Bu gün böyük Azərbaycan şairi, qəzəlxan Əliağa Vahidin anım günüdür. 1895-ci ilin bu günündə anadan olan Vahid 1 oktyabr 1965-ci ildə vəfat edib.
Vahidin Azərbaycanda sevilməsində və tanıdılmasında bəlkə də muğam qədər iş görən ikinci fakt “Qəzəlxan” filmi oldu. Film ağır müharibə illərində (1991-1992), komendant saatının nəzarəti altında, çox böyük çətinliklərlə lentə alındı. Filmin rejissoru mərhum Şahmar Ələkbərov, baş rolun ifaçısı isə Loğman Kərimovdu. O filmdən sonra insanlar Əliağa Vahidi daha çox sevməyə başladılar. Sanki Loğman Kərimovun sayəsində Vahid yenidən dirilmişdi.
Elə filmin çəkilməsinə səbəb də bu “dirilmə” oldu. Belə ki, mərhum Şahmar Ələkbərov lentə aldığı “Sahilsiz gecə” filmində Loğman Kərimova çox kiçik bir rol- faytonçu Əbülfət rolunu verir. Bu zaman akrtyoru (əslində Loğman Kərimov rejissordu- E.N) qrimdə görən Şahmar sevincindən qışqırıb deyir ki, Loğman sən yaxşı aktyorsan və böyük aktyor olacaqsan. Amma kimsə bilmir ki, o bu sözü niyə deyir. Sən demə, Loğmanı bu qrimdə görən Ş.Ələkbərovun ağlına ildırım sürəti ilə bir ideya gəlir. O, aktyoru Vahidə çox bənzətdiyindən film çəkmək və baş rolu da L.Kərimova vermək qərarına gəlir.
Film Loğman Kərimovun üzərində qurulub və ssenari də onun üçün yazılıb.
Filmin çəkiliş prosesində maraqlı bir əhvalat baş verir. Şahmar Ələkbərov Vahidi canlı görən, onunla çox ünsiyyətdə olan bir neçə Masazır ağsaqqalını, yəni Vahidin kəndlilərini çəkiliş meydanına gətirir. Bir zamanlar Vahidlə deyib-gülən, onunla ünsiyyətdə olan, indi isə ahıl çağını yaşayan Masasır qocaları Loğmanı qrimdə görən kimi heyrətlənirlər. Bəziləri “deyəsən Vahid gəlir”, bəziləri isə “əşi deyəsən nədi, bu elə Vahiddi” deyərk heyrətlənirlər. Amma Vahid 26 il əvvəl dünyasını dəyişmişdi. Loğmanı lap yaxından görən qocalar isə çox kövrəlirlər.
Elmin NURİ