30 May 2022 12:24
1 702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün xalq artisti, görkəmli teatr və kino aktyoru Fuad Poladova həsr olunan “Skafandrlı adam” kitabının təqdimatı olub.

Teleqraf.com xəbər verir ki, "Parlaq İmzalar" nəşriyyatında dərc olunan kitabın müəllifi kinoşünas Aygün Aslanlıdır.

Nəşriyyatın direktoru Nurman Tariq bildirib ki, böyük şəxsiyyətlər barədə kitabların yazılması və nəşr olunmasına səylər davam edəcək.

Kitabın Fuad Poladovun sağlığında yazıldığını xatırladan Aygün Aslanlının sözlərinə görə, nəşr zamanı bəzi mətnlər çıxarılıb və bəzi əlavələr edilib.

Təqdimatda iştirak edən incəsənət xadimləri, mərhum aktyorun dostları çıxış ediblər. Onlar kitabın işıq üzü görməsini yüksək qiymətləndirib, xalq artisti ilə bağlı xatirələrini, fikirlərini bölüşüblər.

“Fuadın balaca işlərlə arası yox idi”

Yazıçı Seyran Səxavət: "Fuadla biz əvvəl tanış olmuşuq, sonra dosta, qardaşa çevrildik, bu azmış kimi yuxarıda Allah, aşağıda “Baksovet” bizi qonşu elədi. Hərə xoşbəxtliyi bir şeydə görür. Fuadla dost olmaq, Fuadla qonşu olmaq mənim üçün ağlagəlməz dərəcədə xoşbəxtlikdir.

Fikirləşirəm ki, Fuadla o biri tərəfdə də qonşu olmaq pis olmazdı. İnanın, bu mənim ürəyimdən keçir.

Fuad öz şəxsiyyətinin sərhədini elə qoruyurdu ki, hələm-hələm böyük dövlətlər öz sərhədlərini elə qoruya bilmir. Allah bizə insaf versin, biz hər yerindən duran haqqında elə böyük sözlər danışırıq, layiq olmayanlar barədə elə sözlər deyirik ki, bu, layiq olanların payına müdaxilə etmək deməkdir.

Fuadın balaca işlərlə arası yox idi. Ailə başçısı kimi nəhəng, dost kimi nəhəng, sənətkar kimi nəhəng, qonşu kimi nəhəng, yol yoldaşı kimi nəhəng, bütün keyfiyyətlərdə nəhəng idi”.

“Onunla ünsiyyətdə olanda həmişə özümü yığışdırırdım”

Xalq artisti Ramiz Həsənoğlu: “Yaradıcılığım boyu bir çox aktyorlarla işləmişəm. Amma onunla ünsiyyətdə olanda həmişə özümü yığışdırırdım. “Fatehlərin divanı"nı çəkəndə Fuad kostyum və qrimdə pavilyona daxil olanda hamıda belə təəssürat yarandı ki, sanki Teymurləng gəlib.

Fuadla işləmək həm böyük məsuliyyət, həm də böyük xoşbəxtlik idi. Fuadda çox qəribə tərzdə şəxsiyyətlə yaradıcılıq iki qanad təşkil edirdi. Onu yaradıcılığından kənarda təsəvvür etmək mümkün deyil, eyni zamanda yaradıcılığında onun şəxsiyyəti hansı rolu oynayır-oynasın, o, özünü oynayırdı.

Bu kitabı üzə çıxardığınıza görə sizə təşəkkür edirəm. Ümid edirəm, mən bu kitabı oxuyanda Fuad haqqında biliklərim daha da çoxalacaq”.

“Həyatının son ilində...”

Əməkdar artist, diktor Rafiq Həşimov: “Mən lap gənc yaşlarımdan özümdən çox yaşlı adamlarla dostluq etmişəm. Fuad Poladovla vaxtaşırı görüşərdik.

Həyat elə gətirdi ki, ömrünün son ilində onunla daha intensiv, daha sıx ünsiyyətdə olduq. Təəssüf ki, bu xəstəxanaya getdiyi dönəmlər idi. Və o saatlarda biz bir-birimizi daha yaxından tanıdıq. İnanın, heç masa söhbətlərində bu qədər bir-birimizi yaxından bilməzdik, nə qədər ki o xəstəxanada yataqda uzanıb, mən də yanında oturub vaxtın keçməsini gözləyirdik. Təbii ki, o vəziyyətdə söhbət etməlisən. O isə heç vaxt boş söhbət danışmazdı. Təsəvvür edin üç saat söhbət... Gələcəkdə yəqin ki, bu söhbətlər də hansısa kitaba çevriləcək.

Biz onun səhnə fəaliyyətini görmüşük, dost məclislərini görmüşük, amma o elə çoxqatlı insan idi ki, illər keçəcək, insanlar bu zəngin xəzinəni axtarıb arayacaqlar”.

“Həmişə deyirdi ki, mən sənsiz bir gün də yaşaya bilmərəm, Gülüstan”

Əməkdar artist Gülşad Baxşıyeva: “Həmişə deyirəm və deyəcəm ki, bizim cəmiyyətimizdə aktyorlara o qədər də dəyər vermirlər. Rusiya telekanalları hər hansı aktyor haqda elə verilişlər hazırlayır, araşdırmalar aparır, televiziya filmləri, bəzən bədii filmlər çəkirlər ki, adam baxıb valeh olur. Bizdə isə sadəcə informasiya xarakteri daşıyır. Niyə belədir, bilmirəm.

O mənada bu kitabın yazılması, üzə çıxması böyük işdir. İnanmaq istəyirəm ki, gələcək nəsil həm Fuad, həm də digər aktyor-aktrisalarımız barədə gözəl sənədli filmlər çəkəcəklər.

Fuad qəribə aktyor idi. Zatən aktyor elə də olmalı idi. Hamı deyir ki, Fuad çox ciddi idi, ona yaxınlaşa bilmirdik. O elə ona görə sevilirdi.

İndikilərin heç birinin xətrinə dəymək istəmirəm. Aktyoru elə cılızlaşdırırlar ki... Həqiqətən də gərək aktyora yaxın dura bilməyəsən. O vaxtlar biz də “Azdrama”nın aktyorlarına həsədlə baxırdıq və yaxınlaşa bilmirdik. İndi belə şeylər yoxdur.

Fuad özünə və sənətinə hörmət edən şəxsiyyət idi. Bu mənada Fuadla hər adam münasibət qura, onu hər adam başa düşə bilməzdi. O, özü sərhədlər qoymuşdu və gözəl də eləmişdi...

21 il biz Fuadla qonşu olmuşuq. Üçüncü mərtəbədə onlar, dörddə biz yaşayırdıq. Fuadın toyunda iştirak etmişəm. Övladlarının dünyaya gəlişinə şahid olmuşam. Hələ körpə olanda uşaqlar mənim danışıq tərzimi bəyənmirdilər, ad gününə dəvət olunanların siyahısı tərtib olunanda, Ağarəhim də, Fəridə də deyirdi: “Bircə Gülşad yox”.

Amma mənim danışıq tərzim Fuadın xoşuna gəlirdi.

Binada yeganə adam mən idim ki, o evə girmək haqqım var idi. Təsəvvür edin, bu həftə evlərinə gedib Fuadla söhbət etmişəm, üzərindən bir həftə keçib mənə zəng edib deyir: “Qonşu, niyə bizə gəlmirsən?” Deyirəm, Fuad keçənlərdə elə sizdə idim. Qəhqəhə çəkir və deyir, gəl biz söhbət edək. Gedirdim, Fuad söhbət eləmirdi, söhbət edən mən idim. Ayağını-ayağının üzərinə aşırıb televizora baxırdı, elə mən danışırdım. Axırda yorulub deyirdim, məni çağırmısan danışmağa, amma üzünü televizora tutmusan. Qəhqəhə ilə gülürdü.

Deyirdim, Fuad, başa düşdüm ki, sən məni niyə çağırmısan. Görünür, çox gülmürsən, məni çağırırsan ki, danışam, sən güləsən. Amma eybi yoxdur, mən razıyam. Təki sən gül.

Bir adam ki, evə girir, bir stəkan çay içir, balaca uşaqları çimizdirir, o adam evin içini daha yaxşı bilir, deyilmi?

Mənim üçün kişi o vaxt mükəmməl kişi olur ki, birinci növbədə ailəsinə hörmət edir. Fuad belə kişilərdən idi. Fuad övladlarını təmin etmək üçün dəridən-qabıqdan çıxırdı. Onlar üçün hər şey edirdi. Amma hərdən hirslənirdi. Xüsusən xəstə olanda... Deyirdi mən dükandan hər şeyi alıb gətirirəm, bunlar niyə xəstələni?

Gülüstan yazıq bir kənarda dururdu, deyirdim, Fuad otur orada, neçə yaşında evlənmisən? 42. 17 yaşında evlənərdin, uşaq xəstələnməzdi. Cavab verə bilmirdi.

Canı-qanı, bütün həyatı onun ailəsi idi. Ailəsi barədə danışmağa heç vaxt heç kəsə icazə vermirdi. Onları qoruyurdu.

Öz həyat yoldaşına böyük sevgisi var idi. Bunu mən bilirdim. Həmişə deyirdi ki, mən sənsiz bir gün də yaşaya bilmirəm, Gülüstan. Niyə? Çünki Gülüstan elə onun istədiyi qadın idi. Gülüstan da aktrisalığı bitirib, biz bərabər aktyor kafedrasında işləyirdik. Fuad gəldi, gördü, aşiq oldu, evləndi.

Fərqli insan idi. Hətta basdırıldığı yeri də özü təyin etdi. Allah rəhmət eləsin, yeri cənnətlik olsun”.

“Kitab illər öncə çap olunmalı idi, ləngimənin səbəbi...”

Kitabın ideya müəllifi Səlim Babullaoğlu: “Azərbaycanın görkəmli adamlarə – aktyorları, yazıçıları, sənətkarları haqqında silsilə kitabların yazılmasına ehtiyac var. Fuad müəllimin böyük aktyor, böyük şəxsiyyət idi.

Bəli, kitab illər öncə çap olunmalı idi. Ləngimənin səbəbi bizimlə onun arasında olan söhbət idi. Bunu açıqlamaq istəmirəm. Amma görünür hər şeyin öz vaxtı var. Kitab Fuad müəllimin sağlığında çap olunsaydı onun kölgəsində qalardı. Amma indi onun yoxluğunu azca da olsa doldurur”.

“Fuad müəllimin qadağalarını pozmaq mənim hobbimdir”

Fuad Poladovun oğlu Ağarəhim Poladov: “Sevinirəm ki, nəhayət, bu kitab işıq üzü gördü. Bu üç-dörd illik bir yol idi. Aygün xanımla ilk müsahibəmiz 2016-cı ildə Araz kafesində baş tutmuşdu. Dedi ki, Fuad müəllim ailə üzvlərinin danışmağına icazə vermir, dedim, Fuad müəllimin qadağalarını pozmaq mənim hobbimdir. Söhbətə belə başladıq.

Bu kitabın satışından qazanılan məbləğ xeyriyyə məqsədilə xərclənəcək. Bacım Fəridə bu işlə məşğul olacaq. Kitabın ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkür edirəm”.


Müəllif: Nərmin Muradova