15 Yanvar 2015 16:43
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əflatun Amaşov: “Bu kitabda 20 yanvar faciəsi daha dərindən öyrənilib”

Beynəlxalq Mətbuat Mərkəzində (BMM) jurnalist Məzahir Süleymanzadə və Şakir Yaqubovun “Qara Yanvar dialoqu” kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə 1990-cı il 20 Yanvar faciəsinin 25 illiyinə həsr olunmuş kitab Azərbaycan Mətbuat Şurasında fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin tövsiyəsi ilə nəşr olunub.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, kitaba hadisələrin şahidləri, müəlliflərin xatirələri, indiyədək dərc olunmamış materiallar daxil edilib: ““Qara Yanvar dialoqu” adlı kitaba hadisələrin şahidləri, müəlliflərin xatirələri, indiyədək dərc olunmamış materiallar daxil edilib. 20 Yanvar hadisəsi sanki Azərbaycan xalqını inkişaf etdirib, güclü millətə çevirdi. Öz torpağını, xalqını sevən, xalqının müstəqilliyi uğrunda vuruşmağa hazır olan və öz canından keçməyi bacaran bir xalqa çevirdi. Azərbaycan xalqını dünyaya ən mübariz xalq kimi tanıtdırdı. Buraya toplaşmaqda əsas məqsədimiz 20 Yanvar hadisələri ilə bağlıdır. Kitab 20 yanvar faciəsinin daha dərindən öyrənilməsinə imkan verəcək”.


Millət vəkili Musa Qasımlı çıxış edərək bildirdi ki, 20 yanvar hadisələri bizim həyatımızda dönüş yaradıb: “20 yanvar hadisələrini Azərbaycanın rəsmi və yaxud qeyri-rəsmi şəxsləri yaxşı xatırlayırlar. Həmin dövrdə məsələyə birmənalı şəkildə Azərbaycan rəhbərliyi münasibət bildirməli idi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 20 Yanvar hadisələri bizim həyatımızda dönüş yaratdı. Azərbaycan xalqı anladı ki, Moskva ilə bir ola bilməz. Azərbaycanın yolu müstəqillikdədir. Həmin dövrdən sonra Azərbaycan müstəqillik əldə etdi”.

Qeyd edək ki, nəşrin məsləhətçiləri Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Musa Qasımlı, redaktoru Yusif Kərimovdur.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər