Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının birgə təşkilatçılığı ilə həyata keçirilən “4.4 Qısa tamaşalar” festivalı başa çatıb.
Teleqraf.com xəbər verir ki, festivalda birinci yerə Pantomima Teatrının “Şinel” (müəllif N.V.Qoqol, rejissor Ceyhun Dadaşov), ikinci yerə Gənc Tamaşaçılar Teatrının “İnanıram” (müəllif Ülviyyə Heydərova, rejissor Elşad Rəhimzadə), üçüncü yerə Səhnə teatrının “Qurd əfsanəsi” (müəllif Xaqani Əliyev, rejissor Namiq Ağayev) monotamaşası layiq görülüb.
Xaqani Əliyev bildirib ki, "Qurd əfsanəsi" tamaşası dilindən və dinindən asılı olmayaraq yer üzündə müəyyən sərhədlər daxilində yaşayan insanlara yardım edən, Tanrının göndərdiyi ilahi qüvvə kimi təqdim edilir: "Tanrı Gög Qurdu şər qüvvələrə qarşı apardığı mübarizədə İnsana kömək etmək, yol göstərmək üçün səmadan yer üzünə göndərir... O qurd yenə gəldi, bizi qələbəyə aparan yolu göstərdi və xalqımız zəfər qazandı və ucadan səsləndi: Türkə toxunmasan o sənə toxunmaz! Türkə düşmən olma, Türklə dost ol! Yolumuz Turan yoludur!“ tamaşanın tamaşaçılarda yaratdığı əsas hisslərdən biri də məhz budur”.
Festivalda qaliblərə: birinci yerin qalibinə 5000, ikinci yerin qalibinə 3000, üçüncü yerin qalibinə 1500 manat pul mükafatı verilib.
“Müsabiqədənkənar proqramın ən yaxşı tamaşası” nominasiyasının qalibi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “Anamın kitabı” tamaşası olub. Tamaşanın rejissoru İradə Gözəlovadır. Bu nominasiya üzrə qalibi müstəqil xarici teatrşünaslar seçiblər.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova “İnanıram” tamaşasındakı roluna görə “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.
Festivalın münsiflər heyətində Xalq artisti Cahangir Novruzov, Əməkdar incəsənət xadimləri: professor İsrafil İsrafilov, teatr tənqidçisi Aydın Talıbzadə, dramaturq Əli Əmirli, rejissor Mehriban Ələkbərzadə yer alıb.
Məlumat üçün bildirək ki, göndərilən 20-dən artıq tamaşadan 12-si festivalın müsabiqə proqramına daxil edilib. Bu tamaşaların 6-sı Bakıda, 4-ü bölgələrdə fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür.
Festivalın proqramında müxtəlif ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa da yer alıb.
Festival günlərində tamaşaçılara K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyniadlı povesti əsasında hazırladığı “Kreyser sonatası” tamaşası təqdim olunub.
Çoxsaylı xarici qonağın qatıldığı festival ərzində teatrsevərlər tanınmış teatr mütəxəssislərinin fərqli ustad dərslərində, treninqlərdə və panel müzakirədə iştirak ediblər.