Sentyabr ayında Milan Beynəlxalq Kinofestivalında “Ən yaxşı qadın aktrisa” nominasiyasında qalib olan Damla Sönməz peşəsindən, hobbisindən və sevgi münasibətlərindən danışıb.
Teleqraf.com aktrisanın “Hürriyət”ə verdiyi müsahibəni təqdim edir:
- Milanda mükafat alandan sonra nə etdiniz?
- Filmin yaradıcı heyətilə birlikdə qeyd elədik.
- Belə əhəmiyyətli mükafatı qazandıqdan sonra nələr dəyişir?
- İlk “Qızıl Portağal” mükafatımı 22 yaşımda qazanmışam. Rol aldığım ikinci film idi. O vaxt mənim üçün böyük sürpriz olmuşdu. Mükafatlar insanı özündən razı hala salır. Ancaq karyeranızı mükafat üzərində qura bilməzsiniz. Onu kənara qoyub yolunuza davam etməlisiniz. Aktyorluğu mükafata görə eləsən, enerjini boşuna hədər etmiş olursan.
- Fransada teatr təhsili almısınız. Özünüzü orada sınamağı heç düşündünüzmü?
- Əslində, orada menecerlə görüşdüm. Ancaq 18 yaşımdaydım, ailəmdən uzaq qalmışdım. Açığı, Türkiyədə peşəkar səviyyədə uğur qazanmadan əvvəl başqa ölkədə aktrisalıq etmək istəmədim.
- Çəkilişlərə bir il fasilə versəniz, nə etmək istərdiniz?
- Nə vaxt yorulub “Artıq heç nə etmək istəmirəm” desəm ən çoxu bir ay çəkir. Teatrda səhnəyə çıxmaq istərdim. Daha çox vaxtım olsa keramika ilə maraqlanardım.
- Televizorda nəyə baxırsınız?
- Təyyarə qəzalarıyla bağlı proqramı izləməyi sevirəm.
- Nə üçün təyyarə qəzaları?
- Təyyarə qorxum vardı. Fransadan qayıdarkən təhlükəli hava boşluğuna düşdük. Oksigen maskaları taxmalı olduq. Bu hadisədən sonra altı ay təyyarəyə minmədim. Sonralar ard-arda dəfələrlə bu nəqliyyat növündən istifadə etməli oldum. Qorxumun üzərinə gedərək qalib gəldim. Daha təyyarədən qorxmuram.
- Sizi sevməyən birini sevərdinizmi?
- Belə bir halla qarşılaşmamışam. Düşünürəm ki, sevgi iki insanın qarşılıqlı münasibətidir. Birtərəfli sevginin sonu olmur.
- Xəyalındakı məhəbbət necədir?
- Məncə, bir-birini dəstəkləyən, birlikdə rahatlıq tapan, qarşısındakı bəzən boş-boş danışanda belə bunu xoş qarşılayan cütlüklərin münasibətləri möhkəm olur.
- Aktrisa kimi qarşınıza hədəflər qoymusunuzmu?
- Hamımızın çoxlu planı var. Ancaq ölkədəki hazırkı vəziyyətdə planlar qurmaq çətindir. Səbəbi isə qeyri-müəyyənlikdir. Mövzularımızı belə müəyyən hallarda siyasət müəyyənləşdirir. Buna görə də “Filan rolu oynamaq arzum var” deyə bilmirəm.
Xəyal