13 Aprel 2016 14:29
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün rejissor Ramiz Həsənoğlunun doğum günüdür.

Ramiz Həsənoğlu 1946-cı il aprelin 13-də İrəvanda dünyaya gəlib. “Qatarda”, “Evləri köndələn yar”, “Topal Teymur”, "Kökdən düşmüş pianino", “Günahsız Abdulla”, “Оrdan-burdan”, “Yaşıl eynəkli adam”, “Ac həriflər”, “Nekroloq”, “Dəvətnamə” məşhur telefilmlərin, bədii filmlərin eləcə də teatr tamaşalarının müəllifidir.

“Milli televiziyanın inkişafında verdiyi töfhələrə görə” nominasiyası üzrə “Qızıl Pəri” Peşə mükafatının ilk qalibi olub, Аzərbaycan əməkdar incəsənət xadimi və Azərbaycanın xalq artisti аdlarına layiq görülüb.

Teleqraf.com bu gün 70 yaşını qeyd eləyən sənətkarla müsahibəni təqdim edir.

-Ramiz müəllim, yubileyiniz münasibətilə sizi təbrik edirik. Necəsiniz? Bu günü necə qeyd edirsiniz?
-Təşəkkür edirəm. Dostlarla görüşürəm, müəlliflərlə yazışıram. Axşamüstü isə dostlarla yığışıb, bu günü qeyd edəcəyik.

-İlk təbriki kimdən aldınız?
-Ən yaxın dostum Cavanşir Quliyevdən. Gecə saat birin yarısında...

-Bəziləri yaşının üzərinə yaş gələndə narahat olur. Siz necə?
-O barədə fikirləşməyə imkan tapmıram. Çünki həyat aşıb-daşan böyük bir burulğandır. Hələ kənara çəkilib xəyallara dalmaq vaxtı gəlib çatmayıb. İrəlidə görüləcək işlərimiz var. Eləcə də həyatımızda baş verə biləcək hadisələrə hərtərəfli hazır olmaq lazımdır.

-Çəkiliş meydançasında keçirdiyiniz hansı doğum gününü tez-tez xatırlayırsınız?
-Bunu indi dəqiq deyə bilmərəm. Amma yadımdadır ki, doğum günlərim həm teletamaşaların çəkilişi, həm də teatr tamaşalarımın məşq prosesi ilə çox üst-üstə düşüb. Onda da işgüzar şəraitdə qeyd etmişəm.

Yadımdadır, “Cavid ömrü”nü çəkəndə çəkiliş qrupu ilə Şamaxı istiqamətinə yollanmışdıq. Orda çəkiliş arası hamı çay süfrəsi arxasında oturub, məni təbrik etdi.

-Hansı hədiyyələri daha çox sevirsiniz?
-Hədiyyə almağı hamı çox sevir. Mənim üçün ən böyük hədiyyə sevdiyim insanların, övladlarımın yanımda olmağıdır.

-Bu gün Ətayə xanımı (Ramiz Həsənoğlunun anası, mərhum aktrisa Ətayə Əliyeva-red.) anmadan keçməyək...
-Mən anamı hər gün xatırlayıram, onunla bağlı xatirələr hər gün içimdədir. Doğum günüm, yaxud qeyri günlər, fərqi yoxdur, anam həmişə mənimlədir. Eləcə də atam.

-Müsahibələrinizdən birində demisiniz ki, nə aktyor, nə də rejissor olmaq istəmisiniz...
-Uşaq vaxtı bu sənətlə məşğul olmaq fikrim yox idi. Sadəcə həyatın elə bir mərhələsi gəlib çatır ki, artıq seçim etməlisən. 20 yaşımda qərar verdim ki, bu sənətdə özüm üçün yol açmalıyam. Şükür Allaha, ətrafdakı insanlar, hadisələrin gedişatı mənim bu sənətlə məşğul olmağıma zəmin yaratdı. Çox sevinirəm ki, belə gözəl sənətkar ailəsində doğulmuşam, yaxşı müəllimlərim olub. Sevinirəm ki, Allah məni bu cür yaradıb.

-Çəkiliş meydançası yoxsa teatr səhnəsi - hansı daha əzizdir?
-Yaradıcı proses mənim üçün əzizdir. Bu istər çəkiliş meydançasında, istərsə də səhnədə olsun. Fərqi yoxdur... Şərt deyil ki, sən bu dəqiqə səhnədə, yaxud çəkiliş meydançasında olasan, əsas odur ki, o proses öz daxilində getsin. Hətta evdə yazı masasının arxasında nəyisə oxuyub, yazıb, düşünürsənsə və bunlar gələcəkdə sənin hansısa bir işinin reallaşdırmağına gətirib çıxaracaqsa, inanın, bu özü-özlüyündə xoşbəxtlikdir.

-Bəs indi Ramiz Həsənoğlunun masasının üzərində nələr var?
-İndi kompyuterin arxasında oturub, yazılan təbrikləri gözdən keçirirəm.

-Sizcə, son illərin hadisə adlandıra biləcəyiniz filmi hansıdır?
-Elçin Musaoğlunun “Nabat” filmi...Bu, hadisə idi. Sevinirəm ki, Azərbaycanda belə istedadlı rejissorlarımız var. Başqa rejissorlar da var, onların da işlərini izləyirəm. Uğurlu işlərini görəndə onların özlərindən də çox sevinirəm.

Biz 1993-cü ildə Azərbaycan Televiziyasında “Sabah” yaradıcılıq birliyini yaratdıq. Və bir çox gənc rejissorlar debütlərini məhz orda etdilər. Onların arasında Elxan Cəfərov da var idi. O hazırda Azərbaycanın ən yaxşı kinorejissorlarından biridir.

-Gənc yaşlarınızdan bu sənətlə məşğul olursunuz. Onda, yoxsa indi gənclərin özünü realizə etməsi üçün daha yaxşı imkan, şərait var?
-Bilirsiniz, hər dövr öz təzahürləri ilə gəlir. Şəraiti yaratmırlar, şəraiti qazanırlar. Şərait özü- özlüyündə yaranmır. Bir neçə faktor üst-üstə düşməlidir ki, iş görülsün və ortalığa çıxsın.

-Ramiz müəllim, bilirəm ki, sosial şəbəkələrlə aranız çox yaxşıdır.
-Sosial şəbəkələrdə son bir ildir aktiv olmuşam. Bu da həyat tərzimlə bağlıdır, boş vaxtım olanda sosial şəbəkəyə daxil olub, məni maraqlandıran materialları gözdən keçirirəm.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər