“Nabat” bədii filmi Almaniyadan mükafatlarla qayıdıb. Filmimiz Almaniyada gerçəkləşən 63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında 3 mükafata layiq görülüb.
Kinostudiyadan Teleqraf.com-a verilən məlumatda bildirilir ki, “Nabat” “Müstəqil Beynəlxalq Münsiflər Heyəti”nin rəyinə əsasən insan əzmliliyininin hekayəsini təsirli və ümumdünyəvi şəkildə əks etdirən ən yaxşı film kimi festivalın “Mannheym-Heydelberq mükafatı”, “Beynəlxalq Kinotənqidçilər Mükafatı” və “Ecumenical Jury mükafatı”nı qazanıb.
Festivalın müstəqil beynəlxalq münsiflər heyətinin təqdim etdiyi “Beynəlxalq Kinotənqidçilər Mükafatı” rejissora müharibə zamanı yaşlı qadının sədaqətli, mərhəmətli və təkbaşına müqavimətini xüsusi şəkildə göstərməklə yanaşı həm də kənd mənzərəsini alleqoriyaya poetik inkişafını əks etdirməklə film dilinin təkrarolunmaz üslubundan istifadə etdiyi üçün verilib.
Mükafatların təqdimolunma mərasimində filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu iştirak edib.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-ci ildə istehsal olunan “Nabat” filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.
Nərmin