Mədəniyyət və Turizm Nazirliyi İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərlə bağlı məlumat yayıb. Mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq milli, xarici və ya müştərək bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi və başqa janrlarda çəkilmiş filmlərin qanunsuz nümayişi, pornoqrafiya və zorakılıq təbliğ edən filmlərin yayımının qarşısının alınması, tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmalı və filmlərin dövlət reyestrinə daxil edilməlidir.
İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsinə əsasən Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə iki min manat miqdarında cərimə edilir.
Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 92-VQD nömrəli Qanununun tətbiqi barədə 27 yanvar 2016-cı il 753 nömrəli Azərbaycan Prezidentinin Fərmanına əsasən İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Mədəniyyət və Turizm Nazirliyi baxır.
Göstərilənləri nəzərə alaraq ölkə ərazisində yayımına və kütləvi nümayişini həyata keçirmək istədiyiniz filmləri Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmasını və filmlərin dövlət reyestrinə daxil edilməsini tövsiyə edirik.
"Əcnəbi filmlər pirat yollarla nümayiş olunur"
Professional Kinorejissorlar Gildiyasının rəhbəri Hüseyn Mehdiyev qəzetimizə açıqlamasında bildirib ki, filmlərin qeydə alınması şərtdir və bu piratçılığın qarşısını almaq üçün ən yaxşı üsuldur: "Mən heç şübhə etmirəm ki, xarici filmləri Azərbaycan telekanalları pirat yollarla nümayiş etdirirlər. Düzdür, bu sözü bütün telekanallara aid edə bilmərəm. Bu haqda daha dəqiq informasiya Mədəniyyət və Turizm Nazirliyində fəaliyyət göstərən şöbədə var. Təəssüf olsun ki, biz əcnəbi filmlərin monitorinqini keçirə bilmirik. Azərbaycana gətirilən hər bir audivizual əsər nazirliyin həmin şöbəsində mütləq qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçməyin isə bir məqsədi var: piratçılığın qarşısını almaq. Əgər sən xaricdən əsər gətirirsənsə sabah bunu ya kinoteatrda, ya televiziyada, ya da internetdə nümayiş etdirəcəksənsə, onu mütləq qeydiyyata almalısan. Qeydiyyata alanda isə sən həmin əsəri kimdən və hansı hüquqi əsaslarla aldığını orada qeyd etməlisən. Əgər o sənəd yoxdursa, əsəri heç bir yolla qeydiyyata aldıra bilməyəcəksən. Gildiya olaraq bizim üçün bu məsələləri müəyyənləşdirmək çox çətindir. Bilirik ki, bizim filmlər telekanallarda yaxud digər yerlərdə qanunla göstərilir. Və qanunun harada, necə pozulmasından da xəbərimiz olur. Amma xarici filmlərin nə qədər qanunla nümayiş olunub-olunmamasını müəyyənləşdirməkdə acizik. Əlbəttə, bəzilərindən xəbərimiz var. Bu da xarici ölkələrlə olan əlaqələrimizə görədir. Qanunsuzluq olanda çalışırıq şifahi şəkildə xəbərdarlıq edək. Amma bütün hallarda telekanal qeydiyyata almadan filmi efirində nümayiş etdirirsə deməli bu pirat yolla baş verib. Onu da nəzərinizə çatdırım ki, əsərlərin lisenziyalaşdırılması "Azerkinovideo"nun vaxtından başlandı. Çünki hər bir audivizual əsərin arxasında hüquq sahibi durur. Hüquq sahibi istehsalçı və müəllifdir".
"Filmlərimizin "YouTube"da olması bizə sərfəlidir"
"YouTube" şəbəkəsində yayımlanan audivizual əsərlərin də qeyri-qanuni olduğunu bildirən gildiya rəhbəri bu məsələyə başqa aspektdən yanaşması məsləhət görür: "Əlbəttə, o şəbəkədə yayımlanan audivizual əsərlər qeyri-qanuni yolla göstərilir. Söhbət bizim filmlərdən gedir. Amma şəbəkənin belə bir mexanizmi var: əgər biz, yəni hüquq sahibi bununla bağlı şəbəkəyə müraciət etsək, avtomotik olaraq yerləşdirilən videolar oradan çıxarılacaq. Fikrimcə, "YouTube" şəbəkəsində Azərbaycan filmləri haqda informasiyaların, eləcə də özlərinin olması bizə sərfəlidir. Nəzərə alsaq ki, onların keyfiyyəti çox aşağıdır. Bir misal çəkim, bu yaxınlarda "Azərbaycanfilm"lə Qazaxıstan arasında müqavilə bağlandı. Bu müqaviləyə əsasən Qazaxıstan televiziyası 13 Azərbaycan filmini orada nümayiş etdirəcək. Biz də hüquqi və təşkilatı tərəfdən onlara köməklik göstərirdik. Bütün danışıqlarda onların istəyinin və bizim təklifimizin bir ortaq məxrəci yox idi. Ya gərək biz onlara filmləri yollayardıq, ya da onlar bura gəlib filmləri seçərdilər. Biz isə çox sadə varianta əl atdıq. "YouTube"da onlara təklif etdiyimiz filmlərin linklərini yerləşdirdik. Onlar da baxıb filmləri rahatlıqla seçdilər. Məsələ bu qədər sadə yolla həll olundu".
Nərmin Muradova