Gənc Tamaşaçılar Teatrı yeni - 88-ci teatr mövsümünü H.K.Andersenin “Çirkin ördək balası” tamaşası ilə açıb.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, tamaşadan öncə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, xalq artistləri Cənnət Səlimova, Tariyel Qasımov, Yasin Qarayev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə və gənc aktyor Elnur Kərimov çıxış edərək bütün tamaşaçıları və teatrın yaradıcı heyətini yeni mövsüm münasibətilə təbrik ediblər.
Daha sonra “Çirkin ördək balası” tamaşası nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.
Axşam saat 19.00-da isə iki hissəli məhəbbət faciəsi olan “Romeo və Culyetta” tamaşası nümayiş etdirilib. Quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova olan səhnə əsərinin plastik həlli və rəqslərin quruluşu Rusiyalı xoreoqraf, Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qrisaya məxsusdur.
Tamaşada əsas rolları Günel Məmmədova, Mirzəağa Mirzəyev, digər rolları isə əməkdar artistlər Nübar Novruzova, Leyli Vəliyeva, Nofəl Vəliyev, Kəmalə Hüseynova, Qurban İsmayılov, Leyli Vəliyeva, aktyorlar Rəşad Səfərov, Vüqar Məmmədəliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Məhərrəm Musayev, Elnur Hüseynov, Eyvaz İbrahimov və başqaları ifa ediblər.
Sentyabr ayının 20-də yazıçı – dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında Bəhram Osmanovun hazırladığı “Miras” tamaşası nümayiş etdirilib. Benefis - tamaşa teatrın qocaman aktyoru, əməkdar artist Rahib Əliyevin anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyinə həsr olunub. Tamaşadan sonra Mübariz Həmidov yubilyara ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin diplomunu təqdim edib. Sonda Rahib Əliyev çıxış edərək göstərilən diqqət və qayğıya görə öz dərin təşəkkürünü bildirib.
Nərmin