17 Fevral 2023 15:05
1 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sabah" Yaradıcılıq Birliyinin qurucusu, Xalq artisti Ramiz Həsənoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla söhbəti təqdim edirik.

- Ramiz müəllim, qurduğunuz yaradıcılıq birliyi 30 ili geridə qoyur. “Sabah” həm yeni kadrların kəşf olunduğu, püxtəşdiyi laboratoriya funksiyasını daşıyıb, həm də tamaşaçılara "Qatarda", "Ac həriflər", "Yaşıl eynəkli adam", "Fatehlərin divanı", "Bala başa bəla", "Yarımştat" və digər unudulmaz tamaşalar təqdim edib. Bu gün hansı hissləri keçirirsiniz?

- Gözəl hissdir. Görülən işlər artıq tarix olub və arxada qalıb. Gələcəyə isə ümidlə baxırıq. Həyat da bu cürdür. Biz yaşadığımız ömrə deyil, qarşıdakına baxırıq. Nələr olacaq, nələr edə bilərik deyə fikirləşirik.

Düz qeyd etdiniz, “Sabah” laboratoriyadır. Bizim əsas istiqamətlərimizdən biri də gəncləri cəlb etməkdir. Çünki sənəti gənclər irəli aparacaq. Bununla bağlı işlər gedir, kadrlar nəzərdən keçirilir. Kim yazsın, kim hazırlasın, kim çəksin - bu, hər zaman gündəm mövzusudur. Bir sözlə, proses davam edir.

- Kollektiviniz əvvəlki qədər böyükdürmü?

- Xeyir, böyük deyil, hazırda “Sabah”ın heyəti səkkiz nəfərdən ibarətdir. Amma müqavilə ilə başqa peşə sahiblərini - müəllifləri, aktyorları layihə üçün dəvət edirik, əmək haqlarını ödəyirik. Belə də olmalıdır. Bütün dünyada belədi, biz də o yolla gedirik.

- Bundan şikayətçi deyilsiniz ki? Sizi qane edir?

- Əslində bəli. Yaradıcı proses belədir ki, əsas iş ssenari ortaya çıxandan sonra başlayır. Yəni ondan sonra işə kimlərin cəlb olunacağı ilə bağlı dəqiq fikir formalaşır: neçə aktyor gərəklidir, çəkilişlər hansı məkanlarda olmalıdır və digər məsələlər. Bunlar hamısı böyük zəhmət və diqqət tələb edir.

- Hazırda hansı film, yaxud filmlər üzərində iş gedir?

- Bir çox layihələrimiz var. Onlardan biri də "Fatehlərin divanı"dır. Bilirsiniz ki, 1997-ci ildə "Fatehlərin divanı"nı çəkmişdik. İndi onun davamını ekranlaşdıracağıq.

Çəkiliş yay aylarına planlaşdırılır. Əsasən Qobustan qayalarında gecə çəkilişlərimiz olacaq. Ruhlar orada yığışıb məhkəmə quracaqlar. Təbii ki, əsas açar əvvəlki "Fatehlərin divanı"dır. Sadəcə bu dəfəki başqa tarixi personajlarla zənginləşəcək.

Burda tamaşaçı Şah İsmayıl Xətaini, epos qəhrəmanlarını, Dədə Qorqudu görə biləcək. Eyni zamanda həm 20-ci əsrdə, həm də ötən əsrlərdə Azərbaycanın taleyini müəyyənləşdirən adamlar sorğu-sual olunacaq.

Altı hissədən ibarət ekran əsərində hər hissə iki seriya olacaq.

- Son illər sizi "Sabah"da daha çox digər layihələrin prodüseri qismində gördüyümə görə soruşmaq istəyirəm, bu dəfə rejissor kürsüsündə olacaqsınız yoxsa?..

- Bəli, quruluşu mən verəcəm. Bu, çoxdan düşünülmüş bir layihə idi, gerçəkləşməsi uzun zaman aldı.

Bundan başqa “Sabah”da digər filmlər də çəkiləcək, amma onlar haqda danışmaq bir az tezdir. Hazırda ən real “Fatehlərin divanı”dır.

- Xatırlayıram, bir neçə il əvvəl “Sabah”ın susqunluq dövrü idi. Hətta o dönəmlərdə onun gələcəyi ilə bağlı ümidinizi itirməmişdiniz...

- Elə bir dövr var idi. “Sabah” sanki pusquda dayanmışdı, yola çıxmaq üçün imkan axtarırdı. O zaman imkanlar məhdud idi. Azərbaycan Televiziyasının yeni rəhbərliyi istəyir ki, bədii quruluşlara yeni ruh gəlsin. Və bizdən çox şeylər gözləyirlər.

- Ramiz bəy, indiyə qədər “Sabah” nə qədər film istehsal edib?

- Təxminən 60-a qədər film istehsal olunub. İl olub ki, daha aktiv çalışmışıq. Məsələn, 1993-cü ildən 97-ci ilə qədər biz 30 əsər çəkdik. Daha intensiv dövrümüz idi. Elə vaxt olub ki, hər ay premyeraya yığışmışıq. Sonra say azaldı.

İndi artıq yoluna qoyuruq. Bizim işimiz mürəkkəb işdir. Arada fasilə olanda insanlar dağılışırlar, hərə öz işinin dalınca gedir. Onları yenidən bir araya gətirmək üçün vaxt lazımdır. Bu da həmin dediyiniz pauzaları, susqunluğu yaradır.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər