü qəm və kədər içində görür. Eşqin verdiyi iztirablar onu cünunluğa sürükləyir. Bundan qurtarmaq üçün Allaha yalvararaq yardım istəyir. Həmin anda qeybdən bir səs ona sevdiyi gözəlin harada olduğunu bildirir. Aşiq gah yıxılaraq, gah duraraq pərinin olduğu yerə doğru yola çıxır. Bura cənnət kimi gözəl bir bağdır. Bağbana öz macərasını danışır və kömək istəyir. Bağban aşiqin halına yanır və Səbanı elçi sifətilə məşuqa göndərməsini tövsiyə edir.

Aşiq Səbanı axtararaq sübh vaxtı çiçəklərin arasında tapır və məşuquna yazdığı məktubu ona təslim edir. Səba məktubu pəriyə çatdırır. Amma pəri bu özbaşınalığa qəzəblənir və Səbanı danlayaraq həqarət dolu bir cavabla geri qaytarır. Aşiq təkrar məktub yazaraq eyni elçi vasitəsilə sevgilisinə göndərir. Bu dəfə daha çox qəzəblənən pəri Səbanı saçlarının arasında həbs edir.

Hadisədən mütəəssir olan aşiq vəziyyəti bir məktəb yoldaşına danışır və onun tövsiyəsi ilə bu dəfə Ah vasitəsilə üçüncü məktubunu göndərir. Fəqət sevgilisi onu da rədd edir.

Nəhayət, aşiq göz yaşları vasitəsilə məşuquna hədiyyə göndərməyə qərar verir və bu yolla istədiyinə nail olur. Məşuqa şeirlə yazdığı həsbi-halda onun eşqini və səbrini yoxlamaq istədiyini və bunu öyrəndikdən və təqdir etdikdən sonra ona könül verdiyini bəyan edir.

Xətainin təbiəti təsvir etməkdə nə qədər mahir olduğunu, xüsusilə “Dəhnamə”nin ayrılmaz bir parçası olan “Bahariyyə”də görürük. Bu dərəcədə canlı və sadə təbiət təsvirinə Xətaiyə qədər heç bir Azərbaycan ədibinin əsərində rast gəlinmir.

“Dəhnamə”də ana fikir eşqdə vəfalı, səbatlı və fədakar olmaqdır. Xalq dastanlarında olduğu kimi aşiq məşuqunu öz mühitində və ətrafında deyil, röyasında görür və dərhal aralarında təmiz və ilahi eşq bağları yaranır. Yəni həqiqi eşqin qeybdən və ilahi iradə ilə təlqin edilən bir eşq olduğu çatdırılmaq istəyir. Onun üçündür ki, məşuqun olduğu yer yalnız xətif vasitəsilə öyrənilə bilər. Məşuqun bağbanı təmiz, yaxşı qəlbli, gerçək eşqdən anlayan bir insandır. Sanki aşiqi gözləyirmiş kimi onu xoş qarşılayır, halına acıyır və tövsiyələrilə kömək edir. Amma özü aşiqlə məşuq arasına girməyə cəsarət etmir və bu işi Səba, Ah və Göz yaşları kimi qeyri-insani, həm də insana çox yaxın və onun gerçək hisslərinə tərcüman olan elçilərə verir. Bu elçilərdən də yalnız Göz yaşları müvəffəq olur.

Mənzumədə hər hadisə ilə bağlı verilən qəzəllər əsəri daha da zənginləşdirib gözəlləşdirir. Onlardan bəziləri:

Ey canü-dili xarab edən eşq,

Məşuqu kəm əz turab edən eşq...

Və ya

Yandım qəm oduna sərbəsər mən,

Qəm həmdəmi yar getdi əldən...

Şahın sarayı

Şah İsmayıl şeir yazmaq, Azərbaycan türkcəsini inkişaf etdirməklə yanaşı Səfəvi dövlətinin sarayını Azərbaycan ədəbiyyatının, musiqi və sənətinin və bütün mədəni fəaliyyətlərin mərkəzinə çevirmişdi.

Şah şeir və ədəbiyyat qədər musiqi və rəssamlığı da sevərdi. Ağqoyunlular zamanında və Səfəvi dövlətinin ilk dövrlərində hökumətin mərkəzi olan Təbriz Yaxın Şərqin ən mədəni və sıx əhalisi olan bir şəhərinə çevrilmişdi.

Daha öncə Elxanilər (Hülakülər sülaləsi) tərəfindən 1294-cü ildən etibarən paytaxt elan edilən Təbriz 16-cı əsrin ortalarına qədər bu adını qorumuşdu. XV-XVI əsrlərdə Azərbaycana gələn Avropa səyyahları Təbrizin böyüklüyünü, canlılığını və əhalisinin çoxluğunu görərək mübaliğəyə qapılır və əhalinin sayını bir milyona qədər təxmin edirdilər. Fəqət nə də olsa, bu təxminlər göstərir ki, Təbriz şəhəri o dövrün Orta Şərq bölgəsində çox mühüm bir yer tuturmuş. Əsrlər boyunca paytaxt vəzifəsini daşıyan Təbrizdə Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər tərəfindən yüksək memarlıq əsərləri olan bir çox gözəl bina, məscid və böyük bir bazar ərsəyə gətirilmişdi.

Şəhər həm böyük bir ticarət mərkəzi, həm də qızıl, gümüş və ipəkdən hazırlanan incə əl işi sənətinin inkişaf etdiyi bir mahal idi. Bu kimi əl işi sənətləri ilə bu gün də Təbriz böyük bir şöhrət qazanıb.

Ədəbiyyata hər baxımdan böyük əhəmiyyət verən Şah İsmayıl öz sarayında ədəbi bir məclis qurmuş və başına tanınmış Azərbaycan şairi Həbibini “Məliküş-şüəra” ünvanı ilə gətirmişdi. Bu məclisdə Süruri, Şahi, Tufeyli, Kişvəri, Matəmi, Qasimi və digər ədiblər iştirak edirdilər. Şeir və ədəbiyyat o dərəcədə etibar qazanmışdı ki, Səfəvi dövlətinə tabe olan bölgələrin əmirləri də sənət aşiqi Şah İsmayılı təqlid edərək şeir yazır, saraylarda ədəbi toplantılar təşkil edərdilər.

Səfəvi dövrü ədəbiyyatının əsas qayəsi şiəliyi müdafiə etmək idi. Buna görə də qəsidə janrında vəsf etməyə, yəni Həzrət Əlinin sülbündən gələn on iki imamın fəzilət və xarakterini tərif və tövsif edən şeirlərə rast gəlinirdi.

Şahın özü isə bir hökmdardan daha çox, bir mürşid və ya bir məzhəb başçısı sifəti ilə qəsidələrdə mədh olunmaqda idi. Şahın əmri ilə sarayda möhtəşəm bir kitabxana yaradılaraq tanınmış klassik ədiblərin əsərləri bir araya gətirilmişdi. Məşhur xəttatlar bu əsərlərin surətini köçürürdülər. Rəssamlar bu əlyazmalara miniatürlər hazırlayırdılar. Beləcə, rəssamlıq getdikcə inkişaf edirdi.

Şərqin Rafaeli adı ilə böyük şöhrət qazanan Kəmaləddin Behzad bu rəssamlıq məktəbinə mənsub idi və onun rəhbəri idi.

Behzad o dönəmin məşhur rəssamı təbrizli Seyid Əhmədin tələbəsi idi. Əslən heratlı idi, 1506-cı ildə Təbrizə köçmüşdü. Şah İsmayılın 1521-ci ildə verdiyi xüsusi bir əmrlə vəzifəyə başlayıb və oğlu Şah Təhmasib dövründə də bu mövqeyini qoruyub saxlayıb.

Behzad ilə yanaşı Ağa Mirək Təbrizi, Sultan Məhəmməd Təbrizi, Müzəffər Əli Nəqqaş və Hafiz Təbrizi kimi istedadlı rəssamlar dövrün rəssamlıq sənətinə qəti forma və üslub veriblər. Bu üslubun özünəməxsus cəhəti rəssamlıqla ədəbiyyatın əl-ələ bərabər şəkildə yürüməsidir. Rəssamlıq başlıca olaraq miniatür sənətinə təmayül göstərdiyi üçün poemalardakı lirik səhnələrin bütün incəliklərlə təsviri və canlandırılması vacib idi. Bu isə rəssamın eyni zamanda ədəbi zövq və düşüncə sahibi olması ilə mümkün idi. Hazırda Avropa muzeylərində nümunələri mühafizə edilən bu miniatürlər mütəxəssislər tərəfindən yüksək sənət əsəri olaraq dəyərləndirilir.

Beləcə, görürük ki, Şah İsmayıl yalnız qılıncı ilə ölkələr fəth edib möhtəşəm bir səltənət quran hökmdar deyil, eyni zamanda qələmi ilə, ədəbi dühası və dərin sənət zövqü ilə Türk toplumuna xidmət etmiş böyük bir simadır.

Müddət olaraq qısa sürən ömrü siyasi və mədəni səmərələri yönündən çox zəngin olub. O, həm böyük bir dövlət qurub, həm də bu dövlətin yaşaması və inkişafı üçün lazım olan ideoloji və mədəni gücləri hərəkətə keçirib.

Şah İsmayıl Türk tarixində qədri-qiyməti əsla kiçildilməyəcək qədər mühüm bir yer tutur. Onun şəxsiyyəti və rolu ətrafında düşünərkən həyatının və fəaliyyətinin bütün mərhələləri göz önünə gətirilməlidir.

“Azərbaycan” jurnalı, say 24 (mart 1954) və say 25 (aprel 1954)


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər