3 İyun 2015 11:57
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

“I Avropa Oyunlarının Məşəli Azərbaycanın ayrı-ayrı bölgələrində və paytaxtda daşınır. Onu Azərbaycanın tanınmış şəxsləri ilə yanaşı, veteran idmançılar da daşıyacaq. Onlardan biri də mənəm”.

Bu sözləri Teleqraf.com-a yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurov deyib.

Veteran idmançı bildirib ki, Məşəli iyunun 12-də keçiriləcək açılış mərasimi zamanı Bakı Olimpiya Stadionuna kimin gətirəcəyi tam məxfidir.

F.Mansurov “Bakı 2015"-də Azərbaycanın bütün idmançılarından medal gözlədiyini açıqlayıb: ”Bütün idmançılarımıza, o cümlədən, güləşçilərimizə uğurlar arzulayıram. Güləşçilərimiz olimpiadalardan yüksək nəticələrlə qayıdıb. İnanıram ki, Avropa Oyunlarında da digər idman növləri ilə paralel olaraq, uğurlar qazanacaqlar".

2004-cü il Afina Yay Olimpiya Oyunlarının qalibi olan F.Mansurov I Avropa Oyunlarında özü və digər veteran olimpiya çempionlarının iştirak edə bilməməsi ilə bağlı da danışıb: “Bilirdik ki, nə vaxtsa Azərbaycanda belə mötəbər yarış keçiriləcək. Amma bu qərar dövlət tərəfindən verilir. İdmançı həmkarlarımızdan Namiq Abdullayev, Elnur Məmmədli də düşünür ki, bu Oyunlar bizim dövrümüzə təsadüf etsəydi, yaxşı olardı. Biz də Avropa Oyunlarının iştirakçısı olardıq. Amma buna baxmayaraq, Oyunları paytaxtımızın qəbul etməsi çox böyük uğurdur. Veteran idmançılar kimi özümüzü ruhən xalça üzərində hiss edirik. Bütün idmançılarımıza uğurlar arzulayırıq”.

Qeyd edək ki, Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində Olimpiya Stadionuna Məşəli kimin gətirəcəyi tam məxfidir. Ölkəmizin digər adlı-sanlı idmançıları kimi Mansurov da son məşəlçi olmağa namizədlərdəndir.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər