Ölkəmizdə gənclərin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alması, eyni zamanda müxtəlif istiqamətlər üzrə təlim kursları və beynəlxalq təcrübə proqramlarında iştirakı diqqətdə saxlanılır.
Teleqraf.com xəbər verir ki, bu mənada, Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” xüsusi əhəmiyyət daşıyır.
Məlum olduğu kimi, həmin Strategiyanın Tədbirlər Planında nəzərdə tutulan “Mədəniyyət və yaradıcı sənayelərin (MYS) dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi” fəaliyyət istiqaməti də öz əksini tapıb.
MYS sahələrinin tələblərinə uyğun sertifikat proqramlarının və xaricdə təhsil üçün xüsusi təqaüd proqramının yaradılması ilə əlaqədar Mədəniyyət Nazirliyi əsas icraçı qurum olaraq müəyyənləşdirilib.
Mədəniyyət Nazirliyi Kollegiyasının qərarı ilə “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində “Təhsil alacaq şəxslərin seçilməsi meyarları, prosedurları və təhsilin maliyyələşdirilməsi Qaydaları” təsdiq olunub.
Oktyabrın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində təqaüd proqramı üçün seçim mərhələsinin başa çatması və bu proqram üzrə komissiya tərəfindən müəyyən edilən namizədlərin elan olunması ilə bağlı mətbuat konfransı keçirilib.
Əvvəlcə təqaüd proqramının qalibləri haqqında məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.
Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bildirib ki, MYS üzrə xaricdə təqaüd proqramı çərçivəsində il ərzində 15 nəfər, 2026-cı ilin sonunadək isə 60 nəfər tələbənin təhsilinin maliyyələşdirilməsi nəzərdə tutulub. Təqaüd proqramında bakalavriat üzrə xaricdə təhsil, magistratura səviyyəsi üzrə xaricdə təhsil, xaricdə keçirilən qısamüddətli təlim, kurs və proqramlar (o cümlədən distant (məsafədən) formada) üzrə təhsil və Azərbaycan Respublikası ərazisində keçirilən qısamüddətli təlim, kurs və proqramlarla bağlı təhsil seçimləri mümkündür.
Diqqətə çatdırılıb ki, cari ilin 15 avqust – 15 sentyabr tarixlərində 11 ixtisaslaşma istiqaməti – audiovizual (musiqi, kino-animasiya, videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans, yaradıcı texnologiyalar üzrə bakalavriat və magistratura səviyyələrində xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulu elan edilmişdi. Bu müddət ərzində edu.creative.az saytı üzərindən ümumilikdə 26 namizəd qeydiyyatdan keçib və onlardan 21 nəfər müsahibədə iştirak etmək şansı qazanıb. Müraciət edənlərdən 8 nəfər namizəd bakalavriat, 13 nəfər isə magistratura səviyyəsi üzrə xaricdə təhsil almaq üçün təqaüd proqramına müraciət edib.
Mədəniyyət Nazirliyinin təhsil sahəsində apardığı islahatlardan söz açan nazirin müşaviri Cəsarət Valehov bu istiqamətdə bir sıra ali təhsil ocaqları ilə əməkdaşlıq edildiyini vurğulayıb. Bildirilib ki, bu ildən başlayaraq Mədəniyyət Nazirliyi tərəfindən musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbulu, eyni zamanda direktor və direktor müavinlərinin işə qəbulu ilə bağlı proseslər tam elektronlaşdırılıb.
Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov diqqətə çatdırıb ki, “Müsahibə iştirakçılarının seçim prosesinin obyektivliyinin, aşkarlığının və şəffaflığının təmin edilməsi Qaydaları”na əsasən, nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi məqsədilə nazirlik yanında sahə üzrə mütəxəssislərdən ibarət “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramının Komissiyası” da bu istiqamətdə aktiv fəaliyyət göstərib.
Namizədlərin sənədlərinin təhlilindən aydın olur ki, müraciət edənlərin qəbul aldığı təhsil ocaqları yüksək reytinqli xarici ali təhsil müəssisələri və seçilən ixtisaslar da prioritet sahələrdir.
Müraciətlər diqqətlə nəzərdən keçirilib və 18 nəfər namizədin təhsil və yaşam xərclərinin təqaüd proqramı çərçivəsində maliyyələşdirilməsi məqsədəuyğun hesab edilib.
Mətbuat konfransında bildirilib ki, bundan əlavə, adıçəkilən təqaüd proqramından öncə müraciət etmiş iki tələbənin (Lətif Lətifsoy – Sorbon Universiteti, Fransa, Kino və audiovizual fakültəsi, Ayan Məmmədova – Varşava Kino Məktəbi (Warsaw Film School), Polşa, Kino və multimedia/ Kinorejissorluq fakültəsi) təhsil və yaşam xərclərinin də Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənməsi qərara alınıb.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov isə ölkəmizə beynəlxalq təhsilli gənclərin lazım olduğunu söyləyib: “Biz bu nəticəyə hər zaman nail ola bilməmişik. Ancaq çox sevincliyik ki, bir sıra gənclərimizin təhsil və yaşam xərcləri MYS üzrə xaricdə təqaüd proqramı çərçivəsində maliyyələşdiriləcək. Biz çalışacağıq ki, təqaüd proqramında qalib olan gənclərimizlə müntəzəm əlaqə saxlayaq”.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, “Təhsil alacaq şəxslərin seçilməsi meyarları, prosedurları və təhsilin maliyyələşdirilməsi Qaydaları”na əsasən, proqram iştirakçıları məzun olduqdan sonra nazirliyin strukturuna daxil olan və daxil olmayan tabeliyindəki qurumlarda təhsil aldıqları ixtisaslaşma istiqamətləri üzrə üç ildən az olmayan müddətdə əmək fəaliyyəti, o cümlədən Azərbaycan Respublikasında qeydiyyata alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, habelə həmin qurumlar tərəfindən təşkil edilən ustad dərslərində təlimçi qismində iştirak etmək kimi öhdəlikləri üzərinə götürür.