9 Aprel 2023 13:24
1 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən əsrin 70-80-cı illərində Azərbaycana rəhbərlik edən Heydər Əliyevin milli təəssübkeşliyi, nüfuzu sayəsində bir çox filmlərin geniş nümayişinə meydan açıldı”.

Bunu Teleqraf.com-a söhbətində Əməkdar incəsənət xadimi, kino tədqiqatçısı Aydın Kazımzadə deyib.

- Aydın bəy, siz “Heydər Əliyev və kino” kitabının müəllifisiniz. Heydər Əliyevin Azərbaycan kinematoqrafiyasında hansı xidmətləri olub?

- Heydər Əliyev Azərbaycan kinosunun təəssübkeşi, hamisi olub. Kino tariximizin bir çox şərəfli səhifələri ulu öndərin adı ilə bağlıdır. Beləki, Azərbaycan kinematoqrafçılarının yaradıcılığının reallaşmasında, layihələrinin işıq üzü görməsində Heydər Əliyev xidmətlərini sadalamaqla bitməz.

Ədəbiyyat, incəsənət xadimlərinə, elm adamlarına, şəhərimizin ən gözəl yerlərində mənzillər verir, onların yaradıcılıqları, həyat şəraitləri ilə yaxından maraqlanırdı. Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində kinoya himayədarlığı dövlət siyasəti səviyyəsinə qaldırmışdı.

Azərbaycanda kino sənətinin inkişafı üçün yeni kadrların hazırlığı ulu öndərin hər zaman diqqətində olub. Moskva və Peterburqda ali kino təhsili almış azərbaycanlı tələbələr milli kino sənətinin inkişafına öz töhfələrini veriblər.

Azərbaycan kinosunun tarixi üç dəfə dəyişib. Əvvəllər SSRİ kinosu günü həm də Azərbaycan kinosu günü idi. Bu tarix Leninin kinematoqrafiya müəssisələrinin milliləşdirilməsi ilə əlaqədar dekreti ilə bağlıydı.

1963-cü ildə BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra, mən təsadüfən kinoya gəldim. Kino ilə bağlı qəzet və jurnal buraxırdım. 1966-cı ildə kinoprokat idarəsi rəisinin yanına gəldim ki, “Neft və milyonlar sənəti” filminin və deməli, həm də Azərbaycan kinosunun 50 illiyidir. Təklif etdim ki, bu məsələni qaldıraq. Rəis yaşlı adam idi. Mənə acıqlı baxıb, dedi: “ Ay yoldaş, sənin işin-gücün yoxdur? Get, öz işinlə məşğul ol”. Mən də suyum süzülə-süzülə otaqdan çıxdım. 1976-cı ildə isə mən öz sözümü deyə bilirdim. Dövlət Kino Komitəsinin sədri Məmməd Qurbanov alicənab insan idi. Aramızda ata-oğul münasibəti yaranmışdı. Nazim Sadıqov adlı alim vardı, ona da dedim ki, Kinematoqrafçılar İttifaqının sədri Həsən Seyidbəyliyə də deyək, Məmməd Qurbanovun yanında yığışıb Azərbaycan kinosunun 60 illiyi ilə bağlı qərar verək. Biz Məmməd müəllimin yanında yığışdıq və Məmməd Qurbanov SSRİ Kino Komitəsinin sədrinə zəng etdi. O vaxt böyük bir tədbir etmək istəyəndə Moskvadan icazə almaq lazımdı. Kişiyə telefonda nə dedilərsə, çox əsəbiləşdi və dəstəyi yerinə qoydu və dedi ki, ümidimiz qaldı Heydər Əliyevə. Ətraflı arayış hazırladıq, Məmməd müəllim onu Heydər Əliyevə təqdim etdi. Heydər Əliyev arayışla tanış olandan sonra göstəriş verdi ki, dekabr ayına kimi qəzetlər, televiziya və radio bu haqda məlumat yaysınlar.

Heydər Əliyev o vaxt Məmməd Qurbanova demişdi ki, bizim tədqiqatçılarımız bir az dərinə getsələr, bəlkə də bizim kino tariximiz daha qədimdir. Məmməd müəllim bu sözləri deyəndə mən düşündüm ki, bu sözlər elə-belə deyilməyib. Axı Azərbaycanda iki neft bumu olmuşdu: biri 19-cu əsrin ortalarında, biri isə 19-cu əsrin sonlarında. Neftlə bağlı bütün dünyanın gözü burada olub. Əgər hər yandan insanlar gəlib burada çalışıb, pul qazanıblarsa, çox güman ki, kino da olub. Aleksandr Mixaloviç Mişonun da adı çəkilirdi. Ona görə də onun izinə düşdüm. O, fransız olub, burada süjetlər çəkib, pul qazanıb, gedib. Bir ildən çox arxivdə, kitabxanalarda tədqiqat apardım. Məlum oldu ki, Mişon Xarkovdandır, bum olan vaxtı gəlib Bakıya. Bakıda laboratoriya kimi istifadə etdiyi yeri də tapdım. İlk dəfə filmləri nümayiş etdirdiyi yeri də tapmışam.

2000-ci ildə Heydər Əliyev fərmanla bunu təsdiq etdi. Və o vaxtdan da 1898-ci il Azərbaycan kinosunun tarixi kimi qəbul edilir.

- Sovet dönəmində filmlər hazır olandan sonra Moskvada göstərilməli və ekranlara buraxılması üçün rəy alınmalı idi. Heydər Əliyev hansı filmlərin ekranlara yolunu açıb?

- Bəli, o vaxt filmlər öncə Moskvada bədii şuranın üzvlərinə göstərilməli daha sonra geniş ictimaiyyətə təqdim olunmalı idi. Doğrudur ki, filmlərimiz arasında elələri var ki, hazır olandan sonra Moskvada onun Ümumittifaq ekranlarına buraxılması qadağan olunmuşdu. Ötən əsrin 70-80-cı illərində Azərbaycana rəhbərlik edən Heydər Əliyevin milli təəssübkeşliyi, nüfuzu sayəsində həmin filmlərin geniş nümayişinə meydan açıldı.

O olmasaydı, “Bir cənub şəhərində” filminin başına nələr gələrdi? O olmasaydı, “Babək” filmi belə alınmazdı. Heydər Əliyevin kinomuza qayğısı misilsiz olub.

“Bir cənub şəhərində”, “İstintaq”, “Azərbaycan, Azərbaycan” kimi filmlər kinoteatrlarda göstərilməklə yanaşı Ümumittifaq miqyasında uğur qazandı. “Uzaq sahillərdə”, “Dədə Qorqud”, “Nəsimi”, “Nizami”, “Babək”, “Qaynana” filmləri məhz onun tövsiyyəsi ilə çəkilib.

"Bir cənub şəhərində" filmi ilə bağlı Heydər Əliyevin çox maraqlı fikirləri, xatirələri var. O film çəkiləndə ulu öndər Dövlət Təhlükəsizlik Komitəsində işləyirdi. Xatirələrində deyirdi ki, filmin yaranması böyük səs-küyə səbəb olub, çünki o dövrdə hamı deyirdi ki, belə olmaz, film bizi ləkələyir, korlayır. Rəhmətlik Cəfər Cəfərov da Heydər Əliyevə zəng eləyir və xahiş edir ki, o da filmə baxsın və münasibət bildirsin. Ulu öndər kinostudiyaya gəlir və filmə baxır. Filmdə belə bir epizod var ki, milisə bir manat pul verirlər. SSRİ daxili işlər naziri Şolokov demişdi ki, nə təhər ola bilər, milis işçisi bir manat pul alır? Belə şey olmaz. Ona görə də filmi buraxmırdı. Heydər Əliyev filmə baxdı və sonralar xatirələrində deyirdi: “Biz filmi buraxdırdıq və hesab edirəm ki, o, bizim kinematoqrafiyanın həyatında çox böyük hadisə oldu".

XX əsrin 60-cı illərin ortalarında rejissor Əlisəttar Atakişiyev yazıçı Cəmil Əmirovun “Sahil əməliyyatı” povestinin motivləri əsasında “İstintaq davam edir” macəra filminin çəkilişlərinə başladı. Filmdə vətənin təhlükəsizliyinin və şəhərimizin əhalisinin əmin amanlığının qorunmasında Azərbaycan çekistlərinin və milisinin fəaliyyətindən, siravi vətəndaşların sayıqlığından bəhs olunurdu. O vaxt ümummilli liderimiz Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsində sədr müavini işləyirdi. Film çekistlərin fəaliyyətinə həsr olunduğu üçün çəkilişlərin gedişatına Heydər Əliyevin özü rəhbərlik edirdi. Əlisəttar Atakişiyevlə hər dəfə görüşəndə o Heydər Əliyevin filmlə necə maraqlanması, çəkiliş zamanı ortaya çıxan problemlərin aradan qaldırılması üçün köməklik göstərməsi ilə bağlı maraqlı söhbətlər edirdi. Hətta Əlisəttar müəllim filmdəki Dövlət Təhlükəsizlik Komitəsinin sədri Cingizov obrazında Heydər Əliyevi gördüyünü söyləyirdi və maraqlısı odur ki, film Ümumittifaq ekranlarına buraxılandan sonra rejissor Şimalı Qafqaz tamaşaçılarının birindən məktub alır. Həmin məktubu vaxtilə Dövlət Təhlükəsizlik Komitəsində işləyən amma qocaldığıan görə təqaüdə çıxan bir nəfər yazmışdı. O adam məktubda yazmışdı ki, sovet ittifaqının heç bir respublikasında Dövlət Təhlükəsizlik Komitəsinin sədri heç vaxt milli kadr olmayıb, həmişə bu vəzifədə ruslar oturub. Ona görə də müəlliflər filmdə səhvə yol veriblər.

Əlisəttar müəllim bu məktubda yazılanları oxuyanda uşaq kimi sevinirdi. 1967-ci ildə Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə irəli çəkiləndə və ona general mayor rütbəsi veriləndə Əlisəttar Atakişiyev fəxrlə deyirdi ki, gördünüzmü mən Çingizov obrazında Heydər Əliyevi necə görürdümsə həyatda bu belə də oldu.

- Aydın müəllim, Heydər Əliyevin “Mozalan” satirik kinojurnalına münasibəti necə idi? O illərdə “Mozalan”da kifayət qədər tənqidi materiallar yer alırdı.

- "Mozalan" satirik kinojurnalı “Azərbaycanfilm”in markası altında kinoteatrlara buraxıldı. O vaxtlar “Mozalan”ın hər bir nömrəsi Azərbaycan KP MK –da göstərilirdi və Heydər Əliyev o süjetlərə baxırdı. Tənqidi süjetlərdə elə məsələlərə toxunulurdu ki, bunlar hətta Mərkəzi Komitənin bürosuna çıxarıldı. Həmin dövrdə Vaqif Mustafayev “Mozalan”ın redaksiyasında çalışırdı. Vaqif Mustafayev deyirdi ki, bir dəfə “Mozalan”da yenicə tikilən “Aynur” məişət evi ilə bağlı süjet hazırlanmışdı. Həmin süjetdə Əliağa Ağayev və başqaları oynayırdı. Süjetdə məişət evində xidmətin aşağı səviyyədə olması vurğulanırdı. Bakı Şəhər Partiya Konfrasında çıxışı zamanı Heydər Əliyev çıxış etdi və dedi: ““Mozalan”a baxdım, filmin müəllifləri “Aynur”dakı biabırçılığı göstərirdilər. Afərin o yoldaşlara”. Heydər Əliyev insanların əməyini qiymətləndirməyi bacarırdı.

Azərbaycan müstəqillik əldə edəndən sonra kinematoqrafçılarımız kinomuzun gələcəkdə daha yaxşı olacağına əmin idilər. Çünki daha başımızın üstünü kəsdirən, kənardan nəyi çəkmək olar, nəyi olmaz əmri verən, filmləri qamçılayan yox idi. Amma müstəqillik dönəmində ölkədəki gərgin vəziyyət kino sisteminə də sirayət etdi. Yay kinoteatrlarının bir hissəsi satıldı, satılmayanlar biznesmenlərin ixtiyarına verildi, qış kinoteatrları ticarət və iaşə obyektlərinə çevrildi, “Azərbaycanfilm” kinostudiyasının daxilində “Qala” restoranı, kafe, sauna, maşını təmiri emalatxanası tikildi, pavilyonlardan biri anbara çevrildi. İxtisaslı işçilər kinostudiyadan pərən-pərən düşdü.

Kinolentlərin aşkarlanması prosesi üçün Tbilisiyə, Moskvaya, Minskə getmək lazım idi. Belə bir vaxtda Heydər Əliyev hakimiyyətə qayıtdı və kinomuzun yenidən dirçəlməsinə nəzarəti öz üzərinə götürdü.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər