18 Fevral 2016 16:16
2 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur simaların kitab oxuyub-oxumaması, yaxud da onların hansı kitablara üstünlük verməsi hər zaman maraqla qarşılanıb. “Gündəlik Teleqraf” bəzi sənət adamlarını sorğuya çəkib, onların mütaliəyə olan münasibətlərini öyrənib, məsləhət gördükləri kitablarla maraqlanıb.

“Qızıma kitab oxumağı çox sevirəm”

Xalq artisti Zülfiyyə Xanbabayeva: “Mən böyük şəxsiyyətlər haqda olan kitabları oxumağı sevirəm. Onların həyatlarının, yaradıcılıq yollarının əks olunduğu kitablar məni hər zaman cəlb edib. Elə dövrdə yaşayırıq ki, indi əksər kitabları, romanları ekranlaşdırıb bizə film kimi təqdim edirlər. Amma bütün hallarda bu, kitabın yerini vermir. Çünki filmlərin əksəriyyəti kitablarda yazılan kimi çəkilmir. Bir də qızım Dənizin nağıl kitablarını oxuyuram. Qızıma kitab oxumağı çox sevirəm və bundan böyük zövq alıram”.

“Heç vaxt nağıl oxumamışam”

Əməkdar artist Sənubər İsgəndərli: “Mütaliə ilə aram çox yaxşıdır. Xatırlayıram ki, ilk dəfə “Hophopnamə”ni oxumuşam. Səhv etmirəmsə, 3-cü sinifdə oxuyurdum. Demək olar ki, kitabla yatıb-dururdum. Nə yalan deyim, heç vaxt nağıl oxumamışam. Mənə təsir edən əsərlərdən biri Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” əsəri olub. O əsərdəki Qətibənin xəyalları ilə yaşayırdım. Bir çox kitabları da rus dilində mütaliə etmişəm. Son illərdə məşhurluq qazanan Xalid Hüseyninin üç kitabını da oxumuşam. Rus klassiklərini çox sevirəm. Tolstoy, Lermontov, Dostoyevskini bəyənirəm. Şeir yadımda qalmasa da oxumağı xoşlayıram. Yesenini, Axmatovanı bəyənirəm. Ramiz Rövşənin, Vaqif Səmədoğlunun, Nüsrət Kəsəmənlinin şeirlərini sevirəm. Bir hadisəni danışım: bir dəfə telekanalların birində verilişdə çıxış edəndə dedim ki, şeir deməyi sevmirəm. Gəldim teatra, rəhmətlik Səyavuş Aslan bufetdə məni görüb dedi ki, gəl səni öpüm. Deyir elə bilirəm tək mən şeir deyə bilmirəm. Elə sevinirdi, elə bil şərikini tapmışdı. Deyirdi mən onu etiraf etməyə utanırdım”.

“O yazıçılar mənlik deyil”

Xalq artisti Faiq Ağayev: “Uşaqlıqdan tarixi romanları, dünya xalqlarının nağıllarını, fantastikanı çox xoşlayıram. Yerli yazarlardan Çingiz Abdullayevin əsərlərini böyük zövqlə oxuyuram. Əcnəbi müəlliflərdən isə Ustinovanı, Piter Ceymsi sevirəm, çünki beyinə rahatlıq verir, təzyiq altına salmır. Bir ara Murakamini, Koelyonu oxudum. Anladım ki, bu yazıçılar mənlik deyil, hansısa hissiyatımı qımıldatmadılar. Prinsipə Salman Rüşdinin “Gecəyarısının övladları” kitabını oxumağa başladım. Anlamaq istəyirdim ki, nəyə görə buna ölüm hökmü verilib. Başa düşdüm ki, buna önəm verdilər deyə belə populyar oldu. Onun ölümünə fitva verilməsəydi, inandırım sizi ki, Salman Rüşdi beynəlxalq mükafatları almazdı. O kitabı oxuya bilmədim”.

“O kitabdan təsirləndim”

Aparıcı Könül Arifqızı: “İstirahət zamanı kitab oxumağı sevirəm. Əsasən də mütaliəm ruscadır. Bu, yaralı yerimdir. Azərbaycanca oxuya bilmirəm. Halbuki, Azərbaycan bölməsində təhsil almışam. Amma rus dili müəllimim çox güclü idi, yaxşı yəhudi müəllimlərim olub. İndi ingilis dilində bədii kitab oxumağa başlamışam, istəyirəm o dili də inkişaf etdirim. “Mənim adım Qırmızı” əsərini oxuyanda çox əziyyət çəkirdim. O kitabı heç cür oxuyub qurtara bilmirəm. Sonuncu dəfə oxuyub, təsirləndiyim kitab Bulqakovun “Master və Marqarita”dır”.

“Mənə tez-tez kitab hədiyyə edir”

Əməkdar artist Kəmalə Müzəffər: “Deyim ki, kitab oxumağa çox sevirəm, yalan olar. Amma özümü məcbur edən insanlardanam. Kifayət qədər kitabım var, alıram, oxuyuram. Sağ olsun, Şahbaz Xuduoğlu, mənə tez-tez kitab hədiyyələri göndərir. Tələbə yoldaşımdır. Məsləhət bildiyi kitabı oxumağımı tövsiyə edir”.

“O vaxt kitabların sayı ilə fəxr edirdik”

Bəstəkar Aygün Səmədzadə: “Kitab oxumağa çox erkən başlamışam. Atamgilin evində də, bizdə də böyük kitabxanalar var. Orada açılmamış kitab səhifəsi yoxdur. Müxtəlif sahələri əhatə edən kitablardır. İndiki insanlara, bəlkə, qəribə gələr, bizə nə qədər qab-qacaq verilibsə, ondan qat-qat artıq kitab verilib. Məktəb vaxtı yay tətilindən qayıdanda oxuduğumuz kitabların sayı ilə fəxr edirdik. Amma bəzi kitabları vaxtından tez oxumuşam. O baxımdan, fikirləşirəm ki, nahaq valideynimin sözünə qulaq asmamışam. Başımıza yorğan çəkib fənərlə kitab oxumaq doğru deyildi”.

“Əli və Nino”nu da oxudum”

Xalq artisti Ramiz Novruz: “1937-ci ildəki siyasi elita ilə bağlı kitablar diqqətimi cəlb edir. Sonuncu dəfə kitabı ötən il oxumuşam. Sabir Rüstəmxanlının “Göy tanrı” kitabı təzə çıxanda oxumuşdum. “Əli və Nino” əsərini oxumamışdım, onu da oxudum. İsmayıl Şıxlının “Ölən dünyam” əsərini oxudum, çox möhtəşəm əsərdir. Vaxtını ötürdüyüm əsərləri daha çox oxuyuram. Müasir Azərbaycan ədəbiyyatından çox xəbərdar deyiləm. Mətbuatda çıxan şeirlərlə maraqlanıram. Bilirsiniz, ara-sıra özüm də yazıram. 20 Yanvar hadisələri ilə bağlı pyesim Gəncə Dövlət Teatrında səhnələşdirildi. “Hələ “sevirəm” deməmişdilər” əsəri “Azdrama”da tamaşaya qoyulub. 5 il getdi, sevindim ki, Qarabağ haqda yazılan zəif pyeslərin qarşısını kəsdi. Bir ara basqı çox oldu, direktorların əlinə şans düşmüşdü, deyirdilər axşam tamaşamız olacaq, gəlin baxın, ondan yaxşıdırsa, tamaşaya qoyaq. Neçə müəllif sağ olsun, pyeslərini götürüb getdilər”.

“O romanları çox sevirəm”

Aktrisa Günel Məmmədova: “Ceyn Eyr”, “Qürur və qərəz” romanlarını çox sevirəm. Hətta onu da deyim ki, “Qürur və qərəz”dəki Lizini oynamaq istəyirəm. Sadəcə olaraq, bu tamaşa bizim teatrda səhnələşdirilməyib”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər