“Dünyanın hər yerində və hər dövründə qadın olmaq çox çətindir. Amma qadın olmaq xüsusidir və bioloji cəhətdən inanılmaz dərəcədə sehrlidir. Yaxşı ki, qadınam”
Teleqraf.com xəbər verir ki, bunu azərbaycan əsilli türk aktrisa Sinəm Ünsal “Posta” qəzetinin suallarını cavablandırarkən deyib.
Hazırda yüksək reytinqlə yayımlanan “Uzaq şəhər” serialında yaratdığı Alya obrazı ilə gündəmdə olan aktrisa rolu və serial haqqında səmimi açıqlamalar verib.
“Uzaq şəhər”in hekayəsinin onu həyəcanlandırdığını deyən Sinəm “Hər bir obraz o qədər dəqiq və incə yazılmışdı ki, onun bir hissəsi olmağı istəməmək mümkünsüz idi”, - deyə vurğulayıb.
“Alyada məni həyəcanlandıran bu obrazın daim dinamikada olmasıdır. Alya özünə inamlı və çox cəsur bir qadındır. Ona heyranam”, -deyə əlavə edib.
Serialda baş verən hadisələrə eyham vuran “Bu dövrdə hələ də belə şeylər baş verirmi?” sualına Ünsal belə cavab verib:
“Ssenarini oxuyanda mən də eyni sualı verdim. Yəni Alyanın və tamaşaçıların da dediyi kimi hələ də belə şeylər qalıbmı? Amma işin içinə girəndə gördüm ki, sən demə bunlar heç bitməyib. Sadəcə formasını dəyişdirərək davam edir”.
"Sevgi mədəni fərqləri tanıyan bir hissdirmi?" sualına isə aktrisanın cavabı belə olub:
“Mən hətta nağaranın da bir-birinə tay olmalı olduğunu düşünənlərdənəm. Başqa cür mümkün deyil, demirəm, amma mənə elə gəlir ki, bu, daimi ola bilməz”.