"Danışır və göstərir Şuşa" sənədli filminin çəkilişləri başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb.
Film Şuşa Radio-Televiziya Yayım Stansiyasının fəaliyyəti haqqındadır. Filmin qəhrəmanı stansiyanın sabiq əməkdaşı, mühəndis Fazil Həsənovdur. Stansiyanın taleyi Qarabağın, Şuşanın və ümumilikdə Azərbaycanın 60 illik dövründə baş verən hadisələr fonunda cərəyan edir.
Şuşa Radio-Televiziya Yayım Stansiyası 1990-cı ildə yanvar hadisələri zamanı – Dövlət Televiziyasının enerji blokunun partladıldığı dövrdə yeganə televiziya informasiya mənbəyi kimi fəaliyyət göstərib. Filmdə Yayım stansiyasının hazırki əməkdaşları, həmçinin vaxtilə ora ezam olunmuş jurnalist Bəxtiyar Qaraca, rejissor Əlimürsəl Hüseynov və Şuşa stansiyası ilə əməkdaşlıq etmiş şəxslərdən müsahibələr alınıb.
Çəkilişlər Bakıda və Şuşada aparılıb.
"Oskar film production" istehsalı olan filmin rejissoru Murad Muradov, ssenari müəllifi Ramil Ələkbərov, təsvir rejissoru isə Nadir Mehdiyevdir.
2025- ci ilin fevral ayında tamaşaçılara təqdim olunması planlaşdırılan film Mədəniyyət Nazirliyi və Kino Agentliyinin keçirdiyi film layihələri müsabiqəsinin qaliblərindən biridir.