13 May 2015 13:50
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisad Universitetinin prorektoru: “Təmənnasız xidmət tələbələr üçün də əhəmiyyətlidir”

"Bakı-2015" I Avropa Oyunlarına bir ay vaxt qalıb. Beynəlxalq tədbirə Avropa Olimpiya Komitəsinə üzv ölkələrin 5 min nəfərədək idmançısının qatılacağı nəzərdə tutulub. Dünyanın müxtəlif şəhərlərindən yarışları izləməyə gələn seyrci sayının 100 mini keçəcəyi gözlənilir.

Avropa Oyunları Əməliyyat Komitəsindən verilən məlumata görə, olimpiya oyunlarına dəstək məqsədilə ölkəmizdən 12 min əsas heyətdə, 6 min isə ehtiyat heyətdə olmaqla, ümumilikdə 18 min könüllü iştirak edəcək. Əsas tərkibi gənclərdən ibarət olan bu könüllülərin çoxu tələbələrdir.

Ötən həftə Avropa Oyunları Təşkilat Komitəsində bir neçə ali məktəb rəhbərliyinin iştirakı ilə iclas keçirilib. Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) prorektoru Səadət Qəndilovanın bildirdiyinə görə, həmin iclasda Bakı Dövlət, Dillər və Dövlət İqtisad universitetləri, eləcə də, Neft Akademiyasının Avropa oyunları üzrə məsul şəxslərinə onların tələbələrinin məşqlərdə mütəşəkkil iştirakına görə təşəkkür edilib.

Bütün ali təhsil müəssisələrinin tələbələri Avropa oyunlarında açılış-bağlanış və əməliyyat mərasimi üzrə keçilən təlimlərdə fəal və intizamlı iştirak edirlər.

Könüllü tələbələrin sayı iki dəfə artıqdır

ADİU prorektorunun sözlərinə görə, "Bakı-2015" I Avropa Oyunlarının açılış-bağlanış və əməliyyat komitəsinin işçiləri tərəfindən universitetin bütün tədris binalarında təqdimatlar keçirilib. Bu tədbirlərdə tələbələr arasında maarifləndirmə işləri, görüşlər təşkil olunub. ADİU-dan I Avropa oyunlarına 3 mindən çox könüllü tələbə qatılıb: "Avropa oyunları ilə əlaqədar universitetimizdən tələb olunan tələbə sayı 1471 nəfər olsa da, hazırda universitetin 2984 tələbəsi Avropa Oyunları üzrə təşkilat komitəsində qeydiyyatdan keçib.

Bu tələbələrdən 2752 nəfəri əməliyyat könüllüləridir, onların 232-sı isə açılış-bağlanış mərasimində iştirak edəcəklər. Amma bu rəqəmlər son deyil. Bundan əlavə mərasimlərdə iştirak edəcək, adı sistemdə olan, amma siyahıya alınmayan daha təxminən 100-dək tələbəmiz var ki, yaxın vaxtlarda onların da siyahıya alınacağı gözlənilir".

Qeyd edək ki, ADİU-nun bakalavriat üzrə 17128 tələbəsi var.

Səadət Qəndilova bildirdi ki, universitetin bir qisim tələbəsi bu prosesə fərdi olaraq qoşulublar, hətta bəziləri orada işə düzəlib və ödənişli xidmət göstərir. Onlar universitetin göndərişi ilə deyil, müstəqil iştirakçıdırlar: “Gələcəyin ziyalısı olan tələbələrin bu işlərdə təmənnasız xidmət göstərməsi həm ölkəmiz, həm də bu gənclərin özləri üçün əhəmiyyətlidir. Bu proseslər tələbələrə milli vətənpərvərlik ruhunu aşılayır. Digər tərəfdən, ölkəmizə gələn qonaqları ruh yüksəkliyi ilə qarşılamaq tələbələrdə qonaqpərvərlik mədəniyyətinin olmasını göstərir. Ən başlıcası, bu beynəlxalq tədbirdə könüllü iştirak Azərbaycana xidmət deməkdir ki, tələbələr üçün bundan şərəfli nə iş ola bilər?"

Oyunlarda İqtisad Universitetinin iki idmançısı təmsil olunur

Səadət Qəndilova onu da bildirdi ki, ADİU-nun bir müəllim və bir tələbəsi bu oyunlarda birbaşa idmançı kimi iştirak edir: "Kişi voleybol komandasının kapitanı Fərid Cəlalov bizim universitetin məşqçi-müəllimidir. Digəri isə universitetimizin məzunu Alina Rəfixanovadır. O bir illik müqavilə əsasında stend-atıçılığı üzrə yarışlarda bizim ali məktəbi təmsil edəcək.

Onu da deyim ki, Alina Rəfixanova stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahətdinovanın tələbəsidir".

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər