20 Noyabr 2014 22:23
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən II Bakı Beynəlxalq İdman Filmləri Festivalı başa çatıb.

Teleqraf.com-un məlumatına görə, bu münasibətlə Nizami Kino Mərkəzində festivalın bağlanış və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Festivala 33 ölkədən 115 film daxil olub. Onlardan 23 ölkəni təmsil edən 48 film müsabiqəyə buraxılıb. Filmlər 5 kateqoriya - “Bədii film”, “İdman və şəxsiyyət”, “İdman və dünya”, “TV filmləri” və “Milli film” üzrə bölüşdürülüb.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın əhəmiyyətindən danışıb: "İdman kinosu və televiziyası sahəsində ad qazanmış yerli və xarici mütəxəssislərin Bakı festivalında iştirakı onun əhəmiyyətini artırır. Birinci festivalla müqayisədə builki festivala təqdim edilən Azərbaycan filmlərinin və televiziya proqramlarının sayının əhəmiyyətli dərəcədə çoxalmasını birinci Avropa Oyunları ərəfəsində idmana artan marağın göstəricisi kimi qiymətləndirmək olar".

Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycanda keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində bu festival böyük məna daşıyır: "Festival idmanın bir çox növünə həsr olunan filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək məqsədilə reallaşdırılıb və ümid edirik ki, ildən-ilə bu festivala maraq daha da artacaq. Hesab edirəm ki, gələn il təqdim olunacaq filmlərin sayı da artacaq".

Qeyd edək ki, tədbirdə İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) sədri Askani Franko, Bakı festivalının münsiflər heyətinin sədri Endre Florian (Macarıstan), münsiflər heyətinin üzvi Yusif Şeyxov və digər qonaqlar və film müəllifləri iştirak ediblər. Festival günlərində müsabiqə filmlərinin nümayişi ilə yanaşı, Nizami Kino Mərkəzində dünyanın məşhur foto ustalarının idman mövzusuna həsr olunan təbliğat vasitələrinin sərgisi də təşkil olunub.


Müəllif:

Oxşar xəbərlər