Karate üzrə Almaniya yığması “Bakı-2015” birinci Avropa Oyunlarına böyük ümidlər bəsləyir.
Bakıdakı mötəbər yarışa 5 karateçi ilə qatılacaq Almaniya yığmasının heyətində 3 kişi və 2 qadın idmançı yer alıb. Yarışlarda Rikardo Gieqler 67, Noah Biç 75, Conatan Horne 84, Jasmin Bleul və türk əsilli Duyğu Buğur isə 50 kiloqram çəki dərəcələrində güclərini sınayacaqlar. Onların arasında Avropa çempionatının qızıl, dünya birinciliyinin isə gümüş mükafatçıları da var.
Türk əsilli idmançı Duyğu Buğur çıxış etdiyi çəki dərəcəsində iki dəfə dünya ikincisi olub. Karate üzrə Almaniya millisinin heyətində “Bakı-2015”də iştirak edəcəyindən məmnunluğunu bildirən 23 yaşlı idmançı birinci Avropa Oyunları ilə bağlı gözləntilərini alman mətbuatı ilə bölüşüb. İdmanın bu növü üzrə 15 ildən çox müddətdə bir sıra mötəbər turnirlərə qatılan Duyğu Buğur mükafat kolleksiyasında qızıl medalın olmadığını deyib. O, buna görə də Bakıda qızıl medal qazanmağı qarşısına məqsəd qoyduğunu bildirib.