Ötən həftə Mədəniyyət və Turizm Nazirliyi İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərlə bağlı məlumat yaydı.
Məlumatda qeyd olunurdu ki, mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq milli, xarici və ya müştərək bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi və başqa janrlarda çəkilmiş filmlərin qanunsuz nümayişi, pornoqrafiya və zorakılıq təbliğ edən filmlərin yayımının qarşısının alınması, tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmalı və filmlərin dövlət reyestrinə daxil edilməlidir.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsinə əsasən Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə iki min manat miqdarında cərimə edilir.
Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 92-VQD nömrəli Qanununun tətbiqi barədə 27 yanvar 2016-cı il 753 nömrəli Azərbaycan Prezidentinin Fərmanına əsasən İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Mədəniyyət və Turizm Nazirliyi baxır.
Göstərilənləri nəzərə alaraq ölkə ərazisində yayımını və kütləvi nümayişini həyata keçirmək istədiyiniz filmləri Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmasını və filmlərin dövlət reyestrinə daxil edilmısini tövsiyə edirik”, – deyə nazirliyin yaydığı məlumatda bildirilirdi.
Məcəllədəki dəyişikliklərlə bağlı suallarımızı Mədəniyyət və Turizm Nazirliyin Kinematoqrafiya şöbəsinin Milli filmlərin istehsalı və qeydə alınması sektorunun sektor müdiri Aydın Hüseynov cavablandırıb.
- Aydın müəllim, nazirliyin tərkibində filmlərin qeydiyyatı nə vaxtdan başlandı?
- Filmlərin yayımı və nümayişi ilə əlaqədar qeydiyyata alınması 2006-cı il Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Mədəniyyət və Turizm Nazirliyində həyata keçirilir.
- Amma indiyə kimi cərimə yox idi...
- Bəli, cərimə yox idi, məsuliyyət var idi. Bütün film nümayişi ilə məşğul olan müəssisələr – telekanallar, kinoteatrlar ölkəyə gətirdikləri filmləri nazirlikdə qeydiyyatdan keçirməlidirlər.
- Pul cəriməsinin zəruriliyi nədən qaynaqlandı?
- Çünki son vaxtlar ölkə ərazisində nümayiş olunan filmlər qeydiyyata alınmır və bununla əlaqədar olaraq bizə müraciət də etmirlər. Nazirliyin çoxsaylı müraciətlərinə, xəbərdarlıqlarına baxmayaraq bir sıra özəl kino nümayişi müəssisələri filmləri Azərbaycan dilinə dublyaj etmirlər. Azərbaycanda dövlət dili Azərbaycan dilidir və bu, qanunla təsbit olunub. Amma kinoteatrlar filmləri dövlət dilində nümayiş etdirmirlər. Nazirlik olaraq onlara tövsiyələrimizi vermişdik. Bu tövsiyələrdə göstərilirdi ki, onlar filmləri Azərbaycan dilində alt yazı ilə təqdim edə bilərlər. Lakin onlar buna da riayət etmirdilər. Məcburiyyət qarşısında qalıb cərimələrin tətbiq olunması ilə bağlı təkliflə çıxış etdik. Qanun hamı üçün qanundur. Qanuna riayət olunmursa, müvafiq cəza tədbirləri tətbiq edilməlidir.
- Kinoteatrlarda filmlərin dublyajı məsələsinə toxundunuz. Mətbuat orqanı olaraq biz də dəfələrlə bu barədə araşdırma yazılar dərc etmişik. Və hər zaman da bir nöqtədə dayanmalı olurduq. Kinoteatrlar deyirdi ki, bu proses işimizi ləngidir, nazirlik də mülayim mövqe sərgiləyirdi...
- Bilirsiniz, biz kinoteatrları başa düşürük. Kinoteatrlar filmləri xaricdən gətirirlər, onları dublyaj etmək yaxud da subtitrlə nümayiş etdirmək uzun prosesdir. Amma biz onlara vaxt vermişdik ki, bu məsələnin həlli yollarını tapsınlar. O qərarın üzərindən neçə il keçib, amma vəziyyət dəyişməyib.
Bundan sonra monitorinqlər başlayacaq, Komissiya, işçi qrupu yaradılacaq, onlar bir-bir kinoteatrları gəzəcəklər. Kinoteatrlardan əlavə sözügedən cərimə mağazalarda qeyri-qanuni satılan film disklərinə də şamil olunur. Qanunsuz satılan disklərin də yayımının qarşısı alınmalıdır. Çünki o filmlərin heç biri qeydiyyatdan keçmir. Əgər şirkət diskləri gətirirsə, onları nazirlikdə qeydiyyatdan keçirməlidir. Keçirmirsə deməli onlara da o cəzalar tətbiq olunur.
Əvvəllər bu barədə biz çox xəbardarlıqlar, müraciətlər etmişik. Demişik, gəlin filmləri qeydiyyatdan keçirin. Bu, baş vermədi və sanksiyaların tətbiq olunmasını zərurət halına gətirdi.
- Monitorinqə nə zaman start verəcəksiniz?
- Cərimənin tətbiqi ilə əlaqədar ayrıca proqram hazırlanır, işçi qrupu yaradılacaq. Qrup yaradılandan sonra monitorinqlərə start veriləcək. Bu da yaxın zamanlarda olacaq və nəticələri barədə məlumat veriləcək.
- Bu qərar telekanallara da aiddir?
- Bəli, təbii olaraq.
- Bəs televiziya kanallarında nümayiş olunan filmlər nazirlikdə qeydiyyata alınırmı?
- Hazırda alınmır. Söhbət də ondan gedir. Onları dəvət edirik ki, gəlin, filmləri təqdim edin, qeydiyyata alaq. Amma telekanallar gəlmirlər. Hamımız Azərbaycanın vətəndaşıyıq, televiziyaya baxırıq. Özünüz də gözəl bilirsiniz ki, bəzi kanallarda filmlər pirat yollarla nümayiş olunur. İndi adını çəkmək istəmədiyim bir neçə kanal yayımlanmağa başlayıb ki, onlar hər gün axşam saat 22:00-dan başlayaraq premyerası təzəcə baş tutan filmlər göstərirlər, özü də rus dilində. Buna etiraz etmirik, film rus dilində yayımlansın, amma bunun üçün birincisi, film qeydiyyatdan keçməlidir, ikincisi onun Azərbaycan dilində alt yazısı olmalıdır. Əgər özümüz öz dilimizə hörmət etmiriksə, biz başqasından nə gözləyək?
- Adətən, belə məsələlərdə AzTV və Mədəniyyət kanalı fərqli mövqe göstərir. Hər zaman iddia edilir ki, onlar filmləri reyestrdən keçirirlər.
- Keçirirdilər. Reyestr yarananda, qaydalar tətbiq olunanda kanalların əksəriyyəti efirlərində yayımlanan filmləri qeydiyyatdan keçirirdilər. Amma son iki-üç ildir ki, bizə bununla bağlı müraciətlər gəlmir. Yalnız bir kanal nizamlı-intizamlı şəkildə filmləri reyestrdən keçirir. Qalanları isə məktublara, müraciətlərə baxmayaraq gəlmirlər.
- Bu, hansı kanaldır?
- Lider TV. Onlar bu günə qədər əldə etdikləri filmlərin yayım hüququ sənədlərini təqdim edir, vəsiqələrini alırlar. AzTV neçə illərdir bizə müraciət etmirdi, yalnız bu yaxınlarda telekanalın nümayəndələri gəldi, on-on beş sənədli film təqdim etdi. O birilərinə isə deyirik, amma gəlmirlər. Yəni sözümün canı, əvvəllər sistematik şəkildə bizə müraciət edən kanallar daha bunu etmirlər.
- Aydın müəllim, qeydiyyat prosesi çoxmu uzun çəkir?
- Xeyir. Qaydalara görə qeydiyyat on gün davam edir. Bu da baxır gətirilən filmlərin sayına... Bəzən bir kanal 200 filmi qeydiyyata almaq istəyir, əlbəttə onu bir günə etmək mümkün deyil. Amma yenə deyirəm bu proses on gündən artıq davam etmir. Mübahisəli məsələlər olanda artıq danışıqlar aparılır. Yəni qeydiyyatla bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən heç bir problem yoxdur.
- Bəs kinoteatrlarda nümayiş olunan filmlərlə bağlı nə deyə bilərsiniz?
- Onlar da digərləri kimi... Qeydiyyatla bağlı bizə film təqdim etmirlər. Amma cərimənin tətbiqindən sonra zənglər başlayıb, maraqlanırlar. Biz demirik ki, kinoteatrlar pirat filmlər göstərirlər. Xeyir, bu, belə deyil. Onlar filmləri müqavilə ilə alıb gətirirlər, amma nazirlikdə qeydiyyatdan keçirmirlər. Qanuna görə isə qeydiyyat mütləqdir. Qeydiyyata düşmürlərsə hesab edin ki, o filmlər Azərbaycan ərazisində qanunsuz yayımlanır.
Nərmin