6 Dekabr 2014 21:29
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda işıq üzü görmüş “Mir Cəlal: həyatı, mühiti, ədəbi, elmi və pedaqoji fəaliyyəti” kitabı elmi və ədəbi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Teleqraf.com-un məlumatına görə, iki cilddən ibarət olan nəfis tərtibatlı kitabda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, zəngin ədəbi və pedaqoji irs qoyub getmiş Mir Cəlalın bitkin obrazı yaradılıb. AzərTAc nəşrin bu və digər məziyyətləri barədə filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin qeydlərini təqdim edir:

XX əsr Azərbaycan ədəbiyyatının həm bədii, həm də nəzəri istiqamətində özünün ustad sənətkarlığı ilə böyük oxucu rəğbəti qazanmış və hələ sağlığında klassik sənətkar səviyyəsinə yüksəlmiş Mir Cəlal öz əsərləri ilə bu gün də müasirdir, toxunduğu milli bəşəri mövzular öz aktuallığını indi də qoruyub saxlamaqdadır. Mir Cəlal müəllim bir yazıçı və ədəbiyyatşünas, bir müəllim və tədqiqatçı kimi müasirlərinə örnək olmuş, əsərlərində qoyulan mövzuların bədii həlli bir məktəb kimi bu gün də öyrətməkdə, ustad dərsləri səviyyəsində qəbul edilməkdədir. Elə ona görə də onun bu gün fəaliyyətdə olan tələbələri - artıq ədəbi aləmdə özlərini Mir Cəlal məktəbinin nümayəndələri kimi çoxdan təsdiqləmiş alim-ədəbiyyatşünaslar vaxtaşırı ədibin əsərlərinin elmi təhlillərini verir, bu əsərlər ətrafında dissertasiya və monoqrafiyalar yazılır və ən əsası isə onun elmi, bədii irsini yenidən nəşr olunur.

Mir Cəlal müəllimin qədirbilən tələbələri onun əsərlərini yeni nəsil oxuculara çatdırmaq üçün xeyli iş görüblər. Böyük müəllimimizin 80, 90 və 100 illik yubileylərində ədibin xatirəsini, bədii və elmi irsini təhlillərə cəlb edən xeyli əsər meydana çıxıb ki, həmin elmi əsərlər təkcə gənc filoloqlara deyil, həm də bütövlükdə Azərbaycan ictimai fikrinə Mir Cəlal yaradıcılığı ətrafında yeni və daha sanballı mesajlar ötürür. Onların sırasında bu il “Nurlar” nəşriyyatında çapdan çıxmış iki cildlik “Mir Cəlal: həyatı, mühiti, ədəbi, elmi və pedaqoji fəaliyyəti” kitabı xüsusi yer tutur. Bu fundamental nəşri filologiya elmləri doktoru, professor Teymur Əhmədov tərtib edib və nəşrə hazırlayıb.

Mən Teymur müəllimin kitab üzərində necə ürəklə, necə məhəbbətlə işlədiyinin şəxsən şahidiyəm. O, indiyə qədər bir çox müəllifin qəzet, jurnal səhifələrində yatıb qalmış məqalələrini, əlyazmalarını çox böyük zəhmətlə toplayaraq kitaba daxil edib. Mir Cəlal müəllimin yaradıcılıq dünyasını araşdıran elm adamlarının bu əsərləri sayəsində kitabın bütövlüyü təmin olunub.

Kitabın redaktoru Ədibə Paşayevadır. Bu da çox önəmli bir faktdır. Ona görə ki, Mir Cəlal müəllimin çoxcəhətli yaradıcılığını həyatını, mühitini, ədəbi, elmi və pedaqoji fəaliyyətini bütöv şəkildə, bir tam olaraq sənətkara doğma adam daha yaxşı görür və daha dəqiq ifadəsinə nail olur. Mir Cəlal müəllimin qızı olan Ədibə xanım Paşayeva gəncliyindən çalışdığı Bakı Dövlət Universitetinin kollektivinin gözündə istedadlı, obyektiv bir alim, tədqiqatçı, müəllim kimi və insani keyfiyyətləri ilə Mir Cəlal ailəsinin ləyaqətli övladı olaraq qiymətləndirilir.

Tədqiqatçı alim, jurnalist və kitabşünas Teymur Əhmədovun müəllif-tərtibçi kimi çapa hazırladığı, indiyədək nəşr etdirdiyi “Nəriman Nərimanov”, “Səməd Vurğun”, “Süleyman Rüstəm”, “Mirzə İbrahimov”, “Abdulla Şaiq”, “Zəlimxan Yaqub”, “Xəlil Rza Ulutürk” elmi monoqrafik xarakterli albom-kitabları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Yaradıcı zəhmətin bəhrəsi olan ikicildlik “Mir Cəlal” albom-kitabı da bu cəhətdən bənzərsizdir.
Mir Cəlal müəllimin həyatına və yaradıcılıq yoluna işıq salan bu ikicildliyin Bakı Dövlət Universitetindəki təqdimatı təsirli anlarla yadda qaldı.

Universitetin rektoru, akademik Abel Məhərrəmov ədibin yaradıcılıq yolunu, bu yolun enişli-yoxuşlu məqamlarını xüsusilə gənc nəsli təmsil edən yüzlərlə tələbəyə aydın bir dillə nümunə göstərdi. Abel Məhərrəmov həmin ikicildlik fonunda Mir Cəlal Paşayevin zəngin ədəbi və elmi yaradıcılığından, onun şəxsiyyətinin əvəzedilməzliyindən bəhs etdi, ədibin 40 ildən artıq bir müddətdə Bakı Dövlət Universitetindəki misilsiz fəaliyyətini xatırlatdı.

Kitab çox maraqlı bir formata malikdir. Nəşrin birinci cildi Mir Cəlalın həyatı, mühiti, ədəbi, elmi və pedaqoji fəaliyyətini əks etdirir. Burada Mir Cəlal yaradıcılığı haqqında müasirlərinin ədəbi-nəzəri düşüncələri və xatirələri, böyük ədibə həsr olunmuş poetik nümunələr yer alır. Materiallar öz tematikasına görə konkret fəsillərə bölünüb. “Ədəbi-nəzəri düşüncələr” adlanan I fəsildə Mir Cəlal müəllimin Məmməd Arif, Məsud Vəliyev, Əhəd Hüseynov, Yəhya Seyidov, Qulu Xəlilov, Qara Namazov, Cəlal Abdullayev, Xeyrulla Məmmədov kimi əqidə dostları, ədəbiyyatşünaslıq elmimizin və ədəbi tənqidimizin görkəmli nümayəndələrinin məqalələri təqdim olunur.

Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidimizin korifeylərindən olan Məmməd Arifin “Yazıçı və alim” məqaləsi Mir Cəlal yaradıcılığını iki istiqamətdən – həm bədii söz ustası, həm də filoloq kimi təhlilini verir.

Məqalədə Mir Cəlal bir nasir kimi belə təqdim edilir: “Azərbaycan nəsrində Mir Cəlalın özünəməxsus mövqeyi vardır. Bu mövqeyi o öz parlaq yaradıcılıq siması ilə, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri ilə tutmuşdur. Onun əsərlərini başqa bir yazıçının əsərləri ilə qarışdırmaq olmaz. Mir Cəlal öz yazı tərzi, təbii dili, bədii ifadə vasitələri, üslubu ilə fərqlənir və diqqəti cəlb edir. Onun sadə, aydın və şirin bir dili vardır; eyni zamanda, bu dil çox əlvan və mənalıdır. Dialoqlardakı təbiilik və canlılıq ədibin əsərlərinə xüsusi bir gözəllik verir, onların bədii təsir qüvvəsini artırır”.

Kitabı vərəqlədikcə hiss edirsən ki, müəlliflərin hamısı Mir Cəlalı ustad sənətkar kimi görür və bir çox cəhətlərdən onu qiymətləndirərkən eyni nəticələrə gəlib çıxırlar. Bu baxımdan Azərbaycan ədəbi mühitində xüsusi yeri olan İlyas Əfəndiyevin “İstedadlı nasir” adlı məqaləsi də xarakterikdir.

Onun və Məmməd Arifin fikirlərinin üst-üstə düşdüyünü aşağıdakı sitat əyani şəkildə təsdiqləyə bilər: “Aydın, sadə və təbii yazmaq onun (Mir Cəlalın - C.M.) əsas yaradıcılıq prinsiplərindəndir… O, heç bir zaman oxucunu “heyrətə salan”, “mürəkkəb” süjetlər qurmağa cəhd etmir, ”fövqəladə” əhvalatlar quraşdırmır. Həyatımızın müəyyən bir parçasını qələmə alaraq şirin, canlı və aydın bir dil ilə təsvir edir. İnsanların əhval- ruhiyyəsi haqqında cansıxıcı, uzun mühakimələr yürütmür. Onların psixoloji aləmini daima hərəkətdə, fəaliyyətdə açmağa çalışır... O, bütün yazılarında səmimidir, təbiidir”.

“Maraqlıdır ki, bugünkü ədəbiyyatşünas alimlərimizin Mir Cəlal haqqında ədəbi düşüncələri zamanın, müasirliyin üslubi çalarlarından qaynaqlanır və biz bu məqalələrin əksəriyyətində sənətkar yazıçının bədii fikir tariximizin ümumi inkişaf kontekstində təhlilini görürük. Əlbəttə, bu yanaşma qloballaşan dünyamızda həm bütövlükdə Azərbaycan bədii təfəkkürünün, həm də bu təfəkkür sistemində konkret bir yaradıcılıq nümunəsi faktı kimi qəbul edilir. Məsələyə bu yöndə yanaşma bir tərəfdən Mir Cəlal yaradıcılığının ümumazərbaycan bədii təfəkkür kontekstində qiymətləndirilməsinə, digər tərəfdən milli bədii təcrübəmizin yenidən və həm də elmi əsaslarla xatırlanmasına xidmət edir.

Bu mənada Azərbaycan elmi-filoloji fikrində öz əsərləri ilə bir çox yazıçı və şairlərimizin yaradıcılığı barədə onlarca maraqlı məqalə müəllifi, AMEA-nın müxbir üzvü Nərgiz Paşayevanın “Yazıçı və zaman” məqaləsi diqqətəlayiqdir. Müəllif nəşrin prelüdiya adlandıra biləcəyimiz giriş hissəsində XX əsrin yetirməsi olan Mir Cəlalın yaradıcılıq yolunu mədəni inkişafın, milli intibahın və ictimai təzadların fonunda təhlil edir. Mir Cəlal müəllimin bir yazıçı və ədəbiyyatşünas alim kimi həm yaradıcılıq yolu, həm də bir insan olaraq xarakterinin bir sıra məqamlarına işıq salır: “Mir Cəlal heç vaxt olduğu yüksəklikdən enib, haqqı da olsa, heç kəsdən heç nəyi tələb etmədi.

Çünki o yaxşı bilirdi ki, əsl yüksəklik kağızların, sənədlərin, möhürlərin, qərarların, iclasların hökmü ilə deyil, ləyaqətli insan ömrü və bu ömrün zamandan-zamana təsdiqi və təntənəsi ilə ölçülür. O da sirr deyil ki, daxilində bir ilahi qığılcım yaşayan hər bir yazıçı, alim, ümumiyyətlə, hər bir istedad zaman çərçivəsini yararaq əbədiyyətə qovuşur. Beləliklə, yazıçı və zaman qarşıdurması həmişə olduğu kimi, bu dəfə də yazıçı qalibiyyəti ilə nəticələnir”.

Bütövlükdə ikicildliyin məqalə müəlliflərinin hamısının gəldiyi nəticə budur ki, “zaman və yazıçı qarşıdurmasını” qələbə ilə başa vuran sənətkarlar sırasında Mir Cəlal müəllimin də xüsusi yeri var.

İkicildliyin birinci cildinin ikinci fəsli Mir Cəlal müəllimin müasirlərinin bu böyük sənətkar haqqında xatirələrini əhatə edir. Bu fəsil Hafiz Paşayevin giriş sözünü əvəz edən bir yazısı ilə başlayır. Layiqli övlad qələminin bu kövrək sətirləri Mir Cəlal müəllimin xatirələrdə əbədi yaşadığını dəqiq ifadə edib. Hafiz müəllim Mir Cəlal Paşayevin xatirələrdə nəyə görə bu qədər hörmət və məhəbbətlə yad edildiyini, ələlxüsus çoxminli oxucularının onu unutmadığını, ədəbiyyat tarixinin səhifələrinə düşdüyünü sənətkarın bədii və elmi dünyasının, bütövlükdə yaşadığı ömrün mükəmməlliyi ilə əsaslandırır.

Bu fəsildəki xatirələrin qiyməti həm də orasındadır ki, memuar müəlliflərinin hamısının ömrü bu və ya digər cəhətdən Mir Cəlal müəllimlə bağlı olub.

Azərbaycan ziyalılığının model nümunəsi, Xalq şairi Bəxtiyar Vahabzadə, lap cavan yaşlarından elmi təfəkkürü ilə ictimai rəydə nüfuz qazanmış Ağamusa Axundov, klassikamızın tədqiqində müəllimi Mir Cəlalla eyni sırada addımlamış Firidun Hüseynov, Qara Namazov, Cəlal Abdullayev, Nizami Cəfərov, Abdulla Abbasov və başqaları həm müstəqim, həm də mənəvi mənada hər birinin müəllimi olmuş Mir Cəlal haqqında ürək dolusu xatirələrini bölüşürlər.

Bəxtiyar müəllimin xatirələrindən Mir Cəlalı xarakterizə edən bir neçə sətri misal gətirmək istərdim: “Beş il mənim müəllimim – 3 il aspiranturada, 2 il doktoranturada elmi rəhbərim və konsultantım, 30 ildən artıq kafedra müdirim olan bu böyük alim-yazıçı ilə bu uzun müddət ərzində bir dəfə də olsun kiçik bir incikliyimiz olmadı. Əlbəttə, bu mənim deyil, məhz onun alicənablığının, xeyirxahlığının və böyüklüyünün nəticəsi idi”.

Haqqında söhbət açdığım ikicildliyin bir oxucusu kimi mənim üçün ən maraqlı məqamlardan biri Mir Cəlal müəllimin öz övladlarının xatirələri ilə bağlıdır.

Hafiz müəllim yaxşı xatırlayır ki, Mir Cəlaldan soruşanda “şah əsəri” hansıdır, o da iftixarla “həyatımda yaratdığım ən böyük əsər – ailəmdir” - deyərdi. Hafiz müəllim onu da xüsusi vurğulayır ki, Mir Cəlalın ailəsinin “şah əsər” statusu qazanmasında ona ən böyük dayaq həyat yoldaşı olub.

Bu xatirə barədə söhbəti yekunlaşdıraraq deyərdim ki, bu yazı təkcə ata-oğul münasibətlərini deyil, bütövlükdə sənətkar və sənət haqqında essedir və sənətkarın keçdiyi ömür yolunun ümumiləşdirilmiş anlarını əhatə edir.

Bu ikicildliyin birinci cildində Ədibə xanım Paşayevanın da bir xatirəsi var. “Atam müdrik insan idi” sərlövhəli bu yazı sanki Ədibə xanımın konkret öz atası haqqında deyil, azərbaycanlı bir atanın mükəmməl modeli barədədir.

Etiraf edim ki, bu xatirə mənə doğmadan-doğma bir adam haqqında elə söhbət açdı ki, onu oxuyub qurtarandan sonra ürəyimdən bu söhbəti, orada təsvir olunan ata, ana modellərini hamıya təlqin etmək istəyi keçdi. Ədibə xanımı uzun illər, BDU-da işlədiyimiz zamandan tanıyıram. Onun xatirəsində əbədiləşən Mir Cəlal müəllim bir obraz, həm də mükəmməl, tipik bir obraz kimi oxucunun idealına çevrilir.

Xatirə müəlliflərinin arasında elələri var ki, Mir Cəlal müəllimin həyat yolu və yaradıcılığı onun üçün həqiqi bir məktəb olub. Mir Cəlal və Firidun Hüseynovu yaxşı tanıyan hər kəs bilir ki, bu iki alim insanlıqda, elmi yaradıcılıqda, klassikaya məhəbbətdə bir-birini tamamlayan alimlər kimi bəzən ən çətin tədris vəsaitini, dərsliyi bir yerdə yazardılar. Firidun Hüseynov Mir Cəlal müəllimin çox istədiyi tələbələrdən olub və onların xarakterində bir oxşarlıq vardı.

Firidun müəllim “İşıqlı adam” sərlövhəli yazısında Mir Cəlalın ədəbi-bədii yaradıcılığından, alimliyindən deyil, onunla iyirmi beş illik tanışlıq, tələbəlik, aspirantlıq, müəllimlik, birgə iş və dostluq münasibəti ilə bağlı olan, kitab-dəftərə düşməyən maraqlı şəxsi keyfiyyətləri, elmi və ədəbi söhbətləri, mübahisələri qələmə alıb. İllərlə bir yerdə çalışdığı müəlliminin dəqiq portretini yaradıb: “Mir Cəlal bir insan, ədib, müəllim, alim, kafedra müdiri kimi həmişə, yaşının bütün çağlarında və hər yerdə bir cür görünən adam idi. O, sadəlik, səmimilik, təvazökarlıq timsalı idi”.

Nəşrdə toplanan xatirələrin hər biri haqqında bir kitab söz demək olar. Məqaləmin böyüklüyünü qoy mənə irad tutmasınlar. Ona görə ki, məsələn, Elçinin “Sadəlik və müdriklik”, Nizami Cəfərovun “Mir Cəlal müəllim”, Abdulla Abbasovun “Böyük naşir, qüdrətli alim, gözəl insan” və digər yazıları təhlilə cəlb etmədən ötüşmək olmur.

Xalq Yazıçısı Elçinin “Sadəlik və müdriklik” adlı xatirəsində Mir Cəlal – İlyas Əfəndiyev dostluğuna, Mir Cəlal yaradıcılığına onun dostlarının münasibətinə, böyük ədəbiyyata bağlılığına, aspirantlarının yaradıcılığında olan cəsarətli fikirlərinin çapına cəsarətlə imkan verməsinə və digər onlarca məqama toxunur.

Beləcə, Mir Cəlal müəllim haqqında xatirələrin hər birində onun mənəvi dünyası, zamana, insana münasibəti, ədəbi həqiqətləri, cəsarəti və xeyirxahlığı... barədə epizodlar, süjetlər var. Bu yazılar Mir Cəlal müəllimi bütöv görməyə, bütöv tanımağa, və bütöv dərk etməyə imkan yaradır.

“Mir Cəlal” albom-kitabın ikinci cildi görkəmli ictimai xadim, ədib, alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illik yubileyi şərəfinə Parisdə, UNESCO iqamətgahında 2008-ci ildə keçirilən tədbirin təsviri ilə başlayır. Sonra Mir Cəlalın həyatı, mühiti, yaradıcılığı fotoşəkillərlə, elm xadimlərinin xatirələri ilə müşayiət olunur. Ayrı-ayrı fəsillərdə “Mir Cəlalın əsərlərinin səhnə həyatı”, “Şəxsi arxivdən əlyazmalar”, “Epistolyar irs: ünsiyyətin canlı şahidi”; “Biblioqrafik məlumat” zəngin məxəzlər əsasında təqdim olunur ki, bütövlükdə bunlar Mir Cəlalı böyük şəxsiyyət, elm xadimi, yazıçı, pedaqoq, qayğıkeş ailə başçısı kimi səciyyələndirir, onun canlı obrazını yaratmağa xidmət edir.

Bu cilddə fotosənədlər, əlyazmalar toplanıb, epistolyar irs öz əksini tapıb. Kitab Nərgiz xanım Paşayevanın bu cildə giriş sözünü əvəz edən yazısı ilə açılır. Bu yazı-esse Dədəm Qorqudun ölümlü-itimli dünya fəlsəfəsi ovqatındadır və ciddi fəlsəfi mahiyyət kəsb edir: “... Bu kitabda gedənlərlə qalanlar bir məkanda və bir zamanda, fotoşəkillərdə və xatirələrdə əks edilmişlər. Mir Cəlal isə gedənlərlə və qalanlarla birgədir. Belə olmalıdır və belə də olur. Çünki həyat davam edir...”

“Ömrün mənalı anları” adlanan fəsildə Mir Cəlal müəllimin cavanlıq çağları, Gəncə həyatı, yazıçının və onun doğmalarının, dostlarının ürək sözləri ilə müşayiət olunan fotoşəkilləri toplanıb. Bütöv və mənalı ömrün salnaməsi olan bu fotolarda Mir Cəlal müəllim doğmaları və o illərin böyük ədəbiyyat sənətkarları ilə bir yerdədir, bir cəbhədədir. O adamları saymaq istərdim, amma gördüm ki, saymaqla qurtarmaz.

Bütöv bir yazıçı ömrünün illərini və fəsillərini təqdim edən bu ikicildlik oxucusunu ləyaqətlə yaşamış, yaddaşlarda pozulmaz iz qoymuş bir sənətkarın bütöv bir obrazı tanış edir. Yeni nəsil Azərbaycan oxucunun belə kitablara çox ehtiyacı var.


Müəllif:

Oxşar xəbərlər