12 Yanvar 12:12
2 497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada konsertlər verən, istedadlı pianoçu, Köln Ali Musiqi Məktəbinin dosenti Toğrul Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Toğrul bəy, sizi vətəndə xoş gördük.

- Çox sağ olun.

- Bu ərəfələrdə, adətən, sizin Bakıda konsertiniz olur. Deyəsən, ənənəyə çevrilib...

- Bəli, mütəmadi olaraq Bakıda konsertlər verməyə çalışıram və bu, mənim üçün böyük şərəfdir. Artıq 12 ildir Azərbaycandan kənarda yaşayıram, amma azı ildə iki dəfə Bakıya gəlirəm. Bir səbəb ailəmi görməkdir. Mənim bütün yaxınlarım Azərbaycanda yaşayır. Digər səbəb isə Azərbaycanda başladığım konsert fəaliyyətini davam etdirməkdir.

- Neçə ildir, burada konsert verirsiniz?

- 2014-cü ildən başlayaraq hər il, artıq 10 ili tamam olacaq. İlk böyük konsertim 2014-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında baş tutdu. 2015-ci ildə Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Qəbələdə orkestrlə çıxış etdim. Həmin il Bakı Musiqi Akademiyasının böyük zalında solo konsertim oldu. 10 ildə bəzi konsertləri özüm planlaşdırmışam, bəziləri isə dəvət əsasında olub.

Yenə deyirəm, bu, mənim üçün böyük şərəfdir, eyni zamanda bir musiqiçi kimi də Azərbaycan tamaşaçısıyla mütəmadi qarşılaşmaq, öz bilik-bacarıqlarımı tək musiqisevərlərlə deyil, həm də Azərbaycan klassik musiqisi ilə ciddi məşğul olan gənclərlə bölüşməkdə maraqlıyam.

Ötən il yanvarın 7-də Filarmoniyada verdiyim konsert bizim şəhid polkovnik leytenantımız pilot Rəşad Atakişiyevə həsr edilmişdi. Həmin gün onun doğum günüdür. Ruhuna hörmət əlaməti olaraq onu bacardığım işlə - ifa etdiyim əsərlərlə andım. Çoxdan bu fikirdə idim, amma dünyanı bürüyən koronavirus pandemiyası səbəbindən bunu keçən il reallaşdıra bildim.

- Bu dəfəki konsertiniz format etibarı ilə bacınız şəhid hərbi pilot Rəşad Atakişiyevin xanımı Könül Hüseynova ilə birlikdə həyata keçdi. İdeya kimə məxsus idi?

- Doğrusu, öncə kamera musiqisi konserti kimi planlamışdım. Yayda məşqlərə başladım, öncəliyim bir skripka ifaçısı ilə birlikdə ifa etmək idi. Ancaq planları dəyişmək məcburiyyətində qaldım. Yenə də fikrim fərqli konsert konsepti ilə tamaşaçıların görüşə gəlmək idi.

Eyniliyi sevmirəm, 10 ilə yaxındır Bakıda ancaq solo konsert proqramları və orkestrlə çıxış etmişəm, ona görə ilk ideyam alınmayanda bacım, Bakı Musiqi Akademiyasının professoru, fəlsəfə doktoru Könül Hüseynovaya müraciət etdim. Dedim, gəl, anamızın arzusunu reallaşdıraq: o, həmişə istəyirdi ki, biz səhnədə qoşa çıxış edək. Çünki mənim klassik musiqi ilə ilk tanışlığımın səbəbkarı bacım olub. Məhz onun sayəsində musiqiçi olmuşam.

Dörd yaşımda məni fortepiano ilə tanış edib, ilk müəllimim də elə bacım olub. Anamın arzusunu həyata keçirmək üçün böyük bir fürsət yaranmışdı, beləcə, dekabrın 23-də birlikdə Beynəlxalq Muğam Mərkəzində konsert verdik, əsərləri həm ayrılıqda, həm də duet şəkildə ifa etdik.

- Mən sizin ötən dəfəki konsertinizi izləmişəm, çox möhtəşəm idi. Bu dəfə hansı əsərləri ifa etdiniz?

- Konsertin adı “Romantik ruhun yüksəlişi” olduğuna görə burada romantik əsərlər səslənməli idi. Romantik musiqi dedikdə klassik musiqinin romantizm cərəyanının musiqisi nəzərdə tutulur. Mən bu musiqini çox sevirəm.

Konsertdə bacımla duet şəklində Frans Şubertin fortepianoda dörd əl üçün bəstələnmiş fantaziyasını ifa etdik. Bu, klassik musiqi tarixində bəstələnmiş ən şedevr əsərlərdən biri sayılır.

Ümumiyyətlə, mən konsert proqramını tərtib edəndə çalışıram ki, proqramda şlyager - klassik musiqinin ən yüksək qiymətləndirilmiş əsərləri yer alsın. Çünki Azərbaycanda indiyə kimi az səslənmiş və ya heç səslənməmiş əsərlər var ki, fikrimcə, onlar mütləq səslənməlidir. Klassik musiqi ilə tanışlıq məhz bu əsərlərdən keçir.

Bacım iki əsər ifa etdi, biri Robert Şumanın əsəriydi, digəri isə Sergey Raxmaninovun “Çovğun” etüdü. Biz belə qərara gəlmişdik ki, konsert məhz qışda olduğu üçün qışla bağlı klassik musiqinin incilərindən əsərlər seçək və buna görə mən də Ferens Listin “Çovğun” etüdünü ifa etdim.

Ümumiyyətlə, musiqidə qış fəslinə böyük önəm verilir. Qış həm bir dövrün bitişini, həm də bir az dəhşəti özündə əks etdirir. Çünki orda soyuq, qar, çovğun var.

Hər iki “Çovğun”u tamaşaçılar çox sevdi. Konsertin son əsəri isə proqramın ən uzun əsəri olan Yohannes Bramsın “Hendel mövzusuna variasiyaları” idi. Bu əsəri o, cavan yaşlarında bəstələyib, onun ən uğurlu əsərlərindən biri sayılır. Repertuarımda yer almış ən önəmli əsərlərdən biridir.

Çalışıram ki, Azərbaycanda klassik musiqinin yaşamasında, davam etməsində mənim də rolum olsun. Təkcə Azərbaycanda deyil, bütün dünyada klassik musiqiyə maraq təəssüflər olsun ki, azalır.

- Demək, bunu Avropada da hiss edirsiniz…

- Bəli. Xüsusən gənc nəsil arasında. Klassik musiqi Avropada doğulmuş musiqidir, Avropa mədəniyyətinin ən üstün incilərindən biridir. Təbii ki, bu mədəniyyəti, bu irsi saxlamaq Avropanın bir növ borcudur.

- Avropada bu, necə qorunur?

- Avropada hər bir ölkənin elitası, ziyalı təbəqəsi var. Klassik musiqi hər zaman elitanın musiqisi olub. Gənclər daha asan başa düşülən, düşünməyə elə də ehtiyacı olmayan işlərə qaçırlar.

Alimlər də deyir ki, zaman keçdikcə insanların yaşayışı asanlaşır. Məsələn, XIX əsrdə insanlar indikindən qat-qat ağır şəraitdə yaşayırdılar və ağır şəraitdə yaşayan, çətinlikləri görən insanın beyni daha mürəkkəb işləməyə məcbur olur. O, yeni kəşflər edir, çətin yollarla qazanılmış kəşflərsə tarixdə dərin iz buraxır.

İnsan zamanla asan yaşamağa başlayırsa, artıq maraqlar da azalır. Dərinliyə, çətin yola getməyə istək olmur. Avropada isə insanlar rahat yaşayırlar. Xüsusən gənclər. Bunu bir növ özləri üçün təşkil ediblər.

Ona görə də onların həyat tərzi çətin anlaşılan musiqini gündəlik qulaq asmağa imkan vermir. Yəni bu, təkcə insanların günahı deyil, bu, həm də dövrün tələbidir. Bu gün həyatımızda smartfonlar, kompüterlər var, bir saata görəcəyimiz işləri beş dəqiqəyə endirir.

Sizin sualınıza cavab olaraq deyim ki, klassik musiqini qorumaq elitanın işidir. Elita daim klassik musiqini ayaqda saxlamaq üçün müəyyən vasitələrdən istifadə edir. Burada təbii ki, öncə maliyyə gəlir. Mədəniyyət sahəsinə nəzarət edənlərə daim dövlət qayğısı var. Həyatın, insanlığın müəyyən dönəmləri olur: kimsə nəyisə kəşf edir və hansısa dönəmdə onu qoruyub saxlamaq artıq missiyaya çevrilir.

Fikirləşirəm ki, sadəcə dövr belədi. Klassik musiqi isə heç zaman ölməyəcək. Nə qədər ona az qulaq assalar da, nə qədər anlamasalar da yenə bir qrup təbəqə onu yaşadacaq.

- Avropada və Azərbaycanda konsert proqramlarınızın təşkili necə həyata keçirilir?

- Avropada klassik musiqidə konsert təşkilatçılığı çox uzun illərin təcrübəsinə dayanaraq bizimkindən fərqli və çox inkişaf etmiş formadadır. Orda bu işi sırf təşkilatçılar edir. Azərbaycanda isə başqa cürdür.

Burada konsertlərimin təşkili əsasən öz üzərimə düşüb: səhnənin tərtibatı, işlərin planlaşdırılması, hansı kameraların olması, işıqlandırma və digər məsələlər. Avropada isə bunu daha professional səviyyədə prodüserlər, menecerlər edirlər.

- Almaniyada meneceriniz varmı?

- Hələlik özəl menecerim yoxdu. Hər konsertdə fərqli menecerlərlə işləyirəm. Orada konsertlərim dəvət əsasında olur. Özüm də konsert verə bilərəm, amma bu, çox böyük maliyyə tələb edir.

- Azərbaycanda bir konsertin özü-özünü maliyyələşdirməsi çox çətindir. Bu, heç kimə inandırıcı gəlmir.

- Təbii ki, insan konsertlərdən qonorar götürməlidir. Bu, işin vacib qismidir. Yəni dünya belə yaranıb ki, mən işləyirəmsə, əvəzində gəlir qazanmalıyam. Azərbaycanda verdiyim konsertlərin heç biri, belə deyək, maddi gəlirə hesablanmayıb.

- Yəni?..

- Burada verdiyim heç bir konsertdən qonorar almamışam. Yalnız Qəbələ Beynəlxalq Musiqi Festivalındakı çıxışımdan başqa... Müəyyən qonorar vermişdilər və bu, simvolik rəqəm idi. O başqa məsələ ki, Azərbaycanda verilən qonorar Avropada verilən qonorarla müqayisə edilməz. Amma yenə deyirəm, mən Azərbaycana konsert fəaliyyətində gəlir əldə etmək hədəfi ilə gəlməmişəm. Sadəcə istəyirəm ki, bu ölkədə klassik musiqiyə maraq ölməsin. Xaricdə isə təbii ki, qonorar olmalıdır. Başqa yolu da yoxdur.

- Digər tərəfdən, konsert həm də sizin yaradıcı hesabatınızdır, bu arenada olmağınızı, fəaliyyətinizi nümayiş etdirir.

- Bəli, mən bir azərbaycanlı klassik musiqiçi kimi göz önündə olmaq istəyirəm. Çünki fikirləşirəm ki, keyfiyyətim buna tamamilə uyğundur. Tamaşaçıların reaksiyasını da görürəm. Bakı Musiqi Akademiyasının dosentləri, professorları, musiqi biliciləri, tamaşaçılar deyirlər ki, biz səni Bakıda tez- tez görmək istəyirik. Ona görə maddi maraqlari düşünmürəm, məqsədim sırf klassik musiqidə öz bacarığımı Azərbaycan tamaşaçısına göstərməkdir.

Bununla mən tamaşaçıya ən yüksək şedevrləri təqdim edirəm. Çünki bildiyim qədəri ilə, mənim 10 ildə Azərbaycanda ifa etdiyim əsərlər çox az, hətta üzr istəyərək deyəcəm, bəziləri heç səslənməyib. Sovet dönəmini deyə bilmərəm, amma bildiyim odur ki, müstəqillik dönəmində səslənməyib.

Niyə Bramsın “Hendel mövzusuna variasiyaları” Azərbaycanda səslənməməlidir? Yaxud Ferens Listin "H moll Sonatası"?.. Ən çətin əsərlərdəndir. Eləcə də Robert Şumanın "Kreisleriana" əsəri. Fortepiano tarixində ən böyük əsərlərdən biridir, Azərbaycanda bir, yaxud iki dəfə səslənib, ya yox. Niyə belə gözəl əsərlərə həsrət qalmalıyıq?

- Sizcə, niyə səslənmir?

- Bir neçə səbəb var. Onları ortaya çıxartmaq üçün bizdə yüksək səviyyəli pianoçular yetişdirilməlidir. Pianoçuların yetişdirilməsi üçün xaricdə təhsil çox önəmlidir.

- Azdan-çoxdan o cür ifaçılarımız var. İndiki nəsildən kimləri o bacarıqda görürsünüz?

- Bildiyim və gördüyüm çox istedadlı uşaqlar var. Sadəcə onların yetişməsi üçün şərait lazımdır. Bilirsiniz, kimdəsə istedad ola bilər, gərgin çalışa da bilər, amma bir pianoçunun tam yetişməsində bir çox nüanslar üst-üstə düşməlidir.

- Ən vacibi nədir?

- Yüksək təhsil. Elə bir təhsili almaqsa çətindir. Bəxt, gərgin əmək olmalıdır, insan bir çox şeylərdən vaz keçməlidir. İstiqamət verən ailə, şərait, dəstək... Dövlət tərəfindən də, başqa formada da dəstək vacibdir. Bir sözlə, çox şey tələb olunur, tutalım, ailədən dəstək verilməsə, onda motivasiya da olmayacaq.

- Bu baxımdan özünüzü şanslı hesab edirsiniz?

- Bəli, mənim bəxtim çox gətirib. Ən yaxşı müəllimlərlə görüşmək, ən yaxşı musiqiçilərlə işləmək imkanım olub. Bu yolla getməyim sanki Tanrının istəyi idi. Bunu hiss edirəm. Ona görə də borcumdur ki, sona kimi davam edim.

- Konsertlərinizdə Azərbaycan əsərləri yer alırmı?

- Əlbəttə, Azərbaycan bəstəkarlarının əsərlərini təbliğ etməkdə maraqlıyam. Amma sözün düzünə qalsa, bizdə sırf fortepiano üçün yazılmış çox mürəkkəb əsərlər azdır. Mən isə hər zaman mürəkkəb əsərlər ifa etməyə çalışıram. Asan əsərləri ifa edəndə tamaşaçılar tərəfindən birmənalı qarşılanmır.

Bizdə yüksək səviyyəli əsərlərdən biri kimi Fikrət Əmirovun Elmira Nəzirova ilə birlikdə bəstələdiyi “Ərəb mövzularında konsert”İ nümunə çəkə bilərəm. Eyni zamanda Qara Qarayevin prelüdləri çox gözəl və maraqlı əsərdir.

- Ruhunuza hansı bəstəkarın əsərləri yaxındır?

- Ən azı beşinin adını çəkə bilərəm. Çünki çoxdur.

- Bəs indiki ruh halınıza?

- Şopen. Təəssüf ki, Azərbaycanda Şopeni tam anlamıyla tanımırlar, onun dünyanı silkələyən momumental əsərlərindən çoxları xəbərsizdir. Onlardan birincisi "24 prelüd silsiləsi"dir, fantastik əsərdir...

Bu yay İspaniyanın Malyorka adasına getmişdim. Məqsədim həm istirahət etmək, həm də Şopenin ev muzeyinə baş çəkmək idi. Çünki "24 prelüd silsiləsi"ni Şopen məhz Malyorkada olarkən bəstələyib. Onun çox sərt öskürəyi varmış və deyirdilər ki, buna səbəb Parisin rütubətli havasıymış. Ona görə Şopeni quru havası və gözəl təbiəti olan, Avropanın incilərindən sayılan Malyorkaya göndərirlər.

O zamanlar Malyorka elitanın istirahət mərkəziymiş. Oranın gözəlliyi məni valeh etdi, sanki cənnətin özüdür. Şopen dörd ay orda qalıb, amma ən qəribəsi odur ki, elə bir gözəlliyin içərisində həyatının ən dəhşətli zamanını yaşayıb. Məhz Malyorkada vərəm xəstəliyinə tutulduğunu öyrənib və bu, 28 yaşlı Şopen üçün fəlakətli bir xəbər olub. Üstəgəl, həyat yoldaşı uşaqları ilə birgə onu tərk edib. Şopen tənha qalır və həmin silsiləni bəstələyir.

Ora getmək, məktublarını oxumaq, xatirə dəftərinə ürək sözlərini yazmaq, onun baxdığı mənzərəyə, gözəlliyə yaşadığı evdən göz yetirmək, bu, o qədər gözəl, fəxr ediləsi an idi ki...

"24 prelüd silsiləsi" fortepiano tarixində beş ən böyük əsərdən biridir və mən hazırda həmin əsərin üzərində işləyirəm. Arzum tezliklə onu da Bakıda təqdim etməkdir. Sözümü ona gətirirəm ki, bu gözəl silsilənin Azərbaycanda ard-arda ifa olunduğunu xatırlamıram. Amma ifa etmək mütləq lazımdır.

Bizim bəstəkarlara böyük hörmətim var, amma biz özümüzü klassik musiqi ölkəsi kimi tanıda bilsək, o zaman Qərb də, Qərbin elitası da bizə tamam başqa cür yanaşacaq.

- Xarici ölkədə hansı Azərbaycan musiqiçisinin konsertinə getmisiniz?

- Heç kimin.

- Bəs Əzizə Mustafazadənin? Almaniyada yaşayır və mütamadi konsertlər verir.

- Əzizə Mustafazadə məşhur musiqiçidir. Azərbaycanı ən çox tanıdan insanlardandır. Almaniyada bunun şahidi də olmuşam, Azərbaycan deyəndə Əzizə Mustafazadənin adını çəkirlər. Unikal şəxsiyyətdir, yeniliyə imza atmış böyük musiqiçidir və bütün bu nailiyyətləri öz gücünə əldə edib. Ona çox hörmətim var. Amma təəssüflər olsun ki, konsertində iştirak etmək şansı hələ əldə edə bilməmişəm.

- Almaniyada yaşayışınız necədir?

- Köln Musiqi Akademiyasının dosentiyəm, həm orada, həm də Dövlət Musiqi Məktəbində çalışıram. Vaxtaşırı konsertlərim olur. Daha çox konsert pianoçusu kimi dünya miqyasında çıxış etmək istəyirəm.

Arzu edirəm ki, dünyada azərbaycanlı klassik musiqiçilərin sayı çoxalsın. Bunda maraqlı olmaq və bu istiqamətdə işlər görmək lazımdır.

Ermənilərin klassik musiqidə çox güclü fəaliyyətləri var. Erməni milyonçuları klassik musiqi festivallarının əksəriyyətinə sponsorluq edir. Və şərtləri də o olur ki, festivalın hansısa mərhələsində erməni bəstəkarı Aram Xaçaturyanın əsəri səslənsin. Dubayda Xaçaturyan festivalı keçirilmişdi və ora dünyanın ən məşhur musiqiçiləri dəvət almışdı. Bu, böyük propoqandadır.

- Siz öz fəaliyyətinizdə ermənilərin maneələri ilə qarşılaşmısınız?

- Bir müsabiqədə olmuşdu. Jüri istəyirdi ki, festivalın birincisi kimi mən və rus pianoçusu mükafat alsın. Mənə çatan məlumata görə, erməni sponsor qətiyyən buna razı olmamışdı. Ümumiyyətlə, mənə heç bir yer verilməsini istəmirdi, amma jürinin ispan sədri təkid etdi ki, mütləq yer verilməlidir, birinci yer olmasa da ikinci yerə sahib olmalıdır.

- Toğrul bəy, mənə iş otağınız maraqlıdır... Necədir?

- Mən birotaqlı evdə qalıram... (Gülür).

- Lap maraqlı oldu.

- Bəli. Ora mənim həm iş, həm də yataq otağımdır. Təəssüf ki, hələlik belədir.

Sakitliyi çox sevirəm. Daima fikirlərimi cəmləmək üçün sakitlik mənim üçün çox önəmlidir. Yaxşı yuxu vacibdir. Bizim işimiz zehin işidir, amma idmanla da məşğul olmaq lazımdır. Etiraf edim ki, özümü buna məcbur edirəm.

- Bacınız istedadınızı kəşf edib, valideynlərinizin qərarı ilə musiqiyə yönəlmisiniz. Sanki təzyiq altında... Çox güman ki, hansısa anda buxovları qırmaq istəmisiniz...

- Yox, musiqini buraxmaq istəməmişəm.

- Bəs nə vaxt hiss etdiniz ki, musiqi sizinlə iç-içədir?

- 14 yaşımda. Etiraf etməliyəm ki, o vaxta qədər məcburiyyətlə çalışmışam. Sonra başa düşdüm ki, bu, mənim yolumdur.

- Və bu yolda qurban verdikləriniz də az deyil, eləmi?

- Təbii, gəncliyim, əyləncələrim... Peşman deyiləm, belə olmalı idi. Mən taleyə inanan insanam. Əlbəttə, insan öz taleyini dəyişə bilir. Amma hiss edirəm ki, ruhumun seçdiyi yol musiqidir. Mən bu həyata musiqiçi olmaq üçün gəlmişəm.


Müəllif: Nərmin Muradova, Foto: Ceyhun Zeynalov

Oxşar xəbərlər