18 May 2022 13:55
1 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün əməkdar artist Suğra Bağırzadənin Şirvanşahlar Sarayında fərdi sərgisi açılacaq.

Bu barədə Teleqraf.com-a məlumat verən aktrisa sərgidə həm yeni, həm də köhnə əsərlərinin nümayiş olunacağını bildirib:

“Sərgidə 63 əsərim, eyni zamanda qurumuş nardan düzəldilmiş kompozisiya və digər canlı kompozisiyalarım izləyicilərin ixtiyarına veriləcək. Əsərlərin çoxu yenidir. Heç yerdə nümayiş olunmayıb. Bəzi köhnə əsərlərimi də sərgiyə əlavə etmişəm, çünki yubiley sərgim olduğuna görə yaradıcılığımı tam əhatə etməsini istəyirdim”.

Suğra xanım yaradıcılığı ilə ən böyük arzularından birini dilə gətirib: “Şuşaya gedib, orada toplayacağım çiçəklərdən əsərlər yaratmaq istəyirəm. Bu mənim çoxdanki arzumdur. Amma hələ məni Şuşaya aparmayıblar. Görünür, yaşıma görə risk etmirlər”.

“Gülün gücü” adlanan sərgi mayın 25-nə kimi davam edəcək.

Aktriasının əvvəllər güllərlə işləmək həvəsi kimi başlanan hobbisi tədricən daha bir peşəsinə çevrilib. Təbii güllərdən yaratdığı kompozisiyalar ona floraçı-rəssam şöhrətini gətirib.

"Floristika" İncəsənətə Dəstək adlı ictimai birliyin yaradıcısıdır. 2004-cü ildən Ümumdünya Floristlər Şurasının üzvüdür. Bu şuraya 27 ölkə daxildir. Şurada nəinki Azərbaycanın, həmçinin türkdilli ölkələrin ilk və yeganə təmsilçisidir. Şura tərəfindən "Floristika sənayesində yeni peşəkar istiqamət" sertifikatı ilə mükafatlandırılmışdır. 200-dən artıq əsəri var. Bu günə qədər Latviya, Rusiya, Fransa, Malayziya, Yeni Zellandiya, Böyük Britaniya, Xorvatiya, Yaponiya, Çin kimi ölkələrdə Azərbaycanı təmsil edib.

Azərbaycan dilində ilk dəfə nəşr edilən “Floristika” kitabının müəllifidir.

Qeyd edək ki, hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” mövzusuna həsr olunub.


Müəllif: Nərmin Muradova