Film Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 2016-cı ilin Dövlət Mükafatlarına təqdim olunub.
2015-ci ilin yanvar ayın 9-da Nizami kino mərkəzində Azərbaycan kinematoqrafı üçün əsl hadisə olan 2 hissəli “Fədakar” bədii-sənədli filmi təqdim olundu. Janr etibarı ilə ərsəyə gəlməsi heç də asan olmayan bu ekran əsəri Azərbaycanın qocaman neftçilərindən biri, əsl zəhmət adamı, akademik Xoşbəxt Yusifzadənin təzadlı həyat hekayələri əsasında lentə alınıb. O vaxtdan bu günə qədər bu film barədə düşüncələrimi toplayıb qələmə almaq fikri bir an belə məni tərk etməyib.
Qələmə almaq istədiyim o yazını daim beynimdə daha da zənginləşdirib cilalamışam və düşünmüşəm ki, fikrilərim, düşüncələrim “Fədakar”ı ərsəyə gətirən fədakar yaradıcı heyətin zəhmətinin layiqli qiymətinə uyğun olsun. Və bu yaxınlarda təsadüfən “Azərtac” ın internet səhifəsində Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı ilə rastlaşdım. Məlumatda elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 2016-cı ilin Dövlət Mükafatlarına təqdim olunan işlərin arasında 2 hissəli “Fədakar” bədii-sənədli filminin adını görəndə çox sevindim və film barədə düşüncələrimi varaqlara köçürməyin vaxtının çatdığını başa düşdüm.
Film 2015-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sifarişi, "SOCAR-Media" İctimai Birliyi tərəfindən PSG Production MMC-də istehsal edilib. Qeyd edim ki, bu maraqlı ekran əsəri Azərbaycanın qocaman neftçi-alimi, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin "Ömrümün illəri və izləri" adlı məşhur kitabı əsasında çəkilmişdir.
Əvvəlcə qeyd edim ki, filmin yaradıcıları uşaq yaşlarından məhrumiyyətlər içində böyüyüb, öz inadkarlığı, əməksevərliyi, biliklərə yiyələnmək istəyi ilə seçilən bir kəndli balasının keçdiyi mürəkkəb həyat yolunu ustalıqla əks etdirmişlər. 1930-cu ildən bu yana xalqımızın yaşadığı tarix həmin inadkar uşağın həyat hekayəsinin süjet xəttini təşkil edir.
Repressiyalar, təhdidlər, müharibə, aclıq və s. filmin dramatik səhnələrini təşkil etməklə tamaşaçını haldan-hala salır, bəzən kövrəldir, güldürür, təəccübləndirir, düşündürür, bəzən də, xəyallara qərq edir. Bir tamaşaçı kimi deyə bilərəm ki, indiyə kimi baxdığım hər hansı bir ekran əsərinin bu film qədər tamaşaçı ovqatına hakim kəsilsini, onu eyni zamanda müxtəlif hisslər keçirməyə vardar etməsini görməmişəm. Obrazların ifaçıları, aktyor heyəti o qədər ustalıqla seçilib ki, tamaşaçı özündən asılı olmayaraq filmdəki hadisələrin baş verdiyi zamanda özünü hiss edir. Filmin yüksək peşəkarlıqla işlənmiş ədəbi ssenarisini rejissorun uğurlu quruluşu və operator peşəkarlığı tamamlayır. Bu vəhdətin nəticəsidir ki, bu gün haqqında söhbət açdığımız, 2016-cı ilin Dövlət Mükafatlarına təqdim olunan və buna həqiqətən layiq olan bir ekran əsəri yaranıb.
Filmdə Xoşbəxt Yusifzadə obrazı əslində fədakar Azərbaycan neftçilərinin ümumiləşdirilmiş obrazıdır. Bu obraz filmdə bədii təsvir vasitələrinin gücü, aktyor məharəti ilə Xəzər dənizinin təlatümlü, fırtınalı qoynunda özünün ən yüksək vətəndaşlıq keyfiyyətlərini nümayiş etdirir, insanı halal zəhmətin, əməyin təntənəsinə inandırır. Bu obraz, hörmətli Xoşbəxt müəllimin təbirincə desək, öz ömür ağacını zəhmət təri ilə sulaya-sulaya boya-başa çatdıran, ucalan, bar verən və uzun ömür sürən bir azərbaycanlının kino dili ilə çəkilmiş portretidir.
Filmdə ötən əsrin 50-ci illərindən başlayaraq Azərbaycanda neft sənayesinin keçdiyi şərəfli inkişaf yolu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Respublikada neft və qaz sənayesinin inkişafı üçün gördüyü unudulmaz işlər ustalıqla təqdim olunub. Həmin tarix gözlərimizin önündən bu kinonun lenti ilə keçə-keçə şəxsiyyətin əzəmətini, zəhmətinin şahidi olursan. Belə bir deyim də var ki, tarixi şəxsiyyətlər yaradır. Doğurdan da Azərbaycan tarixinin müəyyən hissəsi məhz Heydər Əliyevlə bağlı olduğuna görə onun yaratdığı tarix bu filmin epizodlarından çox aydın görünür. Ulu Öndəri Xoşbəxt Yusifzadə ilə yaxınlaşdıran isə qocaman neftçinin əməksevərliyi, doğru-dürüstlüyü və elmi zəkası idi. Filmdə H.Əliyevin öz dilindən əsərin qəhrəmanı haqqında səslənən fikirlər çox maraqlıdır və yaradıcı heyət ekran əsərində Ulu Öndəri təqdimatını özünəməxsus şəkildə, tamaşaçıda nastalji hisslər yaradan bir formada verib.
Filmdə həm də bu günümüz öz əksini tapıb. Maraqlıdır ki, tamaşaçının iki saat ərzində izlədiyi bir həyat hekayəsinin qəhrəmanı, 1930-cu ildən bu günümüzə qədər olan tarixin şahidi lap sonda onun qarşısına çıxır və filmdə göstərilənlərin sadəcə bir film yox əsl həyat həqiqətləri olduğunu sübut edir. Filmdə baş qəhrəmanın özünün də iştirakçısı olduğu, Ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qlobal neft layihələri və onları gerçəkləşdirən insanların fəaliyyəti də geniş əks etdirilmişdir. Yaxın tarixi və yaranmaqda olan tarixi görürük filmdə. Ölkəmizin bu günkü inkişafını təmin edən, ulu öndərin misilsiz zəhməti hesabına başa gələn işlərin, eləcə də, hazırda Ölkə başçısının həyata keçirdiyi irimiqyaslı layihələrin film boyu təqdimatı şərəfli tariximizi canlandırır, iqtisadi qüdrətimizi nümayiş etdirir.
Film həm ötən əsrin 30-cu illərindən bu günə qədər xalqımızın yaşadığı tarixi dövrü, həm də, xalqımızın ailə ənənələrini, məişətini, mədəniyyətini geniş əks etdirməklə gələcək nəslin milli ruhda tərbiyə olunmasında, onlarda halal zəhmətə, fədakar əməyin qələbəsinə inam yaratmaqda əvəzsiz rola mailk olacaqdır. "Fədakar" filmində obrazları 60-dan çox aktyor, o cümlədən Azərbaycanın xalq artistləri, əməkdar artistlər canlandırb. Filmin yaradıcıları bədii səhnələri real həyatla üzvi surətdə ustalıqla uzlaşdıra biliblər.
Filmin ərsəyə gətirən yaradıcı heyətin gərgin əməyi də barsız olmayıb. Filmin özündə də, yaranmasında da halal əməyin təntənəsi, qələbəsi var. Ekran əsərinin ssenari müəllifi Eldar İskəndərzadənin, quruluşçu rejissoru Vasif Məmmədzadənin, quruluşçu operatoru Rafiq Quliyevin yüksək peşəkarlığı göz önündədir. Mənə elə gəlir ki, kinoşünaslar bu maraqlı film haqqında hələ öz sözlərini deməyib. Güman edirəm ki, zaman-zaman bu film yaxşı mənada müzakirələrə səbəb olacaq, diqqət çəkəcək, kino tədqiqatçılarının araşdırma predmetinə çevriləcəkdir.
Mənə elə gəlir ki, bu film Azərbaycan mədəniyyətində, kino tarixində hadisədir. Eyni zamanda film Azərbaycan xalqının müəyyən tarixi dövrünün epopeyasıdır. Bu mənada 2 hissəli “Fədakar” bədii-sənədli filminin Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 2016-cı ilin Dövlət Mükafatlarına tam layiq görülməsi alqışalayiq hadisə olardı.
İdris Şükürlü
Azərbaycan Respublikasının Əməkdar jurnalisti