Əfsanəvi türk aktrisa Selda Alkor qonaq olduğu televiziya verilişlərinin birində diqqətçəkən açıqlamalar verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Selda Alkor Fatma Girik, Türkan Şoray, Filiz Akın və Hülya Koçyiğitdən ibarət "Dörd yarpaqlı yonca" ilə bağlı gözlənilməz fikirlər səsləndirib.
"Bu ifadə mənə həmişə itici təsir bağışlayıb. Nəhəng türk kinosunu bu dörd ada bağlamaq düzgün deyil. Bircan (Bircan Usallı Silana) bu ifadəni işlətməklə sevimli bacılarını bir araya gətirdi. İllər əvvəl Bircana demişdim ki, gəl mənimlə işlə. O zaman nədənsə alınmadı. Elə başa düşülməsin ki, mən onların dəyərini bilmirəm. Mən onları çox sevirəm, mənim üçün də önəmlidirlər. Amma nəhəng türk kinosunu dörd ada bağlamaq olmaz. Burada çox çalışıb, zirvələrə çatan insanlar var. Onları tapdalamaq çox ayıbdır. O vaxtlar layihələr böyük adlara verilirdi, qalanları da bizə paylanırdı. Mən həyatımda yalnız "İldə bir gün" filmini yaxalaya bildim. Həmin rolu da Türkan Şoray oynamalı idi, amma deyəsən xəstələndi. Xəstələnməsəydi, mənə qalmazdı. Ümumən isə 100-ə yaxın filmdə rol almışam”.
Aktrisa Fatma Girikin karyerasının Memduh Ündən asılı olduğunu deyən Alkor fikrini belə izah edib:
"O dövrdə bir çoxunun arxasında çox böyük adlar var idi. Memduh Ün olmasaydı Fatma Girik belə yaxşı aktrisa ola bilərdimi? Bunu etmək mümkün deyildi. Memduh Ün yazdığı bütün ssenarilərdə ən əhəmiyyətli rolu Fatma Girikə verdi. Bunlar təsadüf ola bilməz".