22 Avqust 2015 14:55
2 697
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir ovuc sonsuzluq” filmi iki qardaş ölkənin yaradıcı insanlarını bir araya gətirən bir ekran əsəri olacaq. Bu, necə bir film olacaq? Kimlər oynayacaq? Tamaşaçıları nələr gözləyir? Suallarımıza cavab tapmaq üçün filmin rejissorları - Battal Qazi Karabulak və Murad Abdullayevlə görüşdük. Kommersiya bazarına çəkəcəkləri dram janrlı filmlə fərqlilik gətirəcəklərinə əmin olan bu iki insanla söhbəti təqdim edirik.

- Battal bəy, Azərbaycanda ilk işiniz “Ləkə” serialı oldu. Serialın ssenaristi idiniz. Sizi bir az yaxından tanımaq istərdik...
- Məni daha yaxından tanımasalar, yaxşı olar (gülür). Türkiyədə İstanbulda yaşayıram. Evliyəm, 1 qızım var. Türkiyə Ssenaristlər Birliyinin üzvüyəm. Mən "Kino təhsili və kino yazarlığı" üzrə təhsil almaqla yanaşı 2013-cü ildə Newport Beynəlxalq Universitetindən məzun olmuşam. Bu vaxta kimi bir çox jurnal və qəzetlərdə yazılarım və şeirlərim yayımlanıb.

- Xatırlayıram ki, o dönəm verdiyiniz müsahibələrdə film, serial ssenariləri təklifi aldığınızı demişdiniz. O işlərin taleyi necə oldu?
- Doğrudur, “Ləkə” serialı efirdə gedərkən başqa serial və film ssenarisi yazmaq təklifləri aldım. Amma şərtlər yaxşı olmadığına və məni qane etmədiyinə görə razılaşmadım.

- İndi də “Bir ovuc sonsuzluq” filmi ilə Bakıya gəlmisiniz. Filmin ideyası necə yarandı?
- Xüsusi və şəxsi səbəbləri var. Amma bu haqda çox danışmaq istəmirəm.

- Bəs niyə filmi Azərbaycanda çəkmək qərarına gəldiniz?
- Filmi Azərbaycanda çəkməyimizin xüsusi səbəbləri var.

- Onda gəlin filmin süjet xəttindən danışaq. Tamaşaçıları necə bir film gözləyir?
-"Bir ovuc sonsuzluq" bir ailə dramıdır. Amma filmin süjet xətti barədə ətraflı məlumat vermək istəmirəm.

- Aktyor heyətinin tərkibində kimlər olacaq? Türkiyəli aktyorların da filmdə oynaması gözlənilirmi?
- Filmdə çox möhtəşəm aktyor heyəti rol alacaq. Həmçinin Türkiyədən də aktyorlar dəvət edəcəyik. İştirak edən aktyor və aktrisaları mətbuat konfransında açıqlamaq istəyirik.

- Gələk, Azərbaycanın kino mühitinə. Bizdə kütləvi kommersiya filmlərinin çəkilişi və kinoteatrda nümayişi ötən ilin sonlarından başlandı. Onların bəziləri uğurlu, bəziləri uğursuz oldu. Müəyyən qədər bu bazarı analiz edə bildinizmi?
- O vaxt da bu fikirdəydim, indi də. Daha çox film çəkmək lazımdır. Sənət üçün deyil, ancaq pul qazanmaq naminə görülən işlər uğursuz olur.

- Siz də bu filmlə kommersiya sahəsində sözünüzü demək istəyirsiniz. İdeyanıza, filminizə nə dərəcədə inanırsınız və tamaşaçı niyə sizin filmə bilet alıb baxmalıdır? Bəlkə də bu haqda danışmaq bir balaca tezdir, çünki film hələ çəkilməyib, amma bir ssenarist və rejissor kimi sizin bu işə əminliyini bilmək istərdim.
- Əlbəttə, çəkəcəyim filmə inanıram, ssenariyə də güvənirəm. Və uğur qazanacağına əminəm. Sənət üçün keyfiyyətli bir film çəkmək istəyirik. Biz millət olaraq ortaq duyğular yaşayırıq. Duyğularımız eyni, acılarımız eyni, xoşbəxtliklərimiz eynidir. Ortaq duyğularımızı göstərəciyimiz bu filmdə tamaşaçıları draması çox ağır olan bir ekran əsəri gözləyir. Ağlamaq istəyən hər kəsi bu filmə dəvət edirik.

- Maraqlıdır ki, “Bir ovuc sonsuzluq” ikinizin də rejissor kimi ilk işiniz olacaq. Çətin olmayacaq ki?
B.Q.Karabulak - Doğrudur, bu mənim tammetrajlı filmdə rejissor kimi ilk işim olacaq. Çətin olsa da mənə elə gəlir ki, maraqlı alınacaq. Onsuz da asanı hamı edir, çətin işləri görmək mənim hədəfimdir.

M.Abdullayev - 10 ildir kino sahəsində çalışdığım və rejissor duyumunu özümdə hiss etdiyim üçün artıq hazır olduğumu hiss edirəm. Özümə inanıram ki, bunun öhdəsindən gələcəm. Ondan başqa deyim ki, filmdə əsas rollardan birini də mən oynayacam. Üstəlik, kaskadyor işləri də mənim öhdəmdədir.

- Murad bəy, Battal Qazi Karabulakla tanışlığınız nə vaxtdan başlayır?
- “Ləkə” serialından. O, mənim fotolarımı “Facebook”da görüb. Və mənə yazdı ki, “Ləkə”də sənə rol yazmaq istəyirəm. Razılıq verdim və “Ləkə”nin 14-cü seriyasından sonra mənim rolumu seriala əlavə etdi, beləcə dostluğumuz başladı.

- Filmin istehsalçısı “Cineba film” şirkətidir.
- “Cineba film” şirkəti Qazi Battal Karabulağın Cevdet Lordoğlu ilə birgə Türkiyədə qurduğu film şirkətidir. O istəyirdi ki, şirkəti Azərbaycanda rəsmi qeydiyyatdan keçirib burada filmlər və seriallar istehsal edək. Canla-başla buna razılıq verdik və şirkəti qeydiyyatdan keçirdik. Şirkətin Azərbaycandakı baş direktorları mən və Elçin Məmmədlidir. “Bir ovuc sonsuzluq” şirkətin ilk filmi olacaq və ardınca seriallar, filmlər çəkməklə davamlı Azərbaycan kinosuna xidmət edəcəyik. Məqsədimiz daha keyfiyyətli filmlər çəkməkdir. Ondan başqa çəkilən filmlərin tək Azərbaycanda deyil, Türkiyənin də kinoteatrlarında nümayişinə nail olmağa çalışacağıq.

- Filmin çəkiliş məkanları müəyyənləşibmi?
- Bəli, filmin çəkiliş məkanları müəyyənləşib. İsmayıllının İvanovka və Xınalıq məkanlarına baxılıb və çəkilişlər üçün yerlər seçilib. İnşallah, sentyabrın 5-10 arası çəkilişlərə start vermək niyyətindəyik.

- Filmdə çəkiləcək aktyorları seçmək çətin oldu, yoxsa..?
- Biz bir həftə kastinq keçirdik. Kastinqdə 250 nəfər iştirak etdi. Düzünü desək, əsas rollarda kimin oynayacağı artıq beynimizdə kastinqdən keçmişdi və təsdiqlənmişdi. Əsas rollardan bir neçəsi isə kastinq nəticəsində təyin olundu. Amma kastinq məsələlərində çətinlik var. Çünki bir az qıtlıqdır. Tipaj olaraq uyğun gələn aktyor və yaxud aktrisa deyil, aktyor olan da tipaja uyğun gəlmir. Ondan başqa Battal Qazinin sözünə qüvvət, film üçün Türkiyədən bir-iki tanınmış aktyor dəvət olunacaq. Hazırda onun danışıqları gedir.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər