Azərbaycan Dövlət Musiqili Teatrında Yaradıcılıq Studiyası bu mövsümdə yenidən fəaliyyətə başlayıb. Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Teleqraf.com-a açıqlamasında bildirib ki, studiyanın ilk məşğələsi artıq keçirilib.
Məşğələdə Mədəniyyət və Turizm Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə və Musiqili Teatrının direktoru Əliqismət Lalayev iştirak ediblər. Öncə studiyanın rəhbəri Əsgər Əsgərov Yaradıcılıq Studiyasının məramı, gələcək fəaliyyəti, hədəfləri və planları haqqında məlumat verib. O bildirib ki, studiyada Musiqili Teatrın gənc əməkdaşları ilə yanaşı, keçirilmiş müsabiqə nəticəsində müraciət etmiş bir sıra teatrların gənc aktyor və rejissorları, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və aktyor olmaq arzusunda olan gənclər də təmsil olunurlar.
N.İsmayılzadə və Ə.Lalayev yeni təşkil olunan Yaradıcılıq Studiyasının gənc üzvlərinə xeyir-dua verərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onlara hər zaman dəstək olacaqlarını bildiriblər.
Direktor bildirib ki, əsas məqsəd istedadlı gənclərə dəstək olmaqdır: “Biz bu yaxınlarda teatrımızda “Gənclər nə istəyir?” mövzusundakı toplantı keçirdik. Teatrımızın gənc əməkdaşları bir sıra təklif və təşəbbüslərlə çıxış etdilər. Biz də onların arzu və təkliflərini nəzərdən keçirdik və məhz gənclərin daha effektli yaradıcı fəaliyyətlə məşğul olmasını təmin etmək üçün Yaradıcılıq Studiyasının təşkil olunmasına qərar verdik. İnanırıq ki, bu addımımız milli teatr mədəniyyətimizin inkişafının təmin edilməsində, gənclərdə musiqili teatra marağın daha da güclənməsində, müasir və milli səhnə sənətimizin hərtərəfli inkişafının istiqamətləndirilməsində mühüm rol oynayacaq. Əsas məqsədimiz xoreoqrafiya, vokal, aktyorluq və ifaçılıq sahəsində xüsusi bacarığı ilə seçilən istedadlı gənclərə dəstək olmaqdır”.
Qeyd edək ki, Yaradıcılıq Studiyasına istedadlı gənclərin qəbulu davam edir.
Nərmin