Teleqraf.com gənc şair Orxan Zamanın şeirlərini təqdim edir:
İmtahan vaxtı
Bu bucaq altında əridim –
eyvanınız mənə baxırdı.
pəncərənizi sındıracaqdım.
qonşular mənə baxırdı.
yox, dəli olmamışam!
yağış da isladır ipdən asılmış
corabları,
yığ içəri.
səni görmək bəhanəsidi corab.
yağış da isladır ipdən asılmış ümidlərimi,
yığ içəri ümidlərimi.
vaxt da uzaq,
elə bil aramızda min ilin həsrəti var.
tez başlasaydı imtahan...
bilirəm kəsiləcəm
amma tez gəl...
bütün xatirələrdən silinəcək bəhanə
lazımdı səni untmağa.
içmək zəiflərin unutmaq bəhanəsidir!
hər səhər zibillikdə yıxılıb qalan
qocanın görkəmindəki yalqızlıq qədər
əzablıdı səni unutmaq.
bu şəhərin qadınlarının üzündə
sənin yazıqlığın var.
***
Kabus
Hər şey-sən, payız ritmləri,
şairliyim, günəşin şövqü
birdən qeyb olacaq,
birdən...
kimsə ölmüş at rəsmi çəkib
asacaq bir ağacın budağından.
və deyəcək: “Yuxular qara rəngdədir...”
bir axşam çağı
yuxumda öpdüyüm o
qız alacaq əlimi əlinin içinə.
göz yaşımı silib deyəcək:
“Mən heç vaxt səni sevməmişəm”
qara qarğalar uçub gələcək
bir xaraba məmləkətdən...
bom-boş otaqda ortada
sərilən meyidimə ağlayacaq,
anamın əvəzinə.
Bağrı yanık dostlara
Siqaramın dumanı da, dumanı
Yoxdur aman şu yarımın imanı…
Ağ, pəmbə kəpənəklər
Bu aydınlıq gecədə
Uçuşurlar içimdə.
Buludların örtdüyü
Ay yalnızlığı var
daşıyıram
içimdə...
Yağış yağır aramsız
Soyuq, səssiz, kimsəsiz,
Dərdlərimi köməksiz
Daşıyıram çiynimdə.
Ağ, pəmbə kəpənəklər
Öləcəklər bu gecə...
Bağışla Tanrım məni
Bu kəpənək ömrünə.
***
Bir siqaret yandırarsan xatirələr üstünə,
Gözlərin uzaqları gətirər əllərinə.
Qəribsəyər həsrətin,
İçinə dağılarsan
Ağrıyarsan bəxtinə
Ağlayarsan bəxtinə
Duyğuların qarışar gözlərinin rənginə.
Monoton
Əlimlə, ayağımla
dişimlə-dırnağımla
bu istidə
bu ağacın kölgəsində
darıxıram, darıxıram.
heç nə yox təzələməyə,
vaxt da keçmir darıxmaqdan o tərəfə
biz elə bu yanda yurdlaşmışıq
yanmışıq, yanmışıq
heyimiz yox təzə bir söz tikməyə.
bu ağacın kölgəsində
darıxıram, darıxıram.
ömür də keçmir ölümdən o tərəfə.
***
Yağış yaman bərkitdi
Səni nə çox arzuladığımın fərqində buludlar
***
Mənim Gözəl Remediosuma...
Yok, öyle el gibi durma, gül biraz
ana gülmeler yakışır…
Sezen Aksu
yağışlı və siqaret qoxulu havalarda
səni içi dolu bir həsrətlə anıram həmişə.
Hər gecə sakit bir hüznlə
eynəyini taxıb sənin gözünlə
baxıram dünyaya.
gülüşünlə soyuduram bütün ağrıları.
xırdaca gözlərinin qayğısını yaxamdan asmışam
hər addımda qoruyur məni
əslində, qəfil oldu hər şey
hər şey sənə tərəf gəlməyə başladı o gün,
yuxumda gördüyüm o ümid işığıydı, Tanrı nişanəsiydi
hər şeyi sənə tərəf gətirən.
qıfıllanmış beynimin açarı
Sənin üzündə bərq vuran mavi işıq selində – Tanrı nişanəsində idi.
Qəfil oldu hər şey
Sənə tərəf gəlməyim, Tanrı nişanəsinə – üzündə bərq vuran mavi işıq selinə
tərəf gəlməyim
həmin o dekabr günü – ümidli, yağışlı, sentimental!