3 May 2015 12:53
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun nüfuzlu “NİŞ ART” qalereyasında azərbaycanlı rəssam Rəşad Nuriyevin “İthaf” adlı fərdi sərgisi açılıb.

Açılış mərasimində Azərbaycan və Türkiyədən olan görkəmli rəssamlar, elm və mədəniyyət xadimləri, İstanbulda fəaliyyət göstərən dərnəklərin nümayəndələri, şəhərdəki ayrı-ayrı qalereyaların təmsilçiləri, jurnalistlər, rəsmsevərlər iştirak ediblər.

Ziyarətçilərə Rəşad Nuriyevin əsərlərinə dair “NİŞ ART” tərəfindən hazırlanmış kataloq-albom paylanıb. Kataloq-albomda türkdilli oxuculara rəssamın bioqrafiyası və 47 əsəri barədə məlumat verilir.

“İthaf” sərgisində rəssamın 21 əsəri nümayiş olunur. Onların hamısı kətan üzərində yağlı boya ilə işlənilib. Nümayiş olunan əsərlərdə köhnə Bakının maraqlı görüntüləri, paytaxtımızın müxtəlif tarixi abidələri, dastan və rəvayətlərimizi tərənnüm edən obrazlar, rəngarəng təbiət mənzərələri, ölkəmizdə daha çox sevilən meyvə, ağac, çiçəklər və digər mövzular əksini tapıb.

Sərgilənən əsərlər ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır. Görkəmli rəssam Timur Taştekin AZƏRTAC-a müsahibəsində bildirib ki, Rəşad Nuriyevin əsərləri Azərbaycandakı yüksək rəssamlıq düşüncəsinin tərənnümüdür. Əsərlərindəki mövzuların müxtəlifliyi, eləcə də rənglərin seçimi, boyalardan məharətlə istifadə edilməsi Rəşad Nuriyevin yaradıcılığına özünəməxsus uğur qazandırır.

Mayın 12-dək davam edəcək sərgidə nümayiş olunan əsərlər sonda satışa çıxarılacaq.


Müəllif:

Oxşar xəbərlər