15 Oktyabr 2014 01:39
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 14-də Azərbaycan Xalça Muzeyində Namiq Səfixanovun şüşə sənətinə aid “Kitab bizim həyatımızda” əsərinin təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasimdə çıxış edən muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva rəhbərlik etdiyi mədəniyyət müəssisəsinin fəaliyyətindən söhbət açıb. Bildirib ki, mədəniyyətimizin inkişafına, onun çiçəklənməsinə öz töhfələrini verən Azərbaycan Xalça Muzeyi yarandığı gündən maddi irsimizin, adət-ənənələrimizin qorunub saxlanmasında, gələcək nəsillərə ötürülməsində mühüm addımlar atıb, onun dünya miqyasında tanınmasında əsas rol oynayıb.

Qeyd edilib ki, muzeyin missiyası dünya mədəniyyətinin özülü və zəngin parçası olan Azərbaycan xalçasını, xalq tətbiqi sənətini dünyanın özü üçün qorumaq, bərpa, təbliğ və nümayiş etdirməkdir. Həmçinin xalçalarımızla gənclərimizi özünüdərkə, soy kökümüzə, özünəqayıdış tərbiyəsinə yönəltmək və bütün dünyaya sirayət etmək, ənənəvi incəsənət məbədi sayılan muzeyi geniş kütlələr üçün maarif mərkəzinə çevirməkdir. Bununla yanaşı, muzey qapılarını bütün sənətkarların da üzünə açır, onlara dəstək olur, ərsəyə gətirdikləri nümunələri xalqımıza təqdim edir.

Bu baxımdan “Kitab bizim həyatımızda” əsərinin təqdimatının məqsədi xalqımızın və respublikamızın qonaqlarını şüşə sənətinin növü ilə tanış etməkdir. Bildirilib ki, əsərin kompozisiyası maraqlıdır. Səmadan Yer üzərinə kitab enir. Həqiqətən də kitab hamımızın həyatında önəmli yer tutur. Əsəri daha da maraqlı edən cəhət isə onun şüşədən hazırlanmasıdır. Şüşənin eramızdan 2000 il əvvəl meydana gəlməsinə baxmayaraq, bir neçə əsr bundan əvvələdək ondan çox cüzi şəkildə istifadə edilib.

Diqqətə çatdırılıb ki, bədii şüşə - dekorativ əşyaların, virtuajların interyerdə öz əksini tapmasıdır. Təsviri sənətin qədim nümunələri arasında Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri – dekorativ qablar, piyalələr, qadın bəzəkləri Azərbaycanda şüşə sənətinin ta qədimdən mövcud olduğunu göstərir. Maraqlı kompozisiyaya malik Şəki Xan Sarayının tikilməsində də şüşə sənətkarlığından istifadə olunub.

Vurğulanıb ki, təqdim olunan nümunə ilə şüşə sənətinin Azərbaycanda yenidən dirçələcəyinə, xalqımız tərəfindən qəbul olunub seviləcəyinə, bu sahəyə gənc nəsildən yeni qüvvənin gələcəyinə ümid edirik.
Namiq Səfixanovun bu əsəri itirilmiş ənənələri yaşatmaq, bərpa etmək və cəmiyyətdə tanıtmaq istiqamətində atdığı addımdır.


Müəllif:

Oxşar xəbərlər