Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Şuşada Heydər Əliyev Fondu tərəfindən baş tutan Vaqif Poeziya Günlərindən danışıb.
Baba Vəziroğlu Teleqraf.com-aaçıqlamasında təəssüratlarını dilə gətirib: "Şuşada Vaqif Poeziya Günlərində iştirak etdim.
Təəssüratlarımı sözlə qeyd etmək mümkün deyil. Mənim yerimdə olsaydınız bilərdiniz. Bunun üçün 1980-ci ilin qarlı günlərində Molla Pənah Vaqif məbədinin açılışında iştirak edərdiniz. Məşhur kadrlar da var, açılış yanvarın 14-də baş tutmuşdu. Sonra növbəti dəfə baş tutan poeziya günlərində iştirak etmişəm. O qarlı günlərdən müəyyən vaxt keçib.
Yenidən Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışında iştirak etdim.
İkili duyğular yaşadım, Ulu öndər Heydər Əliyev həyatda yoxdur, sevinc-qürur hissi isə o oldu ki, Heydər Əliyevin siyasi davamçısı İlham Əliyev onun yolunu davam elətdirir. Cənab prezident zəfər və qələbə yolu ilə bizi yenidən Şuşaya qaytardı. O zaman biz Şuşaya qonaq kimi gəlmişdik. Şuşa Dağlıq Qarabağ muxtar viləyətinin sovet qurumunda bir parçası idi. Və böyük vəzifədə olanların demək olar ki, hamısı erməni idi.
Böyük şairimiz Molla Pənah Vaqifi ziyarətə qonaq kimi gəlmişdik. Amma bu gün biz azad Şuşaya gəlmişik. Azad məmləkətin azad vətəndaşları kimi gəlmişik. Biz bu gün burada qonaq deyilik, ev sahibi kimi gəlmişik. Özümüz Şuşada qonaq qəbul edirik. Möcüzələr ancaq nağıllarda olmur. O möcüzələri real insanlar yaradırlar. Real insanların isə birincisi cənab İlham Əliyevdir ki, o möcüzəni bizə bəxş elədi. Bizə bu günü yaşadan cənab prezident İlham Əliyevdir.
Yaşasın Azərbaycanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Ali Baş Komandamız! Vaqif Poeziya Günləri bu gün sona çatdı. Amma əsas görüş dünən cənab prezident İlham Əliyevin iştirakı ilə baş tutdu. Ali Baş Komandan tarixi çıxış etdi. Yazarlarımız yazıçı Anar, xalq şairi Nəriman Həsənzadə, dramaturq Elçin Əfəndiyev açılışda iştirak etdilər. 41 ildən sonra Şuşa torpağında belə bir bayram keçirildi. Xoşbəxtəm ki, bayramın iştirakçısı oldum. Şuşaya çox gəlib, getmişəm, amma bu torpaqda bu günki qədər özümü bəxtəvər hiss etməmişdim".