“Allah heç bir aktyoru səhnəsiz qoymasın. Səhnədə olmayan aktyorun əlindən nə desəniz gələr”.
Bunu Teleqraf.com-a söhbətində Əməkdar artist Şövqi Hüseynov deyib.
Aktyorun quruluşunda hazırlanan “Mən Feyerbaxam” monotamaşasının dekabrın 18-də ikinci premyerası keçiriləcək. Tamaşa həm də “Mədəniyyət” kanalı ilə canlı yayımlanacaq.
Səhnə əsəri alman dramaturqu Tankret Dorstun eyniadlı pyesi əsasında hazırlanıb. Birhissəli monotamaşada rolu Şövqi Hüseynov özü canlandırır. Psixoloji dram janrında qurulan tamaşanın musiqi tərtibatçısı Zaur Rəşidov, işıq rəssamı Vadim Kuskov, fənd quruluşçusu İsa Əsədovdur.
Feyerbax nə üçün mücadilə edir?
“Mən Feyerbaxam” əsərinin ikinci adı, daha doğrusu, mənə görə ikinci adı “Aktyor himni”dir. Tamaşa teatr və səhnə eşqi ilə alışıb yanan aktyorun həyat tarixçəsidir. Məşhur aktyor olan Feyerbax hansısa məqamda problemlər yaşayır və ruhi xəstəxanaya yerləşdirilir.
Yeddi ildən sonra xəstəxanadan çıxır, bir-bir teatrların qapısını döyür, amma onu qəbul etmirlər. Zamanının ən müqtədir sənətkarlarından olması belə onun köməyinə gəlmir”.
Bəlkə onu elə teatra olan sevgisi xəstə salmışdı?
“Onun ən böyük səhvi özünün də dediyi kimi: “Mən fikirləşirdim ki, teatrda adi həyatın qadağalarını, məhrumiyyətlərini, bir sözlə, hər bir şeyi unudub bütün varlığını son damlasına qədər xərcləməlisən, amma görünür, həyatımın ən faciəvi səhvi budur”. Bilirsiniz, istənilən sahədə ifrat fanatizm mənfi nəticələnə bilir. Feyerbax da ifrat fanatizmlə sənətinə bağlıdır”.
Bəs Şövqi Hüseynov özü necədir: teatra ifrat bağlı olan biri, yoxsa sevginin sərhədini bilən aktyor?
“Taleyimiz bir az oxşayır, amma şükür Allaha, məni hələ dəlixanaya aparmayıblar. Əsər mənə çox yaxındır, bu, dəqiqdir. Onu oynadıqca sanki öz sözlərimi deyirəm, sanki öz həyatımdan danışıram. Əsəri oxuyanda təəccüblənmişdim - fikirlərimlə üst-üstə düşürdü. Universitetdə dərsdə tələbələrə dediyim fikirlər bu əsərdə öz əksini tapırdı: variasiya müxtəlifdir, amma yanaşma eynidir”.