13 İyun 2015 21:09
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan tarixən dünyada bir çox mühüm işlərə ilk imza atan ölkə kimi tanınır. Ötən əsrin əvvəllərində, Azərbaycan qadınlara səsvermə hüququnun verildiyi ilk ölkələrdən biri olub. Bu gün isə Azərbaycan "Bakı-2015" Birinci Avropa Oyunlarını qəbul edən ölkədir. İlk Avropa Oyunlarının keçirilməsi böyük əhəmiyyət daşıyır".

Bu sözləri "Bakı-2015" Birinci Avropa Oyunları ilə bağlı Azərbaycana gələn Fransanın tanınmış aktyoru, teatr və kino rejissoru Rober Osseyn jurnalistlərə açıqlamasında deyib. Əslən azərbaycanlı olan Rober Osseyn İlk Avropa Oyunlarının məşəlçilərindən biri olub və bununla fəxr etdiyini deyib:

"Bu möhtəşəm tədbirin məşəlini gəzdirməkdən qürur duydum. Ümumiyyətlə, məşəllə qaçmağa cəhd etmək məndə nostalji hissləri yaratdı. İdman neytral məfhumdur. O, həm də insanları birləşdirən amildir. Belə tədbir vasitəsilə insanların birliyinin təşviq edilməsi vacibdir".

O, həmçinin Azərbaycan heyran olduğunu dilə gətirib və vətən sevgisinin ona atasından keçdiyini deyib: "Mən Azərbaycana heyranam. Bu sevgini mənə atam ötürüb. O, hər zaman evdə tarda ifa edərdi və Şərq mədəniyyətini dərindən bilirdi. Əvvəllər Bakı haqqında çox eşitmişdim. Lakin bir neçə il əvvəl mənə birinci xanım Mehriban Əliyevanın dəvəti ilə Azərbaycana səfər etmək nəsib oldu. Gördüklərim gözləntilərimdən daha artıq oldu. Mən Bakıya ilk baxışdan aşiq oldum - insanlar, musiqi, qida, qonaqpərvərlik - hər şey inanılmaz idi. Şəhərdə gəzəndə ölkənin bütün qədim tarixini hiss edirəm, gözlərim yaşla dolur, bu, xüsusilə İçərişəhərdə hiss olunur".

Qeyd edək ki, Rober Osseyn 1927-ci il dekabrın 30-da Parisdə musiqiçi ailəsində anadan olub. Onun atası, skripkaçı və bəstəkar Əminulla Hüseynov (1905-1983) Səmərqənddə anadan olmuş azərbaycanlı idi. Əminulla Hüseynov Kiyevdə doğulmuş pianoçu və aktrisa Anna Minevskaya ailə həyatı quraraq, Fransaya köçüblər. Burada Əminulla Hüseynov ad və soyadını fransız dilinə uyğun şəkildə dəyişərək, Andre (Əminulla) Osseyn (Hüseyn) olub.

Rober Osseynin kino karyerasının zirvəsi Ann və Serj Qolonun yazdıqları roman əsasında rejissor Bernar Borderinin çəkdiyi "Anjelika" filmində yaratdığı tuluzalı qraf Joffrey de Peyrak obrazı olub. Beş bölümdən ibarət bədii filmdə onun tərəf müqabili Mişel Mersye (Anjelika) idi. Hazırda Osseyn Parisdəki "Marini" teatrının bədii rəhbəridir.

Nərmin


Müəllif:

Oxşar xəbərlər