Xalq artisti Firəngiz Mütəllimova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Prezident İlham Əliyev Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzaladı. Şuşalı kimi təəssüratlarınızı eşitmək istərdik.
- Cənab prezidentə təşəkkür edirəm. Çox sevindim ki, 2022-ci ili "Şuşa İli" elan etdi. Fikirləşirəm ki, işğaldan azad olunmuş Şuşanın indi buna ehtiyacı var. Şuşa yalnız Qarabağın yox, bütün Azərbaycanın döyünən ürəyidir.
- 2022-ci ildə Şuşaya yenidən səfəriniz gözlənilirmi?
- İnşallah. Yəqin ki, "Şuşa İli" olduğuna görə tədbirlərin sayı çox olacaq. Bir şuşalı kimi böyük məmuniyyətlə doğma şəhərimə yenidən getmək istəyirəm. Ürəyimdən keçir...
- Şuşada olanda evinizə də getdiniz. Evinizlə bağlı hansı istəkləriniz var?
- İstərdim evimiz tam təmir edilsin. Çünki ondan yalnız daşlar qalıb. Arzulayıram ki, yenə evimizdə ocaq qalansın, işıqlarımız yansın, valideynlərimin ruhu şad olsun.
- Şuşadan gətirdiyiniz torpağı saxlayırsınızmı?
- Atamla-anamın qəbrinin üzərinə apardım.
- Doğulduğunuz şəhərdə sənət baxımından nələr etmək istərdiniz?
- Hazırda pandemiyaya görə evdən çox çıxmamağa çalışıram. Bilirsiniz ki, səhhətimə görə özümü qoruyuram. Beyin əməliyyatı olmuşdum. Pandemiya olduğundan heç nə edə bilmirəm. Nə televiziya kanallarına çıxıram, nə də seriallara çəkilirəm...
- Bəs, teatrda hansı tamaşalarda oynayırsınız?
- Teatrın açılışında "Qarabağnamə" əsərində oynadım. Teatrda da elədir ki, tamaşan, məşqin yoxdursa, əlavə işçilərin teatra gəlişinə icazə verilmir. Pandemiyaya görə qayda-qanunlara riayət edilir.
- Sizi hansı tamaşalarda görəcəyik?
- Hələ onu bilmirik. Pandemiya bitənə qədər orta yaş və gənclərə üstünlük verilir. Çünki yaşlı nəsil arasında xəstəliyi olan insanlar var.
- Teatrlar pandemiyaya görə uzun müddət bağlı qaldı. Teatr səhnəsi üçün darıxmışdınızmı?
- Bəli, çox darıxmışdım. 30 ilə yaxındır "Qarabağnamə" tamaşasını oynayırdıq. Tamaşa dərdli-qəmli günlərdə - soyqırımı günündə, 20 Yanvar ərəfəsində oynanılırdı. Amma teatrın açılışında "Qarabağnamə" tamaşasında qələbə çalmış müstəqil ölkənin vətəndaşı kimi qürur hissi ilə oynadım.
- Yeni ili necə qeyd etdiniz?
- Yeni ili evdə çox sadə qeyd etdim. Bütün Azərbaycan xalqına, əzizlərimə, can sağlığı arzu edirəm. Ən önəmlisi budur. Can sağlığ varsa, hər şey yaxşıdır, yoxsa yox.