Noyabrın 27-də Praqadakı Çexiya Milli muzeyinin binasında “Azərbaycan - Möcüzəli Odlar Yurdu” (“Azerbaijan–magical land of fire”) adlı sərginin təntənəli açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Tarix muzeyi və Çexiya Respublikasının Milli Muzeyinin təşkilatçılığı və Azərbaycanın Çexiya Respublikasındakı səfirliyinin dəstəyi ilə gerçəkləşdirilib.
Açılış nərasimində Çexiya Milli Muzeyinin direktoru Mixal Lukeş, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Muzeyinin direktoru akademik Nailə xanım Vəlixanlı və Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev çıxış edərək, mədəni əlaqələrin inkişaf etdirilməsinin ölkələr və xalqlar arasında körpü rolunu oynadığını qeyd etmişlər.
Tədbirdə Çexiya Respublikasının xarici işlər, mədəniyyət nazirlikləri və digər dövlət qurumlarının nümayəndələri, habelə Çexiyada akreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, çex ictimaiyyətinin və Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.
Tədbirin rəsmi çıxışlar bölməsi bitdikdən sonra, Azərbaycan səfirliyinin diplomatları Nigar Əfəndiyeva və Tural Gəncəliyev tərəfindən ölkəmizin dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Sənsiz” musiqi əsəri tar və fortepiano vasitəsilə canlı ifa edilmiş və tədbir iştirakçılarının alqışlarına səbəb olmuşdur. Eyni zamanda, tədbir iştirakçıları üçün Azərbaycan milli mətbəxinin təamlarından ibarət ziyafət verilmişdir.
Sərginin keçirildiyi binanın müxtəlif zallarında Azərbaycanın qədim və zəngin tarixi və mədəniyyətinə aid eksponatlar, milli musiqi alətləri, geyim və zinət əşyaları, arxeoloji tapıntılar, habelə qədim pul əskinasları və digər dəyərli əşyalar nümayiş etdirilmişdir.
Sərgiyə gələn iştirakçılar üçün Azərbaycanın mədəniyyəti və tarixi haqqında müxtəlif nəşrlər, o cümlədən çex dilində nəşr edilmiş “İrs” jurnalı və digər məlumat kitabçaları və broşürlər paylanılmışdır.