“Hazırda “Zəhər tuluğu” filminin Türkiyə və Özbəkistan kinoteatrlarında yayıma başlaması ilə bağlı danışıqlar aparılır. Yaxın vaxtlarda yayım tarixlərini açıqlaya biləcəyik”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında “Zəhər tuluğu” filminin prodüseri Orxan Mərdan deyib.
O qeyd edib ki, film hazırda Qazaxıstan kinoteatrlarında nümayiş olunur: “Mayın 20-də Azərbaycan kino tarixinda bir ilki gerçəkləşdirdik. Qazaxıstanın Almatı şəhərində “Zəhət tuluğu” filminin ilk təqdimatını keçirdik. Artıq “Zəhər tuluğu” “Невыносимый” adı ilə Qazaxıstanın 11 şəhəri 25 kinoteatrında yayımlanır. Təqdimata göstərdiyi marağa görə Almatı şəhərindəki azərbaycanlılara, həmçinin bu səfərə diqqətsiz qalmayan və mənəvi dəstəyini əsirgəməyən Diaspora komitəsinə, həmçinin filmin ilk günlərindən mənimlə olan və mənə inanan Taleh Yüzbəyov, Əlixan Rəcəbov və Ləman Mərrihə səfər təklifini qəbul etdiklərinə görə də təşəkkürümü bildirirəm.
Film ortalama günlük altı seansla qazaxların ən böyük şəbəkəsi “Kino Park”da nümayiş olunur. Dörd həftə kinoprokatda olacaq”.
Prodüser filmin ölkə xaricində ilk yayımını qənaətbəxş hesab edir: “Nəzərə alsaq ki, qazax filmlərinin ölkəmizdə nümayişi bizim oradakı satışımızdan daha zəif idi, məncə ümumillikdə ilk təcrübə üçün prosesi yaxşı qiymətləndirə bilərik. Amma daha yaxşı olması üçün Qazaxıstana tez-tez film aparıb qazaxları bizim filmlərə öyrəşdirmək lazımdır. Onu da yavaş-yavaş biz edirik. Məqsədim dəyişməz qalır: Azərbaycan filmi çəkmək və onu mərhələli şəkildə dünyanın hər yerinə çıxarmaq, kinonun gəlirli sahə olduğunu sübut etmək”.
“Niyə məhz Qazaxıstandan başlamısınız?” sualımıza Orxan Mərdanın cavabı belə oldu: “Biz Türkiyə, Rusiya, Qazaxıstan və Özbəkistanla paralel danışıqlar aparırdıq. İlk müsbət razılığı Qazaxıstandan almışıq. Ona görə yayıma da oradan başladıq”.
Filmin baş prodüseri Orxan Mərdan, quruluşçu rejissorları Teleh Yüzbəyov və Orxan Mərdan, quruluşçu operatoru İman İmanov, ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşirdir.
Filmdə Taleh Yüzbəyov, Ləman Mərih, Zülfiyyə Qurbanova,Tural Əhməd, Könül Cəfərzadə, Nəzakət Heydərova, Əlixan Rəcəbov, Cavidan Novruz, Şaban İmkani, Kəmalə Onur, Emil Musayev, xalq artisti Səidə Quliyeva, əməkdar artistlər Nəsibə Eldarova, Hüsniyyə Mürvətova, Rasim Cəfər, Oktay Mehdiyev rol alıb.