Azərbaycan Dövlət Kukla Teatrında “Şaxta Baba haradadır?” tamaşasının premyerası olub.
Bu barədə Teleqraf.com-a teatrın mətbuat xidmətindən bildirilib.
Hər il olduğu kimi, bu il də premyeranın ilk qonaqları Vətən müharibəsi şəhid və qazilərinin övladları, eləcə də əllliyi olan uşaqlar olub.
Onlar əvvəlcə kuklaçıların Müstəqil “Oyuq” Uşaq Teatrı yetirmələri ilə birgə oyunun məhsulu olan tamaşaya baxdılar, ardınca bayram hədiyyələrini aldılar.
Qeyd edək ki, birhissəli uşaq tamaşasının (azərbaycan dilində) səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.
Tamaşada personajları (kukla və canlı plan olmaqla) teatrın aktyorları Aygül Ağayeva, Səriyyə Mansurova, Cavid Telman, Elnur Xəlilov, Araz Həsənli, Elxan İsmayılov, Könül Nəsibova, Vüqar İsmayılov, Səbinə Məmmədova və digərləri canlandırırlar.
Musiqi tərtibatlı tamaşanın əsas ideyası uşaqları nağıllar aləminə aparmaqla onların bu sehr dolu dünya ilə təmasına nail olmaqdır.
Səhnə əsərində cərəyan edən hadisələr ümumilikdə əyləncəli məzmun kəsb etsə də burada əsas mahiyyət balaca tamaşaçılara xeyirxahlıq, dürüstlük, özünə inam və ətrafa sevgi aşılamaqla onları bəd əməllərdən, pislik və paxıllıqdan uzaq saxlamaqdır.
Bir saatlıq səhnə işində milli və dünya klassik nağıl qəhrəmanları, az qala hamımıza tanış personajlar bir səhnədə toplaşaraq şənliyə gedərkən yolunu itirib, sıx meşənin dərinliklərində azan Şaxta Babanı axtaracaqlar.
Macəra dolu tamaşa 2025-ci ilin 5 yanvar tarixinə kimi nümayiş olunacaq.