7 İyun 11:17
2 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Vaqif Səmədoğlu yazırdı ki, qadın üçün yaşamalısan, qadın üçün ölməlisən: “Millət üçün, vətən üçün ölənlərin qarşısında baş əyirəm, ancaq qadın üçün ölənlərin qarşısında diz çökürəm”.

Qadın incəsənət və ədəbiyyatın ən sevimli mövzusudur. Xüsusən də ədəbiyyatın. Az qala hər sətir, hər cümlə onlara həsr edilib və edilir. Təkcə sənət dünyası yox, elə gündəlik söhbətlərin də sevimli mövzusudur. Qadın belə yaradılıb da, hamı ondan danışır. Nədir bu mövzunu bu qədər cazibədar edən güc? Bu, sevgi və məhəbbətdən gələn bir cazəbədirmi, ya nə?..

Ədəbiyyat adamları bu haqda nə düşünürlər: qadını yazıçı və şairlər üçün cəlbedici edən nədir? Niyə ədəbiyyatda qadın məsələsi böyük yer tutur?

Teleqraf.com bu sualla ədəbiyyat adamlarına müraciət edib.

Cavabları təqdim edirik.

Ədəbi tənqidçi Əsəd Cahangir suala belə cavab verib:

“Ədəbiyyatın əsas qəhrəmanı kişidir. Kişi öz varlığı və ya üstünlüyünü iki planda təsdiq edib: hakimiyyət və qadına yiyələnməklə. Qadın və hakimiyyət, qadın və dünya ədəbiyyatda adekvatlaşmış və sinonimləşmiş obrazlardır. Dünya ədəbiyyatı buna uyğun olaraq iki əsas qola ayrılır: qəhrəmanlıq və məhəbbət mövzularına.

Qəhrəmanlıq mövzularında kişinin hakimiyyətə yiyələnməsindən söhbət gedir, o, burada öz üstünlüyünü qılıncı ilə sübut edir. Məhəbbət mövzularında da kişi qəhrəman olaraq qalır, amma öz üstünlüyünü qadının qəlbini ələ almaqla sübut edir. Hər ikisində fatehdir: birincidə hakimiyyət, taxt-tac və ölkəni ələ alır, ikincidə isə qadının qəlbini fəth edir. Bu baxımdan, qadın mövzusunun dünya və milli ədəbiyyatda, eləcə də folklorda geniş yer tutması tamamilə təbii və məntiqlidir.

Ədəbiyyatın da, dini düşüncənin də mənşəyi məhz qadından – Həvvadan, alma və Adəm məsələsindən başlayır. Dünyanın bünövrəsi belə qoyulub. Bu məsələ müxtəlif tarixi mərhələrdə müxtəlif cür işlənib. Məsələn, dini təsirlə müxtəlif ictimai-iqtisadi formasiyalarda qadının sosial durumu ilə bağlı olaraq, ən müxtəlif şəkillərdə öz əksini tapıb. Amma ədəbiyyat mütərəqqi xatakter daşıdığından əksərən qadınların hüquqlarını müdafiə edib. Qadınlar ya qədim yunan şairi Sapfo kimi öz-özlərini, ya da kişi müəlliflər onların hüquqlarını müdafiə ediblər. Məsələn, Nizaminin Fitnə, Nüşabə, Leyli və Şirin, Füzulinin Leyli obrazları kimi.

Hətta klassik ədəbiyyatda qadın Tanrının yer üzündəki təcəllisi, onun gözəlliyi İlahi gözəlliyin rəmzi kimi qiymətləndirilir. Qadının gözəlliyini tərənnüm eləmək Allah və ya Tanrının – İlahi gözəlliyi tərənnüm etmək kimi anlaşılıb. Sonrakı dövrlərdə qadın bu dini, mistik və metafizik örtükdən çıxdı. Məsələn, qadınlar çadranı atdılar. Qadın məsələləri reallığa çevrildi. Ədəbiyyat keçmişdən qalan düşüncənin təsiri altında qadın hüquqlarının tapdalanmasına qarşı çıxıb. Bu, bəzən ifrat hal alıb və feminist ədəbiyyatda, bəzən də qadın hüquqlarının normal müdafiəsi şəklində öz əksini tapıb.

Sanki feminist ədəbiyyatda qadınların hüquqlarının tapdalanmasının acığına qadınlara ifrat rolların verilməsi uğrunda mübarizə aparır. Hətta bizim müasir gənclərin arasında da bu xətti davam etdirməyə cəhd edənlər var. Xüsusən də gənc qadın yazıçı və şairlər... Bir də var, məsələn, Hüseyn Cavid, Cəfər Cabbarlı, İlyas Əfəndiyev, Anar və digər yazıçılarımızın əsərlərindəki qadın obrazları, onların hüquqlarının müdafiəsi məsələsi. Bu, tamamilə başqa məcrada olan ədəbiyyatdır”.

Əsəd Cahangir qeyd edib ki, Hüseyn Cavidin nöqteyi-nəzərindən qadın iki kateqoriyadır: ana və qadın:

“Hüseyn Cavidin yaradıcılığında ananın hüququ möhtəşəmdir, toxunulmazdır, bu da “Dədə Qorqud”dan gəlir ki, ana haqqı Tanrı haqqıdır. “Dədə Qorqud”da da qadın obrazları var: Burla Xatun, Banuçiçək və sair. Həmin xətt Hüseyn Cavidin yaradıcılığında çox geniş şəkildə davam edir. Təsəvvür edin ki, o dramaturji yaradıcılığına “Ana” ilə başlamışdı. Sonralar onun yaradıcılığında Südabə, Afət, Firəngiz, Rəna, Sevda, Almaz, Dilşad, Xumar və bir çox qadın obrazları yarandı. Hüseyn Cavid qadına o zaman üstünlük verir ki, o ana olsun. Məsələn, “Ana” dramındakı ana obrazı, yaxud “Topal Teymurda” Almaz. Elə ki o qadın ana olmur, Hüseyn Cavidin konsepsiyasında o şeytani qüvvəyə çevrilir. Məsələn, “Afət” dramında Afət, “Səyavuş”da Südabə, yaxud “İblis”də Rəna və sair.

Səməd Vurğun və sovet dönəminin sonrakı ədəbiyyat adamlarının yaradıcılıqlarında müəyyən qədər ideologiyaya uyğunlaşdırıldı. Məsələn, Cabbarlının Sevili, Almazı, Səməd Vurğunun Bəstisi, Əli Vəliyevin Gülşəni, Mirzə İbrahimovun çoxsaylı əsərlərinin qəhrəmanları bu nöqteyi-nəzərdən işlənib.

1960-cı illərdə modern ədəbiyyat yarandıqdan sonra qadına münasibət də dəyişdi. Qadın öz ağlı, zəkası ilə hətta kişiyə də yol göstərə, ondan üstün də ola bilər. Bunun da ən bariz nümunəsi ədəbiyyatımızda, məsələn, İlyas Əfəndiyevin “Körpüsalanlar”ında Səriyyə, Anarın “Beş mərtəbəli binanın altıncı mərtəbəsi”ndə Təhminədir.

Biz indi yeni bir epoxaya gəlib çıxmışıq. Bu epoxda açıq cəmiyyət qanunları ilə yaşamalıyıq. Bu gün tamamilə tərsinə bir proses gedir. Məsələn, gənc oğlanlar artıq güllü paltarlar geyinirlər, qadınlar maşın sürür və kişilər kimi şalvar geyinirlər. Sanki çərxı-fələk tərsinə dövr eləməyə başlayıb. Mən bunun səbəbini (ən üzdə olan səbəbdir) neçə min ildən bəri hüquqları tapdalanmış qadınların hüquqlarının özlərinə qaytarılmasının gizli işarə kimi başa düşürəm. Yəni qadın nəinki kişidən zəif deyil, elə ona bərabərdir və onlar arasında sosial baxımdan bərabərlik işarəsi qoymaq olmaz.

Amma hələlik bizim ədəbiyyatımızda bu qlobal, bədii, fəlsəfi və mənəvi meylin obrazı yaranmayıb. İnanıram ki, bizim şair və yazıçılarımız zamanı duyaraq qadının böyüklüyü haqda gözəl əsərlər yaradacaqlar. Onlara uğurlar arzulayıram”.

Yazıçı Şərif Ağayarın fikrincə, ədəbiyya həmişə bu gözəlliyə - qadına can atıb:

“Qadın Tanrının insanla bağlı yaratdığı ilk mətnin baş qəhrəmanlarından biridir və orada əsas konflikti o təmin edir. Söhbət Adəmin Həvvanın təhriki ilə buğdanı yeyib cənnətdən qovulmasından gedir. Bu, məsələnin dini izahıdır.

Elmi-nəzəri izahı isə budur: insanı bədii priyomlarla öyrənməyə çalışan ədəbiyyatda hadisələr konfliktlə inkişaf edir. Bu konfliktdə kişinin tərəf-müqabili qadın, qadının tərəf-müqabili kişidir. İşin estetik tərəfinə qalanda, qadın gözəl və mürəkkəb varlıqdır. Ədəbiyyat bu o gözəlliyə can atıb o mürəkkəbliyi çözməyə məhkumdur”.

Yazıçı Kənan Hacı qadın mövzusunu ədəbiyyatın hərəkətverici qüvvəsi hesab edir:

“Bilmirəm, qadınlar olmasaydı, poeziya olardımı?! Hər halda, dünya poeziyasının incilərinə çevrilmiş eşq dastanları aşiqliyin insan ruhunda yaratdığı zəlzələlərdən pərvəriş tapıb. “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “Romeo və Cülyetta” və sair. Bütün böyük şairlər sevgi şeirləri yazarkən, yaradıcı impulsları onlara qadınlar ötürüb. Tanrı Adəmlə Həvvanı yaradıbsa, demək, yaratdığı dünyada poeziya da olmalı imiş.

Qısa desək, qadın ədəbiyyatın hərəkətverici qüvvəsidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər