21 May 2015 13:16
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündən sonra Azərbaycanda I Avropa Oyunları keçiriləcək. Bu möhtəşəm idman yarışının Bakıda keçirilməsi heç də təsadüfi deyil. Son 10 il ərzində Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib.

Məsələyə münasibət bildirən Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov deyib ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları ölkəmizin və ümumilikdə Cənubi Qafqazın mədəni həyatında olduqca əlamətdar bir hadisədir.

Onun sözlərinə görə, bu hadisə Azərbaycanın uzaq perspektivə hesablanmış bir çox tarixi nailiyyətlərinin əsasını qoyacaq: “Heç şübhə yoxdur ki, dövlət bu Oyunları təşkil edərkən biznes maraqları güdmədi və bununla da sanki şahmat taxtası arxasında Avropaya özünəməxsus gedişlərini diktə etdi. Bu, birinci növbədə Azərbaycana qarşı yönəldilən qarayaxma kampaniyalarında ”Oyunlara qoyulan vəsaitin səmərəsiz olacağı barədə" iddiaları puça çıxardı. Vətəndaş cəmiyyətinin dəstəyi dövlətə qarşı yönələn hücumları zəiflətdi. Bununla da sübut olundu ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ideyasının dəstəklənməsində xalq dövlətlə yekdildir. Dövlət bu idman yarışının keçirilməsində özünün biznes maraqlarını deyil, ölkənin prespektiv inkişafı üçün hazırkı şəraitin gələcəkdə genişləndirilməsi ideyasını üstün tutdu. Çünki ərazisinin 20 faizi işğal altında olan ölkənin gələcək inkişafı üçün daha geniş və etibarlı dəstəyə ehtiyacı var. Odur ki, bu Oyunlara qoyulan vəsait nəzərdə tutulduğundan bir neçə dəfə çox olsaydı belə, Azərbaycana ziyan gətirməyəcəkdi".

F.İsmayılov bildirib ki, bir çox ekspertlər, Oyunların vətəndaşların sosial bazasına müsbət təsir göstərəcəyini qeyd edirlər: “Belə ki, Oyunlar ərəfəsində Azərbaycana başlanan turist axını ölkədə manatın məzənnəsinin möhkəmlənməsinə səbəb olacaq. Turistlərin vasitəsi ilə ölkəyə daxil olan valyuta hesabına, bir neçə ay bundan öncə manatın devalyasiyası səbəbindən baş verə biləcəyi ehtimal edilən inflyasiyanın qarşısı alınacaq, ərzaq bazarında qiymətlərin artım tempi aşağı düşəcək. Azərbaycan özünü dünyaya daim inkişafda olan stabil bir ölkə kimi tanıdacaq, bu isə ölkəyə investisiyaların cəlb edilməsində mühüm amildir.

Azərbaycana gələn hər bir turist biləcək ki, bir çox dünya dövlətlərindən fərqli olaraq Azərbaycan tolerant bir ölkədir, milli, irqi, dini ayrı-seçkilik baş vermir. Onlar şahid olacaqlar ki, burada milli azlıqların heç bir problemləri yoxdur".

Təşkilat rəhbəri onu da qeyd edib ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi hadisədir: “Bu hadisəyə görə Azərbaycanın adı əbədi olaraq xatırlanacaq. Bu xatırlanma ölkə ətrafında müsbət imicin formalaşmasına səbəb olacaq və ölkəyə gələnlərin sayı çoxalacaq. Bu isə Azərbaycanda turizm sektorunun genişlənməsinə və inkişafına səbəb olacaq.

Avropa Oyunlarından sonra idman qurğuları və idman tikintiləri əhalinin sağlamlığı üçün müxtəlif tədbirlərdə istifadə olunacaq və ya idman oyunları üçün istifadə ediləcək".

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, I Avropa Oyunları ölkə üçün kifayət qədər əhəmiyyətli hadisədir: “Doğrudur, biz hadisənin miqyasını və siyasi əhəmiyyətini kifayət qədər dərk etmirik. Amma bu Oyunlar birmənalı şəkildə ölkənin dünyada tanınması, Qarabağ probleminin həllində müyyən təsirlərə malik olacağına əminəm. O cümlədən Azərbaycanın mədəniyyəti və sivil bir ölkə olması ilə bağlı xaricilərin indiyə kimi yanlış düşüncəsinin dəyişməsində öz təsirini göstərəcək”.

M.Zeynalova təəssüflə qeyd edib ki, hələ də bir çox ölkələrdə Azərbaycanın mədəniyyəti, insanları, onların dünyagörüşü haqqında doğru-dürüst məlumat yoxdur: “I Avropa Oyunları Azərbaycanla bağlı bir çox düşüncələrin dəyişməsinə mühüm təkan verəcək. Bir məsələ çox vacibdir, bu Oyunlarda hər bir vətəndaş həm ölkənin imicinin qorunmasına, həm də təhlükəsizliyinə görə aktivlik nümayiş etdirməli və bu məsuliyyəti anlamalıdır”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər