9 May 2015 01:31
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saymon Kleq: "İnanırıq ki, bütün dünyanın diqqəti Azərbaycana yönələcək"

Britaniyanın gündəlik “London Evening Standard” qəzetində jurnalist Yan Valkerin “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı geniş məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin müsahibəsinə də yer verilib.

Müsahibədə artıq 30 aylıq hazırlıqları geridə qoyduqlarını bildirən Saymon Kleq bu Oyunların ən çox tələb olunan layihə ola biləcəyini, belə bir mötəbər tədbirin ilk dəfə keçiriləcəyini qeyd edib.

Bu vəzifədə olmağın böyük üstünlüklərindən danışan Saymon Kleq bununla Avropada idman tarixini yaradacağına ümidvar olduğunu qeyd edib. “İdman dəyişiklik üçün böyük katalizator ola bilər. Biz inanırıq ki, bütün dünyanın diqqəti Azərbaycana yönələcək. Azərbaycan xalqının dostluğu diqqət mərkəzində olacaq.

Biz artıq bir çox komandaları bir yerə yığa bildik. Bakı Olimpiya Stadionunun 68 min tamaşaçı yeri var. Stadiondan kənarda daimi, dəyişən işıqlar və film nümayişi olacaq. Bakı dünyanın ən cazibədar şəhərlərindən biridir. Biz artıq yerli mühitə uyğunlaşmışıq.

Düşünürük ki, Avropa Oyunları bu ölkəni yeni məcrada təqdim edəcək və ölkənin gələcəyinə mühüm təsir göstərəcək”.

Müəllif məqalədə Böyük Britaniyadan tanınmış boksçu Nikol Adamsın, tennisçi Kelli Siblinin, taekvondoçu Ceyd Consun, Keti Teylorun, irlandiyalı boksçuların və digər məşhur idmançıların Avropa Oyunlarına qatılacaqlarını diqqətə çatdırıb.

Yazıda Avropanın 6 mindən çox idmançısının 17 gün ərzində 16 Olimpiya və 4 qeyri- Olimpiya yarışlarında iştirak edəcəkləri bildirilib. Bunlardan 12-nin Rio Olimpiyadasına lisenziya xarakteri daşıyacağı qeyd olunub.

Məqalədə Tofiq Bəhramov adına Stadion, Milli Gimnastika Arenası və digər idman qurğuları barədə ətraflı məlumat verilir. Şəhərin və hər bir müasir tikilinin möhtəşəm cəlbedici işıqları ilə axşamlar daha da canlanmağa başladığını bildirən müəllif Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu diqqətə çatdırır.

Məqalədə Bakının gələn il “Formula-1” üzrə Avropa Qran-pri yarışlarına, eləcə də 2020-ci il futbol üzrə Avropa çempionatının dörd oyununa ev sahibliyi edəcəyi vurğulanır.


Müəllif:

Oxşar xəbərlər