3 İyul 2023 18:13
2 783
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Asif, Vasif, Ağasif” filmində baş rollardan birini - Asifi canlandıran Emil Pənahov Teleqraf.com-un suallarını cavablandırıb.

- Emil bəy, 40 ildən sonra Vasif və Ağasifi tapdınız. Sizi təbrik edirəm. Uzun illər axtarışda olduğunuzu bildiyimə görə çox maraqlıdır ki, bu görüş necə baş tutdu?

- Təşəkkür edirəm. Nəhayət ki, biz – üç qardaş görüşdük...Rəhbəri olduğum “Buta” rəqs ansamblının 10 illiyi münasibəti ilə Rəşid Behbudov adına Mahnı Teatrında böyük tədbir hazırlamışdım. Ansambldakı uşaqların valideynləri mənə konsertdə iki sürpriz edəcəklərini dedilər. Doğrusu, sürprizdən xoşum gəlmədiyinə görə əvvəlcə razı olmadım. Amma sonra çox xahiş etdilər və məni dilə tutdular.

Konsert davam edir: rəqs nömrələri göstərilir və qısa fasilə zamanı birdən aparıcı bir haşiyə çıxdı. Dedi ki, bildiyiniz kimi Emil müəllim “Asif, Vasif, Ağasif” filmində çəkilib və ordakı qardaşlardan biri bu gün zaldadır. İnanın, mən bu sözü eşidib şok oldum. Nə eşitdiklərimə, nə də gördüklərimə inana bildim. Məni səhnəyə dəvət etdilər, sən demə filmdə Ağasif rolunu oynayan Hökümə xanım öz övladı ilə konsertdə imiş. O an hansı hislər keçirdiyimi indi izah edə bilmirəm. Hər şey yaddan çıxdı. Onda Hökümə ilə görüşdük, danışdıq.

Həmin tədbirdən bir səhnəni jurnalist Vüqar İmanov “Tik-tok”da paylaşandan sonra altında çoxlu rəylər yazıldı. Kimi filmdəki Vasifin yəni Ramin Aslanovun rəhmətə getdiyini, kimi həbsxanaya düşdüyünü, kimi də vəhabi olduğunu yazdı.

Bir nəfər isə Raminin feysbuk ünvanının linkini paylaşdı. Mən həmin linkə girdim və gördüm ki, bu, həmin Ramindir. Halbuki, mən əvvəllər də onu sosial şəbəkədə çox axtarmışdım, amma tapa bilməmişdim.

Feysbukda Raminə mesaj yazdım və üzərindən qısa müddət keçəndən sonra mənə cavab yazdı, elə həmin gün də görüşdük.

O görüşədək o qədər həyəcan keçirtdik ki...Zarafat deyil, aradan 40 il keçib. Düşünürdüm ki, görəsən Raminlə nə danışacam... Amma çox maraqlı söhbət alındı və biz razılığa gəldik ki, Höküməyə də zəng eləyib, növbəti dəfə ailəlikcə dəniz qırağında görüşək.

Ötən şənbə o görüş baş tutdu. Və mən sosial şəbəkədə həmin görüşdən şəkil paylaşdım, bəlkə də səhv etdim...

- Niyə o fikirdəsiniz? İnsanlar neçə gündür ki, o şəkildən danışırlar.

- Çox maraqla qarşılayanlarla yanaşı qeyri-etik sözlər yazanlar da var. Ona görə də nə Ramin, nə Hökümə üzə çıxmaq istəyirlər.

Yazırlar ki, bizi aldadıblar, Ağasifi oynayan əslində qız imiş və yaxud başqa qeyri-etik sözlər...Bu cür münasibət insanı əsəbləşdirir. Mən incəsənət sahəsində olduğuma görə bu kimi sözlərə, rəftara daha soyuqqanlı yanaşa bilirəm, amma onlar elə deyirlər.

Mənim üçün önəmli olan onlarla görüşməyim idi. Çox sevindim ki, sağ-salamatdırlar və Raminlə bağlı yayılan şaiyələr yalan imiş. İkisi də iş adamıdır, çox gözəl də xasiyyətləri var.

- Bəs niyə heç biriniz o filmdən sonra daha filmə çəkilmədiniz?

- Mən “Azərbaycanfilm”də bir qısametrajlı filmdə çəkildim. Amma onun sonrakı taleyi barədə təəssüf ki, heç bir məlumatım yoxdur. 1988-89-cu illər idi, məni çəkilişlərə babam aparırdı. O rəhmətə gedəndən sonra o filmlə bağlı bir neçə dəfə müraciət etdim, amma filmi tapa bilmədilər.

1990-cı illərdə Azərbaycandan köçdüm. 2007-ci ildə qayıtdım və artıq çox gec idi...

Ramin də, Hökümə də heç bir filmə çəkilmədilər və ikisi də tamam başqa sahədə fəaliyyət göstərdilər.

Həm də bilirsinizmi, 90-cı illərdən üzü bu tərəfə uşaq filmləri çəkilmədi.

- Deməli, siz aktyor olmaq istəmisiniz.

- Bəli, mən o filmdən sonra incəsənətə bağlandım. Amma təəssüf ki, daha filmlər çəkilmədi. Mən isə incəsənət sahəsində qalmaq istəyirdim. Filmlərə çəkilmədiyimə görə düşündüm ki, rəqslə məşğul olum.

- Hər dəfə “Asif, Vasif, Ağasif” filminə baxanda nə hislər keçirirsiniz?

- Çox sevinirəm. Mənim yaşıdlarımda o illərdən yalnız iki-üç şəkil qalıb, amma məndə bir film...Özü də hamının sevərək baxdığı bir film...Ən sevindiyim o idi ki, qızım uşaqlıqda o filmə baxırdı və deyirdi ki, bu filmdə mənim atam çəkilib.

- 40 ildən sonrakı görüş necə yadda qaldı?

- Xeyli zarafatlaşdıq, o günləri xatırladıq. Ramin də, Hökümə də xatirimdə qalmayan o qədər məqamlardan danışdılar ki...

- Halbuki, uşaqların içərisində ən böyüyü siz idiniz. Daha çox sizin yadınızda qalmalıydı.

- Mənim beş yaşım var idi. Vasifdən yəni Ramindən 7 gün böyük idim. Hökümə isə balaca idi, səhv etmirəmsə üç yaşı var idi.

İndi məndən tez-tez çəkiliş günlərini xəbər alırlar. Deyirəm, inanın çox az şey yadımda qalıb. Beş yaşlı uşağın nə yadında qala bilər?

- Məsələn, kaprizləriniz...

- İki saatdan bir deyirdik ki, yorulmuşuq, daha çəkilmirik. (gülür) Ən gülməli hadisəni danışım, günlərin bir günü Hökümə meydançaya gəldi və dedi ki, mən qızam, amma oğlan rolunu oynayıram. Siz də oğlan rolu oynadığınıza görə qızsınız. Bu sözdən sonra aləm dəydi bir-birinə...Ağlaşma başladı.

- Ən çox sizi yola gətirən kim idi?

- Rejissorumuz Rasim İsmayılov. O çəkiliş meydançasında bizimlə heç valideynlərimiz də bacarmazdı.

Neçə illərdir ki, uşaqlarla işləyirəm. Və hər dəfə də Rasim İsmayılovun o qədər uşaqla bu filmi necə çəkməyinə təəccüblənirəm. 3-5 yaşlı uşağı dilə tutmaq, sözləri əzbərlətmək, kameraya baxmadan rolda oynatmaq çox çətindir. Oradakı abu-havanı necə yaratmışdılarsa biz sanki özümüzü oynamışıq. Və həqiqətən də bir-birimizin qardaş-bacısıydıq.

Rasim İsmayılov bizə çox doğma idi. Və ona qarşı olan doğmalıq hissi indiyə kimi də qalıb. Bu məsələdə biz - üçümüz də eyni fikirdəyik.

- Emil bəy, maraqlıdır siz ilk dəfə filmə nə zaman baxmısınız?

- İlk nümayişi Hökumət evində oldu və biz də o zaman baxdıq, mükafatımızı da aldıq. Yadımdadı ki, filmdə ən əsəbləşdiyimiz nüans bizi başqalarının səsləndirməsi idi. Üçümüz də dedik ki, bu, bizim səsimiz deyil.

Filmi rus dilində Moskvada səsləndirmişdilər.

- Növbəti görüş üçün vədələşdinizmi?

- 40 ildir ki, bu görüşün, o uşaqların həsrətində olmuşam. Ümid edirəm, yaxın günlərdə yenə görüşəcəyik. Amma bu dəfə valideynlərimizlə birlikdə...Çünki onlar daha çox tanış idilər. Ən böyük səhv də onlarda olub. Biz balaca idik, onlar bizi görüşdürməliydilər. Bunu özlərinə də demişik.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər