24 May 2023 12:47
2 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

27-28 may tarixlərində Gənc Tamaşaçılar Teatrında 44 günlük Vətən müharibəsinə həsr olunan “Balaca kişilər” tamaşasının premyerası olacaq.

Yazıçı-dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsəri İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirir. Əsərin ideyası “Balaca kişilər”in şücaətindən, onların müharibə fonunda qəhrəmana çevrilmək bacarıqlarından bəhs edir.

Tamaşanın quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir. Tamaşanın geyim rəssamı İradə Heydərovadır.

Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Kərimov, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Rasim Cəfərov, Araz Pirimov, Bəhram Əliheydər, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, Nurlan Süleymanlı, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Anar Seyfullayev, Mirzəağa Mirzəyev rol alıb.

“Balaca kişilər”in quruluşçu rejissoru Nicat Kazımov Teleqraf.com-a açıqlamasında tamaşa barədə bunları deyib:

“İlqar Fəhminin “Balaca kişilər” poemasını 44 günlük müharibə dönəmində “Mədəniyyət” kanalında səsləndirdim və çox böyük marağa səbəb oldu. Azərbaycan müharibədə böyük zəfər qazanandan sonra İlqarla bu mövzu ətrafında bir neçə dəfə söhbətimiz oldu və belə qərara gəldik ki, həmin poemanın qəhrəmanları olan balaca kişilər dediyimiz azyaşlı uşaqlar pyesin qəhrəmanlarına çevrilsinlər.

Uzun müzakirələrdən sonra İlqar çox maraqlı əsər yazdı. Dərsini oxumayan, bütün günü telefonla oynayan, təhsilə laqeyd, müqəddəs məhfumların onlar üçün mövcud olmadığını düşündüyümüz, bir sözlə, xor gördüyümüz uşaqlar bizə böyük qalibiyyət gətirdi. Bu əsər məhz həmin uşaqlar haqdadır.

Əsərin tamaşaya hazırlanması təsdiqlənəndən sonra işə başladıq. Əslində tamaşanı daha əvvəl təhvil verməli idik, sadəcə bildiyiniz kimi teatrımızda “KOD adı V.X.A” adlı tamaşanın məşqləri gedirdi, iki tamaşanın məşqləri toqquşurdu və bəzi aktyorların hər iki tamaşada oynamasını da nəzərə alaraq proses uzandı.

Tamaşada əsasən teatrın ən gənc aktyorları iştirak edirlər. Bununla yanaşı yaşlı, nisbətən orta nəslin də nümayəndələri var. Tamaşada yeganə erməni obrazını Şövqü Hüseynov canlandırır.

Məxsusi tamaşa üçün bir neçə yeni musiqi yazılıb. Amma əsasən Azərbaycan xalq musiqilərindən istifadə olunub, təbii ki, tamaşaçılar həmin musiqiləri yeni aranjimanda eşidəcəklər. Dostum, qardaşım Mirələm Mirələmova təşəkkür edirəm ki, mahnıların bir neçəsini ifa etməyi öz üzərinə götürdü.

Tamaşanın çətin tərəfi odur ki, üzərimizdə böyük məsuliyyət hiss var. Biz hamımız həmin döyüşlərin şahidiyik, qəhrəmanları tanıyırıq. Və burda hansısa yan tərəfə qaçmaq ehtimalı çox böyük idi. Amma min şükür ki, tamaşa təhvil verildi və Bədii Şura tərəfindən yekdilliklə, böyük uğurla qarşılandı. İnanıram ki, 27-28 may tarixlərində baş tutacaq premyeralarda eyni uğur olacaq”.

Rejissor bizimlə söhbətində tamaşanın səhnə tərtibatının maraqlı tarixçəsi olduğunu bildirib:

“Qələbədən bir neçə ay sonra ilk dəfə Şuşaya gedəndə, səhv etmirəmsə, Füzuli ərazisində kənd xarabalıqlarını gördüm. Amma orda diqqətimi çəkən bir məqam var idi: bütün xarab evlərin içərisindən ağaclar boylanmışdı və dam örtüyü kimi evi örtmüşdü. Bu görüntü mənə çox təsir etdi. Sanki təbiət, Allah bizi damsız qoymaq istəməyib.Hər bir evin içindən bir ağac böyüyüb dama çevrilib.

O ideyanı bu tamaşada reallaşdırdıq. Xarabalıqlar və xarabalığın içində bir ağac və ağacın kökləri... Çünki tamaşada müasir qəhrəmanlar deyil, həm də tarixi personajlar var. Dədə-babalarımız olan Şah İsmayıl, İbrahimxəlil xan, Cavad xan, Hüseynqulu xanın da ruhları uşaqlarla birlikdədir.

İnandırıram ki, mənim üçün “Hamlet”i hazırlamaq daha rahat olardı, nəinki bu əsəri. Bu əsərin məsuliyyəti həddindən artıqdır. Ona görə onun yaxşı formada araya-ərsəyə gəlməsi üçün çox enerji sərf etdik. Yeri gəlmişkən, teatrımızın rəhbərliyinə təşəkkür edirəm. Çünki biz “Balaca kişilər”i sponsorsuz, dövlət sifarişi olmadan, yalnız teatrın öz hesabına hazırlamışıq”.


Müəllif: Nərmin Muradova