8 Sentyabr 2023 09:23
14 979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elman Rəfiyev “Telefon söhbəti” rubrikasında Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Elman bəy, tamaşaçı sizi son illər teatr səhnəsindən daha çox ekranda görür. Çoxdankı arzunuzu indi reallaşdırırsınız?
- 1992-ci ildə Mədəniyyət və İncəsənət Unversitetini bitirəndə Azərbaycanda kino yox idi. Yaxşı ki, teatrı seçdim və teatrda qaldım. Heç peşman olmadım və kinoda çəkilmək üçün 15 il gözlədim. Kino istəyim, arzum idi.

- Bu qədər rejissor dostlarınız var. Heç vaxt onlardan rol istəməmisiniz?
- Heç vaxt deməmişəm, demərəm də. Buna görə onlardan inciməmişəm. Hərənin öz qisməti var. Məni rola sınaqdan keçiriblər, səhəri gün eşitmişəm ki, dostumu çəkiblər. Belə şeylər olub.

- İlk filminiz hansı olub?
- Həm televiziyada və həm də kinoda rejissorum Ramiz Həsənoğlu olub. “Cavid ömrü” filmində bolşevik dramaturqu oynadım. İki dəqiqə ekranda rolum var. Təqdimatdan sonra Bəxtiyar Xanızadə gecə saat 2 -də mənə zəng edib dedi ki, çox yaxşı oynamısan. Sevincimin həddi-hüdudu yox idi.
Ardınca digər filmlər gəldi.

- Ötən mövsüm “Ata ocağı” serialında çəkildiniz. Bu il sizi hansı serialda görəcəyik?
- Təkliflər var. Azərbaycan Televiziyasının Sabah studiyasında “Yad et, məni” silsiləsində növbəti sənədli filmdə Mir Cəfər Bağırov rolunu oynayacam. Artıq ikinci dəfədir ki, Bağırovu canlandıracam. Üz cizgilərimə görə məni həm Bağırova, həm Üzeyir Hacıbəyliyə, həm Beriyaya bənzədirlər. Ona görə bu rollara məni düşünmədən çağırırlar.

- Səs tonunuzdan elə hiss etdim ki, narazısınız.
- Qətiyyən. Öz sözünü demiş insanları, şəxsiyyətləri canlandırmaq mənim üçün çox maraqlıdır. Yusif Vəzir Çəmənzəminlinin obrazını canlandırdım, çoxları bəyəndi.

Bir serialdan təklif gəlib, hələ dünən görüşüb danışmışam. Ad çəkməyəcəm, tamaşaçıların yaxşı tanıdığı serialdır. Təsdiqlənəndən sonra bu haqda məlumat verəcəm.

Amma artıq təsdiqlənən obrazlarım isə AzTV-də çəkiləcək “Əsgər ağa” əsərində Süleyman bəy, “Fatehlərin divanı”nda Əliheydər Qarayevdir. Çəkilişlərin başlamasını gözləyirəm.

- Elman bəy, ötən il “Ata ocağı”na geri dönüşdən öncə aktyorlara verilən qonorardan şikayətlənirdiniz. Hətta buna görə bir çox təklifləri qəbul etmirdiniz. Vəziyyət yaxşılığa doğru dəyişibmi ki, çəkilirsiniz?
- Bu mənim hər yerdə car çəkdiyim məsələdir. Bütün aktyorlar adından danışıram. Aktyorlara verilən qonorar çox gülüncdür. Hətta verilən qonorara görə ən çox sevdiyim dublyaj sahəsindən belə imtina etdim. Verilən məbləği kimə desım, gülürdü. Türkiyədə tanınmış aktyorun bir bölümə aldığı məbləği bizim aktyorlar on il işləyib qazanmalıdır. Çox dəhşətli deyilmi?

Hərdən deyirlər ki, Elman Rəfiyev bahalı aktyordur. Bahalı aktyor deyiləm, sadəcə aktyor sənətinə düzgün qiymət verilməsini istəyən aktyorlardanam.

- Bəs Azərbaycanda ən yaxşı qonorarı hansı aktyor alır?
- Rasim Balayevə verilən qonorarı görəndə adam kədərlənir. O, verilən qonorardan beş-on qat artığına layiqdir. Axı bu, Rasim Balayevdir – kinomuzun canlı əfsanəsi.

- Qonorardan söhbət düşmüşkən, Hollivudda ssenaristlər və aktyorlar artıq neçə aydır bu məsələyə görə tətil edirlər.

- Mən də onlara qoşuluram. O tətil burda olsaydı, ilk cərgəsində mən gedərdim. Milyardlar dönən Hollivudda qonorar azlığından şikayətlənirlərsə, görün bizdə durum necədir... Biz isə səsimizi çıxarmırıq. Hollivud ayağa qalxdı. Onlar milyardlar, biz isə qəpik-quruş alırıq.

- Siz ölkə və xaricdə hansı seriallara baxırsınız?

- Türk seriallarını izləyirəm. "Mən bu cahana sığmazam", "Təşkilat" serialını həm ssenari, həm aktyor oyunu baxımdan maraqla izləyirəm.

İspan serial "LaCasa De Papel" serialını çox bəyənirəm. İspaniya bununla partlayış etdi. Oğlum kinomandır, biz birlikdə oturanda o yeni filmlər, yeni seriallar tapıb mənə izlədir.

Planımda Koreya seriallarını izləmək var. Koreya artıq film və serial sahəsində dünya səviyyəsində öz sözünü deyib.

Mən film izləmirəm, onu hərtərəfli analiz edirəm.

Təəssüf edirəm ki, bu gün televiziyalar, kino bazarı komediya üzərində qurulub. Bu da ki müvəqqətidir. Hamı gülmək istəyir, heç kim düşündürücü nələrəsə baxmağa can atmır. Keçmişə nəzər salsanız görəcəksiniz ki, orda düşündürücü filmlər də, komediyalar da vardı. Tək yol getmək olmaz, yəni ancaq komediya çəkmək düzgün deyil.

Uşaq filmləri çəkilmir. Heç bir rejissor özünü işə salmaq istəmir. Halbuki Amerika uşaqlar üçün gözəl filmlər çəkir. Uşaq filmlərində çəkilmək üçün ürəyim gedir.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər