Onlar hər zaman sənətləri ilə gündəmə gəlirlər. Amma hər kəsə onların ailə sirləri, ailə xoşbəxtlikləri, həyat yoldaşları ilə necə tanış olmaları barədə məlumatları da sevə-sevə oxuyur. Söhbət məşhurlardan gedir...
Bu dəfə fərqli sənət sahibi olan məşhurlarımızı həyat yoldaşları ilə necə tanış olmaları, ailə sirləri barədə sorğuya çəkdik...
"Dedi, icazə verirəm, get, oxu"
Əməkdar artist Nuriyyə Hüseynova: "19 yaşında ailə qurdum. Ailə quranda yoldaşım mənim oxumağıma razı deyildi. Məni səhnəyə buraxmırdı. 1988-də oğlum, 89-da qızım anadan oldu. 92-ci ildə konservatoriyada təhsilimi başa vurdum. Həmin il Asəf Zeynallıda müəllimə kimi işləməyə başladım. Elə sənət adamları var ki, çox zəhmətə qatlaşmırlar, tez usanırlar. Bir də gördün xırda gileylərdən ailədə söz-söhbət yaranır. Xırda qüsurları böyük problemə çevirmək doğru deyil. Hər evdə problem yaşanır. 1995-ci Qədim Musiqi Alətləri Ansamblına Munis Şərifov tərəfindən dəvət aldım və orada Məcnun Kərimovla tanış oldum. O, çox gözəl insan idi. Yoldaşıma dedim ki, Məcnun müəllim səsimə qulaq asdı və bəyəndi, istədi ki, o ansamblla bir neçə mahnı yazdırım. Razılaşdı və mənimlə birgə gəlib Məcnun müəllimlə tanış oldu. Ondan sonra mənə dedi ki, bu ansamblla işlə. Bir gün o konsert, bir gün bu konsert, bir gün televiziya çəkilişi... Artıq səhnəyə çıxmağıma razılıq verdi. Həm də o dövrlərdə televiziyada çox nadir hallarda yaxşı musiqilər səslənirdi. Ona görə mənə dedi ki, sənə icazə verirəm, get oxu. Ailə qurandan sonra sevgi paylaşılır. Övlad dünyaya gələndə istər ata, istərsə də ananın sevgisi övladla paylaşılır. Sonra ikinci uşaq dünyaya gəlir, ona da sevgindən pay verməlisən. Amma bütün hallarda ailənin qorunması üçün inam, etibar vacib şərtdir. Qadın yoldaşının etibarını qazanmalıdır - əsas budur. İkincisi, gözəl ev xanımı olmalısan ki, evdə problemlərlə qarşılaşmayasan. Çünki evdə olan söz-söhbətlərin 80 faizi bundan başlayır. Bu, olmamalıdır, qadın gərək səliqəli, diqqətli olsun. Yaxşı yemək bişirmirsənsə, evin səliqə- səhmanı yerində deyilsə, söz-söhbət mütləq yaranacaq. Uşaqların tərbiyəsi, təhsili, sağlamlığı yerində olmalıdır".
"Səni sevirəm" kəlməsi o qədər şoulaşıb ki..."
Xalq artisti Mənsum İbrahimov: "Həyat yoldaşımla mən eyni kənddənik. O, məndən iki sinif aşağıda oxuyub. Bir yerdə böyümüşük. O vaxt telefon da yox idi. Kənddə yaşayırdıq. Təsəvvür edin, görüşə bilmirdik, hisslərimizi açıq-aydın ifadə etmək imkanı olmurdu. Kənd övladının yaşadığı hissi yaşamışıq. Mən "Məcnun"un bir ifaçısı kimi deyirəm, sevgi hissini yaşamaq lazımdır, onu hər gün qışqırmaq olmaz. Bir-birinin baxışından belə bu hissi başa düşə bilirsən. Amma bu gün "səni sevirəm" kəlməsi o qədər şoulaşıb ki, insan qıcıqlanır. İnanın, Leyli və Məcnunlar bu gün də var, sabah da olacaq".
"Mən onu seçdim, o isə..."
Əməkdar artist Gülüstan Əliyeva: "Həyat yoldaşım Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdi. Mən isə Respublika müsabiqəsinin qalibi, Bülbül adına məktəbin tələbəsi, Milli Konservatoriyanın muğam fakültəsinin ilk məzunuydum. Ailələrimizin narazılığına baxmayaraq ailə qurmuşduq. O nəsildə bir yad gəlin mən idim. Qapalı, mühafizəkar ailə idi. Amma qərar verdik və ailə qurduq. Yoldaşım məcburi olaraq təyinatını öz rayonu Cəbrayıla almışdı. Mən də onun qərarına hörmətlə yanaşdım və onunla birgə getdim. Halbuki o vaxtlar musiqi məktəblərinə, teatra, kolleclərə dəvətlər vardı, hamı istəyirdi ki, onlarla çalışım. Amma mən ailəni seçmişdim.
Yoldaşım işləri ilə əlaqədar tez-tez Bakıya gəlirdi. Hər dəfə şəhərə gələndə mənə kasetlər alırdı. O kasetləri indiyədək saxlamışam. Deyirdi ki, müəllimə, sənə kaset almışam. Özü də musiqi sevən adam idi. Mən sənətimi qurban verib ailəmi seçmişdim, o isə özünü vətənə qurban verdi. Müharibə dövrü idi, səhər 7:00-da gedirdi, səhərə yaxın saat 4:00-da gəlirdi. Elə günlər olurdu ki, ümumiyyətlə, evə gələ bilmirdi. Çünki o vaxt sərhəddə polislər dayanırdı. O, bölmə rəisi idi, məcbur idi ki, ermənilərlə üz-üzə postlara özü qalxsın. Yolda da ermənilər mina qurmuşdular, özü və işçiləri minaya düşdü. Şəhid oldu. Oğlum Rüfətin artıq 23 yaşı var, ailəlidir. Təhsilini iqtisadiyyat üzrə bitirib, elə o sahədə də çalışır. Nə mənim, nə də atasının sahəsini seçdi. Arada hiss edirəm ki, atasının işinə aid ikinci təhsil almaq istəyir. Hərdən saytlarda müsahibələrimə irad bildirir. O da mühafizəkardır".
"Kitabları bir-birimizə dəyişməklə yaxınlıq edirdik"
Əməkdar artist Suğra Bağırzadə: "Həyat yoldaşım Politexnik İnstitutunu bitirib. Məni isə ilk dəfə "Ulduz" filmində görüb, "vurulub". "Hə" cavabı alana qədər qarabaqara dalımca düşüb. Biz var-dövlət arxasınca qaçmırdıq, ağıllı oğlanları seçirdik. Bizim telefonumuz, internetimiz yox idi. Yalnız kitabları bir-birimizə dəyişməklə, söhbət etməklə, "Tarqovı"da görüşməklə, bir-birimizə informasiya ötürməklə yaxınlıq edirdik. Çox ağıllı idi və bu cəhəti çox xoşuma gəlirdi. Ağıllı olduğuna görə onu seçmişdim. Amma mənə ailə qurmaq təklifi edəndə onunla şərt kəsdim. Bilirsiniz də, kişilərin bir pis xasiyyəti var, evlənən kimi istəyirlər, qadını dəyişdirib öz əllərində bərk saxlasınlar. Həyat yoldaşıma söyləmişdim ki, mənimlə elə nömrə keçməyəcək. Aktrisalıq fəaliyyətimi davam etdirməyə icazə verməsən, səninlə ailə qurmayacam. Razılaşdı. Şükürlər olsun, bu yaşımda ailəm, övladlarım, nəvələrim, dostlarım, həyatda qazandığım səviyyə var. Evdə xörəkləri özüm bişirirəm. Çünki başqası hazırlayan kimi yoldaşım bilir ki, mən bişirməmişəm".
"Leyliyə teatrda aşiq oldum"
Əməkdar artist Nofəl Əliyev: "Leyliylə eyni teatrda işləyirdik. Ona aşiq oldum. Mən həmişə inanmışam ki, Leyli Azərbaycan teatrının ən istedadlı aktrisalarından biri olacaq. Kişinin borcu qadına dayaq olmaqdır. Üç il nişanlı qaldıq. 1997-ci ildə ailə qurduq. Azərbaycanda qızların aktrisa olması çətin olur. Ali təhsil almağa gələn 20 gəncdən iki-üç nəfəri bu sənətdə qalır. Çoxları ailə qurur və qadağalarla üzləşir. Leyli mənə lazım olan həyat yoldaşıdır. O, yaxşı anadır, yaxşı həyat yoldaşıdır, yaxşı aktrisadır. Mən daha kinliyəm. Mən adamdan gec küsürəm. Amma küsdümsə, daha barışa bilmirəm. Daha doğrusu, çərçivə saxlayıram. Leyli məndən daha mərhəmətlidir".
"Onunla ailə quracağım ağlıma gəlməzdi"
Teleaparıcı Samirə Mustafayeva: "Mən ATV-yə gələndə Vaqif peşəkar jurnalist idi. Onunla ailə quracağım isə heç ağlıma gəlməzdi. Ondan utanırdım, çəkinirdim. Hamının yanında xəbər oxuya bilərdim, ondan başqa. Deyim ki, əvvəl -əvvəl ondan xoşum da gəlmirdi. Hətta yanında özümü narahat hiss edirdim. Amma bir dördlük formalaşdırmışdıq: Aytən Əliyeva, həyat yoldaşı Namiq Əliyev, Vaqif və mən. Yaşımız, maraq dairəmiz, sözümüz-söhbətimiz eyni idi. Demək olar ki, həmişə bir yerdə olurduq. Beləcə, məndə Vaqifə qarşı simpatiya yarandı. Lakin açığı deyim ki, məni onda cəlb edən xasiyyətindəki ciddilik, təmkin idi. O, mənə arif, ağıllı adam təəssüratı bağışlamışdı. Mən bütün problemlərimi onunla bölüşürdüm. O, nə desəydi, ona inanırdım. Beləcə ailə qurduq. Həyat yoldaşımla eyni işdə çalışdığımıza görə problemlərimiz, yorğunluğumuz, demək olar ki, eyni olur. Evdə hərəmizin istirahət üçün fərqli məşğuliyyəti var. Məsələn, həyat yoldaşım mütləq futbol və heyvanlara həsr olunan telekanallara baxacaq. Etiraf edirəm ki, mənim beynim o səsləri götürmür. Ona görə də özümün başqa istirahət üsulum var. Ya kompüter arxasında, ya kitab oxuyaraq, ya da qızımla dincəlirəm. Bizdə hər şey əksinədir. Əgər mən ağamsa, o mütləq qaradır. Mən mənfiyəmsə, o müsbətdir. Mənə elə gəlir ki, xasiyyətimizin belə olmağı daha yaxşıdır. Bunun sayəsində münasibətlərimiz alınır. İş baxımından isə hələ ondan çəkinirəm. Axşam efiri üçün bloq yığıb, ona təqdimat verməliyəm. Əgər bloqumu yığan zaman o mənim başımın üzərində yazdıqlarıma baxsa, inanın, bütün fikirlərim dağılacaq. Amma onda əksinədir. O, yazdığı bütün yazılarını birinci mənə göstərir, məsləhətləşir".
Nərmin Muradova